Belçika “Standard”ı peşəkar klub statusundan məhrum edilə bilər.
Qol.az Belçika mətbuatına istinadən xəbər verir ki, klub növbəti mövsüm üçün lisenziyalaşdırma prosedurundan keçməyib. Çünki Lyej təmsilçisi fevral ayı üçün 8 futbolçusuna 1 milyon avrodan çox bonuslara görə ödəniş verdiyini təsdiqləməyib. Ümumiyyətlə, 2019-cu ildən klubda ciddi maliyyə itkiləri olduğu vurğulanıb.
Bildirilib ki, “Standard” aprelin 14-ə kimi şikayət etmək hüququna malikdir. Klub hələ də peşəkar lisenziya almasa, növbəti mövsüm ancaq Belçikanın üçüncü divizionunda iştirak edə biləcək.
“Standard”dan başqa, əsas liqada oynayan “Royal Eksel Muskron” və “Ostend” klublarının da peşəkar lisenziya ala bilmədiyi vurğulanıb.
Qeyd edək ki, “Standard” 1898-ci ildə yaradılıb. Klub tarixi ərzində 10 dəfə Belçika çempionu, 6 dəfə Belçika kubokunun sahibi olub.