Manşet

Nizaməddin Quliyevlə başlayan həbslər: Sırada kim var?

Ağstafanın icra başçısı Nizaməddin Quliyevlə başlanan icra başçılarının həbsi prosesi davam edir.

Yenisabah.az xatırladır ki, dünən Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları artıq üçüncü icra başçısının “qonağı” olub. Beləliklə, Biləsuvar rayonunun rəhbəri Mahir Quliyev də digər Ağstafa və Neftçaladakı həmkarları kimi qolu qandalda Bakıya gətirlib.

Bu həbs həm də onu göstərdi ki, bəşəriyyəti təhdid edən koronavirus pandemiyası “yuxarılar”ın başlatdığı prosesi dayandıra bilməyib. Çoxları hesab edirdi ki, pandemiya hakimiyyəti çıxılmaz vəziyyətə salıb və belə bir situasiyada məmur həbslərinin davam etdiriməsi mümkün olmayacaq. Neftçalanın icra başçısı İsmayıl Vəliyevin həbsi prosesin son akkordu sayılırdı. Lakin gözləntilərin əksi baş verdi. İsmayıl Vəliyevin həbsinin 2 ayı tamam olandan bir neçə gün sonra Biləsuvarın icra başçısının kabineti təcridxana ilə əvəzləndi.

Mahir Quliyevin həbsi yenidən ictimai diqqəti  icra başçılarının fəaliyyətinə yönəltdi. Sosial şəbəkələrdə müxtəlif  bölgələri təmsil edən vətəndaşlar DTX-nın əməkdaşlarını öz rayon və ya şəhərlərində görmək arzusunu dilə gətirdilər. Bəziləri təmsil etdikləri rayon və ya şəhərlərdə baş verən qanunsuz əməlləri dilə gətirdilər.

Nəzərə alsaq ki, DTX-nın xüsusi əməliyyatları daha çox narazılıq olan bölgələrdə keçirilir, düşünmək olar ki, bu prinsip dəyişməyəcək. Daha çox narazılığı olduğu bölgələr isə ən müxtəlif üsullarla müəyənləşdirlir. Ona görə də DTX-nın arzu və istəklərə uyğun addım atacağını düşünmək yanlışlıq olardı. Hər icra başçısı həbs ediləndən sonra növbədə hansı yerli “padşah”ın olması barədə versiyalar səsləndirlir. Amma hər dəfə bu versiyalar özünü doğrultmur. Təsadüfi deyil. Sadəcə peşəkar şəkildə əldə edilmiş əməliyyat məlumatları əsasında həyata keçirilir. Bununla belə, yenə də bəzi versiyalar səsləndirmək olar.

Prezident Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun son yazısına istinad etsək ən çox şikayətlərin olduğu rayonlar Yasamal, Yevlax, Ağdam, Ağstafa, Ağsu, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Gədəbəy, İmişli, Laçın, Neftçala, Salyan, Şamaxı, Şəmkir və Zərdab olub. Qeyd edək ki, bu hesabat 2019-cu ilə aiddir. Siyahıda olan rayonlardan Ağstafa və Biləsuvar rayonlarının icra başçıları həbs edilib. Bundan başqa şöbə müdirinin məqaləsində bu hissə də diqqət çəkir:

“Yerli icra hakimiyyətlərindən daxil olmuş məlumatların təhlili göstərir ki, bəzi şəhər və rayonlardan olan vətəndaşlar yaşadıqları ərazinin yerli icra hakimiyyəti orqanları ilə müqayisədə yuxarı dövlət orqanlarına daha çox müraciət edirlər. Məsələn, Nizami, Yasamal, Gəncə, Mingəçevir, Naftalan, Şirvan, Ağdam, Ağdaş, Ağsu, Astara, Balakən, Beyləqan, Biləsuvar, Cəlilabad, Daşkəsən, Göyçay, Göygöl, İmişli, Kəlbəcər, Kürdəmir, Qəbələ, Qobustan, Laçın, Neftçala, Saatlı, Salyan, Samux, Şabran, Şamaxı, Tovuz, Yardımlı, Zaqatala, digər şəhər və rayonların icra hakimiyyətlərinə bilavasitə daxil olan müraciətlərin sayı həmin rayonlardan yuxarı orqanlara göndərilən müraciətlərə nisbətən daha az olmuşdur. Bu, bəzi hallarda yerli icra hakimiyyəti orqanlarında vətəndaş müraciətlərinə laqeyd yanaşılması ilə əlaqədardırsa, digər hallarda müraciətlərdə qaldırılan məsələlərin həmin orqanların səlahiyyətində olmaması ilə bağlıdır”.

Bi siyahıda Neftçalanın da adı var. Beləliklə, ehtimal etmək olar ki, növbəti əməliyyat bu siyahıda olan rayonlardan birində keçirilə bilər. Bunun konkret hansı rayon olacağını isə indidən söyləmək çətindir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir