Siyasət

Əli Əsədovdan “Beşbarmaq dağı” ilə bağlı SƏRƏNCAM

Baş nazir Əli Əsədov “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 iyun tarixli 2083 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə sərəncam imzalayıb.

Bununla bağlı Nazirlər Kabineti məlumat yayıb.

Sərəncama əsasən, Ədliyyə Nazirliyi Dövlət Turizm Agentliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 iyun tarixli 2083 nömrəli Sərəncamına uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Bundan başqa, Dövlət Turizm Agentliyi İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Siyəzən Rayon İcra Hakimiyyəti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun sərhədi və mühafizə zonasına dair təkliflərini bir ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Həmçinin, Dövlət Turizm Agentliyi Ədliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun ərazisinin xüsusi rejimi barədə təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Razılaşdırma prosesinin iştirakçıları (əsas və birgə icraçılar) bu Sərəncamın icrası ilə bağlı normayaratma vəzifələrindən irəli gələn məsələlər üzrə (layihə və təkliflərin baxılması, hazırlanması, razılaşdırılması, təqdim edilməsi və s.) müvafiq tədbirlər görüb icra vəziyyəti tələb etdikdə, məlumatları icra üçün ayrılmış müddətin birinci yarısı başa çatanadək Nazirlər Kabinetinə təqdim etməli, eyni zamanda, hüquqi aktların layihələrini əsas icraçıya təqdim edən subyektlər “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun müvafiq olaraq 48.2-ci, 48.3-cü və 48.5-ci maddələrinin tələblərinə əməl olunmasını təmin etməlidir.

Mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq, Sərəncamın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Ədliyyə Nazirliyinə təqdim etməli və icra vəziyyəti tələb etdikdə, Nazirlər Kabinetinə məlumat verməlidir.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Sərəncama uyğunlaşdırılmasını təmin edib, bu barədə dörd ay müddətində Nazirlər Kabinetinə məlumat verməlidir.

Bu Sərəncamın birinci, dördüncü, beşinci və altıncı hissələrinin icrası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə, ikinci və üçüncü hissələrinin icrası Humanitar məsələlər şöbəsinə həvalə edilib.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir