”Bu kefdən verilmiş bir qərar deyil, əgər arxayınlaşsaq…” Millət vəkilindən əhaliyə XƏBƏRDARLIQ
Milli Məclisin deputatı Ülvi Quliyev Azərbaycanda koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması sahəsində əldə olunan müsbət dinamikanı qoruyub saxlamaqla bağlı vətəndaşlara çağırış edib.
Metbuat.az xəbər verir ki, o deyib ki, dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycana qonşuluqda yerləşən dövlətlərdə pandemiya tüyğan etdiyi dövrdə ölkəmizdə vəziyyət tam nəzarət altında olub.
Deputat hesab edir ki, amma indiki vəziyyət insanlarda arxayınlıq yaratmamalıdır:
“Koronavirusla bağlı qazandığımız nailiyyəti, müsbət dinamikanı qoruyub saxlamaq məsələsi bizim hər birimizdən asılıdır, burada bütün vətəndaşların üzərinə böyük məsuliyyət düşür. İnsanlarımız yenə də qaydalara ciddi şəkildə əməl etməlidirlər, zərurət olmadan evdən çıxmamlıdırlar, küçəyə çıxanda tibbi maska taxmalıdırlar, spirtdən istifadə etməlidirlər, əllərini tez-tez yumalıdırlar, sosial məsafə saxlamalıdırlar, insanların sıx toplaşdıqları yerlərə getməməlidirlər. Mən bir deputat kimi vətəndaşlarımızdan xahiş edirəm arxayınlaşmasınlar, ayıq-sayıq olsunlar. Əks halda çox ağır durumla üz-üzə qala bilərik. Karantin rejimi yumşaldılandan sonra koronavirusa yoluxanların sayında qeydə alınan artım bunu deməyə əsas verir. Bilirəm, vəziyyətə dözmək, günlərlə evdən çıxmamaq çox çətindi. İndi hamımız eyni durumdayıq. Amma unutmamlıyıq ki, bu kefdən verilmiş bir qərar deyil, zərurətdən atılan addımdır. Məqsəd də bizi bəladan qorumaqdır. Gəlin qaydalara əməl etməklə bizi qoruyanlara dəstək olaq”.