– Səfurə, o toyuğu bişirəndə, məni də çağırarsan…
Avtobusda qabaq oturacaqda əyləşən qadının cır səsi salonu başına götürmüşdü. İçəridə adam az olduğu üçün mən onun nə dediyini aydın eşidə bildim: “Ay qız, əlindən alan yoxdur. Səni televizorda özüm görmüşəm. Yardımın “karobka”sını elə qucaqlamışdın ki, guya əlindən alacaqlar. Dana bilməzsən, səni iki dəfə göstərdilər…”
Səfurənin kim olduğunu dəqiq bilmirəm. Bildiyim bircə odur ki, cır səsli arvadın təbirincə desək, həmin qadına bir “karobka” ərzaq yardımı göstəriblər. Yardım göstərənlər Səfirənin üzünü iki dəfə göstərdikləri üçün dost-tanış, qohum-qardaş, nəinki yaxın, hətta uzaq yoldaş da bu ailənin sıxıntı içərisində yaşadığını görüb və bilib. Bəlkə həmin qadını mən də görmüşəm. Çünki telekanallarımız bir gündə bir neçə dəfə bu cür süjetləri efirə verirlər.
Yadıma üç-dörd il əvvəl səfeh tanışlarımdan birinin öz dostuyla etdiyi zarafat düşdü. Biz Milli Parkda çay içib söhbətləşəndə, o, qəfildən dostuna zəng etdi: “Asim, əti tək yemə. Məni də kabab qonaqlığına çağır”.
Biz onu tərs-tərs süzəndə, belə cavab vermişdi: “Asim dostumdur. Dünən onlara qurban əti veriblər. Bir az zarafatlaşmaq istədim”.
Jurnalist marağı güc gəldiyi üçün soruşmağı özümə borc bildim: “Sən hardan bilirsən ki, onlara qurban əti veriblər?”
Belə cavab verdi: “Televizorda göstərdilər”.
Dünən özəl telekanalların biri ehtiyacı olan ailələrə ərzaq yardımı aparmışdı. Darısqal, təmirsiz mənzildə yaşayan çoxuşaqlı ailə ilə canlı bağlantı qurulmuşdu. Ata, ana və dörd uşağı telekanalın gənc əməkdaşının qarşısında dik dayanmışdı. Studiyadakı aparıcı yardım aparan müxbir vasitəsilə gic-gic suallar verib, camaatın zəhləsini tökürdü. Həmin vaxt məni aparıcının səviyyəsindən çox kamera qarşısında boy-boya düzülmüş uşaqların gələcəyi maraqlandırırdı. Niyə həmin uşaqların sinif yoldaşları bilməlidir ki, onların ailəsi makarona, vermeşelə, qarabaşağa möhtacdır? Apardığınız ərzaq bağlamasını qapının ağzında verib geri qayıtsaydınız, canınız çıxacaqdı?
Bu, hələ hamısı deyil. Ötən həftə daha acınacaqlı mənzərənin şahidi olmuşdum. Yenə telekanallardan birinin əməkdaşı hansısa imkansız ailəyə yardım aparmışdı. Evin sahibəsi olan yaşlı nənə yaşmağını burnunun üstünə qaldırmışdı. Qadının başında qara kəlağayı olduğu üçün bircə gözləri görünürdü. Müxbir iki ayağını bir başmağa dirəmişdi ki, üzünü aç görək sən kimsən. Aydın məsələdir ki, qadın utandığı üçün üzünü göstərmirdi. Həmin vaxt o müxbir əlimə düşsəydi, iki kəlmə deyəcəkdim: ay əclaf, qadının kimliyinin sənə nə dəxli var? O arvadın nəvə-nəticəsi bircə dəfə sənin nənənin kimliyilə maraqlanıb? Apardığını verib, niyə sürüşmürsən?
Koronavirus dünyada 126 milyon insanı işsiz qoyub. Azərbaycanda da iş yerini itirən, quru çörəyə möhtac olan minlərlə insan var. Bu adamlara kömək etmək hər birimizin borcudur. Amma elə edək ki, axırda “gördüyünüz iş başınıza dəysin” deməsinlər…
Seymur VERDİZADƏ