Xüsusi karantin rejiminin qaydaları yumşaldığından və nəticədə iş yerlərinin, xidmət sahələrinin fəaliyyətə başlaması ictimai nəqliyyata ehtiyacı kəskin artırıb.
Xüsusilə, Sumqayıt və Abşerondan sərnişin axını artıb. Elektrik qatarlarının və metronun işləməməsi vəziyyəti bir qədər də çətinləşdirib.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova Yenisabah.az-a açıqlamasında bildirib ki, sərnişin axının artması nəzərə alınaraq adekvat addımlar atılıb. “Xüsusi karantin rejimi tətbiq ediləndən şəhərlərarası daşımalardan yalnız Bakı-Sumqayıt və Bakı-Abşeron rayonu istiqamətində daşımalar həyata keçirilib. Qalan bütün şəhər və rayonlararası daşımalar dayandırılıb. Bu qadağa mayın 31-nə qədər qüvvədədir.
Amma mayın 4-dən etibarən iş yerlərinin və xidmət sahələrinin açılması ilə sərnişin axını artıb. Ona görə də Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin 11 regional şöbəsinə tapşırıq verilib ki, şəhər və rayondaxili sərnişindaşımada avtobusların sayı artırılsın. Yəni, xüsusi karantin rejiminə qədərki vəziyyət bərpa edilsin”, – deyə Nuridə Allahyarova bildirib.
Onun sözlərinə görə, Bakı-Sumqayıt və Bakı-Abşeron istiqamətlərində də avtobusların sayının artırılması barədə göstəriş verilib. “Artıq bu gündən Bakı-Sumqayıt istiqamətində 298 avtobus fəaliyyət göstərir. Bu rəqəm də xüsusi karantin rejiminə qədərki vəziyyəti əks etdirir. Biz onların sayını kəskin azaltmışdıq. Çünki sərnişin axını azalmışdı. İndi sərnişin axını xüsusi karantin rejiminə qədərki dövrlə müqayisədə azdır. Lakin karantin qaydaları yumşaldıqdan sonra nisbətən artım olub.
Biz də izolsayasiya qaydalarına əməl olunsun, interval az olsun və insanlar iş yerlərinə rahat gedə bilsinlər deyə, avtobus sayını əvvəlki qaydada bərpa etmişik”, – deyə Nuridə Allahyarova əlavə edib.