Pandemiya dövrünə görə tətbiq edilən vergi güzəştləri sahibkarların və bütövlükdə iqtisadiyyatın canlanmasında geniş perspektivlər vəd edir.
Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli koronavirus pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən kiçik və orta sahibkarlığa) vergi güzəştləri edilməsi haqqında danışarkən deyib. O bildirib ki, Prezident İlham Əliyev pandemiya ilə əlaqədar bəzi vergi mükəlləfiyyətlərində endirimlər edib:
“Vergi güzəştləri xüsusən kiçik və orta sahibkarlara, bəzi biznes sahələrinə şamil edildi. Hansı ki, bu sahələrin bir çoxu bu gün pandemiya ilə əlaqədar fəaliyyətini dayandırıb. Vergilərlə bağlı güzəştlərin olması gözlənilirdi. Çünki pandemiya səbəbindən bu sahələrə ciddi ziyan dəyib və onların yenidən öz fəaliyyətlərini bərpa etməsi üçün dövlət dəstəyi şərt idi. Biz tətbiq edilən vergi endirimləri ilə bu dəstəyi görürük”.
Ekspert qeyd edib ki, bu gün hələ də bir çox sahələrin dövlət dəstəyinə ehtiyacı var:
“Dövlət dəstəyi hazırkı vəziyyətdə bu sahələrin postpandemiya dövrü üçün həyati əhəmiyyət daşıyır. Bu mənada güzəşt edilməsini müsbət hal hesab edirəm. Hətta bəzi vergilər yanvar ayına qədər sıfırlanıb, bəzi vergilərdə isə endirimlər edilib. Bununla belə düşünürəm ki, vergiləri daha çox endirmək olar, çünki pandemiyanın nə vaxt bitəcəyi ilə bağlı konkret vaxt demək çətindir. Karantin dövründən sonrakı bir neçə ay müddətində iqtisadiyyatın inkişaf dinamikasının artırılması müddəti başlayacaq”.