Cəmiyyət

Dövlətin koronavirusa qarşı sosial-iqtisadi paketi: 50 min iş yeri, işsiz ailələrlə bağlı planlar – ŞƏRH

Azərbaycanda koronavirus pandemiyasının yaratdığı iqtisadi problemlərin aradan qaldırılması və ya minumuma endirilməsi istiqamətində çoxşaxəli addımlar atılır.

Ölkədə koronavirus pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülür, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır.

Koronavirus pandemiyası ilə əlaqədar məşğulluğun və sosial rifahın dəstəklənməsi prosesi Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilir.

Dövlətin iqtisadi və sosial tədbirlər paketinin əsasında vətəndaşların sosial rifahının yaxşılaşdırılması və əhalinin sağlamlığının qorunması ön plana çəkilir.

Prioritetlərin nəzəri olaraq müəyyənləşməsi və onun praktiki tətbiq arealı artıq öz effektini verməkdədir.

3.5 milyard manatlıq paket, əmək müqavilələrində artım

Azərbaycanda koronavirusun iqtisadiyyata zərərinin qarşılanması üçün lazım olan məbləğ ilk vaxtlar bir milyard manat həcmində dəyərləndirilirdi.

Təbii ki, dövlətin iqtisadi-maliyyə resurslarının limiti bununla yekunlaşmadı, bundan sonra hökumət sosial-iqtisadi paketin həcmini genişləndirərək, bu vəsaiti 2,5 milyard manat həcminə qədər qaldırdı.

Prezident İlham Əliyevin verdiyi son tapşırıqlar nəticəsində isə bu iqtisadi paketin 3,5 milyard manatı ötəcəyi gözlənilir.

Prezident İlham Əliyev dəfələrlə iş yerlərinin ixtisar edilməməsi üçün sahibkarlara çağırış etməklə, həmin sahibkarlara ictimai-sosial məsuliyyətini xatırladıb.

Bu çağırış öz effektini verməkdədir, bununla paralel olaraq hökumət dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin əməkhaqqı gəlirlərinin qorunması üçün məqsədyönlü işlər aparır.

Bu məqsədlə elektron sistem üzərindən gündəlik nəzarət həyata keçirilib. Ümumilikdə 1 milyon 629 min işçinin – dövlət sektoru üzrə 910 min, özəl sektor üzrə 719 min işçinin əməkhaqqı -saxlanmaqla məşğulluğu təmin edilib.

Əmək müqavilələrin sayında isə azalma deyil, əksinə, artım baş verib.

Təkcə bu ilin 1-17 aprel tarixlərində əmək müqavilələrinin sayında 55 min artım qeydə alınıb. Ümumilikdə isə bu ilin yanvarından etibarən 77 min artım olub.

300 mindən çox muzdlu işçinin əməkhaqlarının bir hissəsini dövlət qarşılayır və 300 min fərdi sahibkara dəstək verilir.

Əhalinin məşğulluq imkanlarının artırılması

Koronavirusla əlaqədar xüsusi karantin rejimi dövründə məşğulluq orqanlarının fəaliyyəti gücləndirilib.

DOST İş Mərkəzi vasitəsilə aprel-may ayları üzrə 50 min ödənişli ictimai iş yerinin yaradılmasına başlanılıb. Bunun üçün 30 milyon manat vəsait ayrılıb. Artıq beş min şəxs işə cəlb edilib.

Ümumilikdə isə ictimai iş yerlərinin sayı 90 minə çatdırılıb. Xüsusi karantin rejimi başlayanadək 38 min şəxs bu işlərə cəlb edilib və hazırda da işləməyə davam edirlər.

İşsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərə ölkə üzrə yaşayış minimumu səviyyəsində (190 manat) birdəfəlik ödəmə verilməsinə başlanılıb.

Azərbaycan Prezidentinin ən son qərarı ilə birdəfəlik ödəmə 600 min şəxsə ödəniləcək.

Bildirək ki, birdəfəlik ödəmə aprel-may aylarını əhatə edəcək. Növbəti mərhələdə bu şəxslərin rəsmi məşğulluğunu təmin etmək üçün zəruri məlumatlar toplanacaq və uçot yaradılacaq.

Aprelin 7-də təsdiq edilən qaydalar üzrə çox qısa müddət ərzində –  iki günə ödənişlərə başlanılıb. Ümumilikdə 9-17 apreldə 140 min işsiz üçün birdəfəlik ödəmə təmin edilib.

Birdəfəlik ödəmə köçürülərkən vətəndaşa bu barədə SMS göndərilir. Ödəniş bank filialları və ya poçt şöbələri vasitəsilə təmin edilir.

İşsizlikdən sığorta ödənişlərinin əhatəsi genişlənir

Bundan sonra işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsi genişləndiriləcək. Əmək müqaviləsinin müddəti bitmiş şəxslərə də işsizlikdən sığorta ödənişi şamil ediləcək. 2020-ci il üçün bu növ ödənişin 20 min nəfəri əhatə etməsi nəzərdə tutulur.

İşsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə sığorta ödənişinin, peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə təqaüdün verilməsi müddəti uzadılıb. İki min nəfəri əhatə edən bu sosial tədbirə 600 min manat ayrılıb.

2020-ci ildə 12 min ailənin özünüməşğulluq proqramına cəlb edilməsi işləri aparılır.

Bunun üçün İşsizlikdən Sığorta Fondundan 70 milyon manat ayrılıb.

Proqramın genişləndirilməsi ilə bağlı Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi ilə əməkdaşlıq edilir.

Banklarla da əməkdaşlıq həyata keçirilir. Aprelin 8-də banklar tərəfindən proqram iştirakçılarına aktivlərin verilməsinə başlanıb.

Dünya Bankı ilə layihəyə başlanır və hər il beş min ailənin özünüməşğulluğu təmin ediləcək.

BMT-nin İnkişaf Proqramı ilə birgə 500 əlilliyi olan şəxsin biznesə çıxışına dəstək verilir.

Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üzrə yaranmış 200 milyon manat ehtiyatı əhaliyə sosial ödənişlərin davamlılığının təmin edilməsinə yönəldilib. Bu ödənişləri (pensiya, müavinət təqaüd və s.) 2,3 milyon şəxs alır.

Aprelin 8-15-də respublika üzrə aprel ayı üçün pensiyalar tam ödənilib. Ayın 20-21-də müavinət, təqaüd və kompensasiya, ayın 28-də isə ünvanlı dövlət sosial yardımlarının ödənişi aparılacaq.

Xüsusi karantin rejimi müddətində ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti bitən aztəminatlı ailələrə də bu yardımın verilməsi karantin rejimi başa çatdığı tarixdən sonrakı ayın 1-dək uzadılıb. Bunun üçün əlavə üç milyona manat ayrılıb.

Aprelin 1-dən ünvanlı sosial yarıdımı alanların sayı 10 min ailə artıb. Ümumilikdə 80 min ailənin 330 min üzvü ünvanlı sosial yardım proqramı ilə əhatə olunur. Hər ailəyə düşən yardımın məbləği 222 manatdır.

Yaşı 65-dən yuxarı tənha şəxslərə evlərində sosial xidmətlərin göstərilməsi və xüsusi qayğıya ehtiyacı olan şəxslərə sosial xidmət müəssisələrində xidmət göstərilməsi işləri aparılır. 15000-dən çox tənha yaşlıya sosial xidmətlər göstərilir. Sosial tərəfdaşlar vasitəsilə artıq 17 minədək ərzaq payı tənha və əlilliyi olan şəxslərə verilib. Bu proses davam edir.

Hazırda doqquz sosial xidmət müəssisəsində 1000-dən çox şəxs stasionar şəraitdə sosial xidmətlərlə təmin olunur.

Digər dəstək tədbirləri

2020-ci il martın 1-dən etibarən əlillik müddəti başa çatan əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların əlillik müddəti xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək uzadılıb. Bu tədbir 14 min nəfəri əhatə edir və bunun üçün 2.6 milyon manat ayrılıb.

Əhaliyə güzəştli işıq limiti aprel-may aylarında 100 kvts. həcmində artırılaraq, 400 kvts-a qaldırılıb. Tələb olunan vəsait (2 aylıq) 10 milyon manatdır.

Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi nəzərdə tutulub. Tələb olunan vəsait il ərzində 40 milyon manatdır.

Dövlətin bütün resurslarını səfərbər etməsi Azərbaycan xalqının rifahının yüksəldilməsinə yönəlib. Əhalinin sağlamlığının qorunması və həyat şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar göstərir ki, Azərbaycan dövləti qlobal iqtisadi böhrana baxmayaraq, sosial layihələri təxirə salmaq niyyətində deyil.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir