“Bu gün Bakı şəhəri ölkədə koronavirusa yoluxmanın ən çox qeydə alındığı yerdir. Bunu açıqlayırıq, amma yenə də məsuliyyətsiz davrananlar var”.
Oxu.Az-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Onun sözlərinə görə, hazırda Naxçıvan da daxil olmaqla, Azərbaycanın bütün şəhər və rayonlarında koronavirusa yoluxma faktı qeydə alınıb:
“Amma rayonlar və kəndlər üzrə ayrıca statistikanın açıqlanmasına ehtiyac yoxdur. Bakı da daxil olmaqla, ən ucqar kəndə qədər virus qeydə alınıb. Hazırkı vəziyyətdə əhalinin ən böyük məsuliyyəti evdə qalmaqdır”.
O qeyd edib ki, martın 27-dən “Yeni klinika”ya koronavirusa yoluxan ağır xəstələrin yerləşdirilməsinə başlanılıb:
“Hazırda ölkə üzrə koronavirusa yoluxan aktiv xəstələrdən 37-nin vəziyyəti ağırdır. Həmin xəstələrin 20-dən çoxu “Yeni klinika”da müalicə alır”.