Ucar rayonunun Boyat kəndində yaşayan şəhid ailəsi şəraitləri ağır olduğu üçün redaksiyamıza müraciət edib. Şəhid anası Tənzilə Əliyeva “Qafqazinfo”ya bildirib ki, oğlu Famil Əliyev hərbi xidmətdə olan zaman 2001-ci ilin fevralın 21-də Gədəbəydə, Murovdağda qasırğada donaraq həyatını itirib:
“Oğlum şəhid olduğu üçün hər ay 300 manat təqaüd alırıq. Ailəmiz 4 nəfəri azyaşlı olmaqla 12 nəfərdən ibarətdir. Heç kəs işləmir, 12 nəfərlik ailə şəhidə görə verilən 300 manat müavinətlə dolanır. Həyat yoldaşım parkinson xəstəliyindən əziyyət çəkir. Elə aldığımız müavinət də xəstənin dərmanlarına və müalicəsinə gedir. Şəhidlər üçün nəzərdə tutulmuş 11 000 manatlıq birdəfəlik ödəniş də bizim ailəyə verilmədi”.
Şəhid anasının sözlərinə görə, pay torpağına sahib olduqları üçün ailədə heç kimə 190 manatlıq yardım düşməyib:
“Torpağı da şoran və su olmadığı üçün əkə də bilmirik. Qapıda bircə inəyim var, vəssalam.
Bizim yaşayışımızı gözləri ilə görən şəxs dəhşətə gələr. Ucar Rayon İcra Hakimiyyətinə də müraciət etmişik, ancaq heç bir köməklik olunmadı. Aidiyyatı qurumlardan xahiş edirəm, bizim güzəranımıza bir çarə qılınsın”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin rəhbəri Fazil Talıbov şəhid ailəsinin 11 min manatlıq ödəməni almaması ilə bağlı “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, müvafiq Fərmana əsasən ƏƏSMN tərəfindən birdəfəlik ödəmə 2 avqust 1997-ci il tarixədək həlak olmuş hərbi qulluqçuların vərəsələrinə ödənilir:
“Bu tarixdən sonra vəfat edən şəhidlərimizin vərəsələri sığorta ödənişlərini aidiyyəti qurumdan alıblar. Nazirliyin xətti ilə 1997-ci il avqustun 2-dək şəhid olmuş 12 min şəhidimizin 18 min vərəsəsi 11 min manatlıq birdəfəlik ödəməni alıblar. Proqram demək olar ki, tam icra olunub”.
Müraciətlə bağlı Ucar Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmayıb.