İqtisadiyyat

Mərkəzi Bankın sədri manatın məzənnəsi barədə

“Qarşıdakı dövrdə biz makroiqtisadi və maliyyə sabitliyini qorumalıyıq, pandemiyadan, bu məhdudlaşmadan əziyyət çəkən əhaliyə və biznes-iqtisadiyyata dəstək verməliyik. Üçüncü, olduqca önəmli məsələ bütövlükdə bu situasiya qurtarandan sonra əhalimizi və iqtisadiyyatımızı normal həyata qaytarmaqdır. Biz bunun üçün lazımi tədbirləri indidən görməliyik”.

Qaynarinfo xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş 2020-ci ilin I rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə bildirib.

Mərkəzi Bankın sədri çıxışını belə davam etdirib:

“Burada artıq biz mümkün hadisələri, mümkün inkişaf ssenarilərini düşünməliyik, proqnozlaşdırmalıyıq. Hər bir ssenariyə hazır olmalıyıq. Yəni, Siz dediyiniz kimi, indi ən mühüm məsələ qeyri-müəyyənlikdir. Heç kim bilmir bu hadisələr nə qədər davam edəcək, bunun təsiri nə olacaq. Beynəlxalq təşkilatlarda ciddi bədbin proqnozlar var və bu proqnozlara, yəni biz hər şeyə hazır olmalıyıq və buna uyğun öz resurslarımızla manevr edərək siyasət reaksiyaları yaratmalıyıq.

Biz milli valyutamızın məzənnəsinin qorunması istiqamətində işlərimizi davam etdirəcəyik. OPEC+ danışıqlarının uğurla nəticələnməsi hesab edirəm ki, həm bizim ticarət və tədiyə balansımız üçün və bütövlükdə ilin sonuna valyuta ehtiyatlarımızın proqnozlaşdırılması üçün yaxşı xəbərdir. Lakin bilirsiniz ki, dünyada iqtisadi tələbatın aşağı düşməsi, bütövlükdə iqtisadiyyatda olan tələbat imkan vermir ki, neftin qiyməti kəskin qalxsın. Amma düşünürük ki, biz ilin sonuna qədər valyuta bazarında sabitlik yarada biləcəyik.

Maliyyə sabitliyi diqqətimizdədir və bu, daimi monitorinqdədir. AMB situasiyanı izləyir və burada qarşıya çıxan problemləri təbii ki, biz Maliyyə Sabitliyi Şurasında müzakirəyə çıxaracağıq. Bütövlükdə pandemiyadan əziyyət çəkmiş sahələrə AMB-nin müntəzəm yumşaltma tədbirləri, yəni hökumətin atdığı addımlarla sıx əlaqədə tətillərin verilməsi məsələlərinə baxılıb. Bu günlərdə Maliyyə Sabitliyi Şurasının iclasının keçirilməsini planlaşdırırıq. Biz bu təklifləri, o cümlədən də valyuta tənzimlənməsi sahəsində atacağımız addımları Maliyyə Sabitliyi Şurasının müzakirəsinə çıxarandan sonra Sizə məruzə olunacaq və ondan sonra lazımi addımlar atılacaq”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir