Dünya

Müttəfiqlər üz-üzə: Enerji uğrunda böyük savaş – TƏHLİL

Fransanın Müdafiə Nazirliyi iyunun 17-də Türkiyənin hərbi gəmilərinin NATO missiyasında olan fransız hərbi gəmisinə qarşı “son dərəcə aqressiv” hərəkətlərini pisləyib.

“Valeurs Actuelles” nəşrinin yazdığına görə, Türkiyədən Liviyaya gedən “Çirkin” adlı yük gəmisinə müdaxilə etməyə çalışan Fransız donanması, Türkiyə donanmasının müdaxiləsindən sonra geri çəkilməli olub.Bu müdaxiləyə qarşı Türkiyə donanması, radar işıqlandırma tətbiqilə xəbərdarlıq etdikdən sonra Fransa donanması hədəfinə çatmadan geri dönməli olub.

Fransız mənbələrinə görə, bu radar işıqlandırma tətbiqi, bir gəmiyə atəş etməzdən əvvəl edilən son xəbərdarlıqdır.“Reuters”in məlumatına görə, fransız müdafiə yetkililəri NATO-ya Türkiyədən şikayət etməyi planlaşdırır. Fransa Müdafiə Nazirliyinin rəsmisi:

”Biz ittifaqdakı vəziyyəti bilirik, ancaq dəvəquşu kimi hərəkət edə bilmərik. Türkiyə, NATO üçün bir problemdir. Bunu görmək, söyləmək və idarə etmək məcburiyyətindəyik”, – deyib.

Türkiyə onun hərbi gəmilərinin Fransa hərbi gəmisini qısnamasına dair ittihamları “tam bir yalan” adlandıraraq təkzib edib. Türkiyənin vəzifəli hərbi rəsmilərindən biri “Reuters“ agentliyinə bildirib ki, Fransanın hərbi gəmisi insidentin qarşısının alınması üçün kommunikasiyaya daxil olmayıb.

Türkiyə Liviya münaqişəsində ölkənin BMT tərəfindən tanınmış hökumətini, Fransa isə dəfələrlə inkar etməsinə baxmayaraq, qanuni hökumətə qarşı çıxan general Xəlifə Həftər qüvvələrini dəstəkləyir.Son vaxtlar Liviyadakı münaqişədə tutduqları mövqelərə görə Fransa və Türkiyə arasında gərginlik son həddinə çatıb.

“Cümhuriyət”ə açıqlamasında politoloq Elşən Manafov deyib ki, Aralıq dənizi hövzəsində Türkiyə-Fransa mübarizəsi enerji ehtiyatları ilə bağlıdır:

“Aralıq dənizi ölkəsində Türkiyə ilə Fransa arasındakı münasibətlərdəki gərginlik hövzənin malik olduğu enerji, əsasən də, qaz ehtiyatları ilə bağlıdır. Doğrudur, Liviyaya münasibətdə Ərdoğan hökumətinin sərgilədiyi mövqe ilk baxışda beynəlxalq hüquq normalarına istinad edir.Çünki Ərdoğan Fransadan və ya Rusiyadan fərqli olaraq, Liviyanın qanuni və legitim hökumətini tanıyır.İndiyədək onunla əməkdaşlıq edəcəyi barədə açıqlamalar və bəyanatlar da verib.Bu mənada Türkiyə Parlamenti, hətta Liviya hökumətinin rəsmi müraciəti ilə Türkiyə ordusunu və ya Türkiyənin məhdud hərbi kontingentinin Liviyaya göndərilə biləcəyi ilə bağlı mövqe sərgiləmişdi.Bu mövqe o zaman xarici dövlətlərdən dəstək alaraq Liviyada rəsmi hökuməti devirməyə çalışan üsyançı general Həftərin qarşısını almaq üçün sərgilənmişdi.Liviya məsələsi ilə bağlı münasibətlərdəki gərginliyin eyni hərbi- siyasi bloka daxil olan dövlətlərin arasında baş verməsi ekspertlərin diqqətindən yayınmır.Çünki həm Fransa, həm də Türkiyə NATO-nun üzvüdür.Aralıq dənizində baş verən hadisələr münasibətdə eyni hərbi- siyasi bloka daxil olan dövlətlərə sərgilənən fərqli mövqe NATO-nun bu günü və gələcəyi üçün yaxşı heç nə vəd etmir.Nəzərə alsaq ki, təkcə Fransa deyil, NATO dövləti olan Yunanıstan da Həftərin mövqeyindən çıxış edir.Ayrı-ayrı müsəlman ölkələrinin də Liviya münaqişəsində Həftəri dəstəkləməsi təəssüf doğurur. Bir çox ekspertlər Ərdoğan iqtidarının hazırkı siyasətini “Yeni Osmanlı layihəsi”nin reallaşması üçün atılan addımlar kimi dəyərləndirirlər. Həqiqətən.Liviya, zamanında Osmanlı tərkibindəki müsəlman məmləkəti olub.Sonradan XVIII-XIX əsrlərdə müstəmləkə işğalları genişləndikcə Afrikanın şimal-qərbində, o cümlədən Liviyada Fransanın və İtaliyanın mövqeləri güclənib”.

Politoloq hesab edir ki, NATO daxilində baş verən bu nüfuz müharibəsi Rusiyanın əlini gücləndirir:

“Əslində, bu gün də münaqişə edən dövlətlərin eyni hərbi-siyasi bloka daxil olmasına baxmayaraq, aralarında enerji məkanları üstündə nüfuz mübarizəsi genişlənməkdədir. Bu mübarizənin NATO üzvləri arasında genişlənməsi, ilk baxışda kənarda dayandığı görünən Rusiyanın xeyrinədir.Rusiya Suriyadan fərqli olaraq Liviyada rəsmən iştirak etmir.Hadisələrə “Vaqner” qrupu vasitəsi ilə müdaxilə edir.Bir müddət öncə Həftər Rusiyaya çağırıldı, Lavrovla görüşdü.Düşünürəm ki, Liviya ətrafında yaşanan münaqişənin bir səbəbi də bu ölkənin geopolitik əhəmiyyətidir.Yəni münaqişə ölkənin yalnız enerji resursları üzərində getmir”.

Ekspert gələcək perspektivdə İngiltərənin də sözügedən məsələyə müdaxilə edəcəyini deyib:

“Cəbəllütariq boğazı bu bölgəyə yaxın olduğu üçün perspektivdə İngiltərənin də məsələyə müdaxilə edəcəyini istisna etmirəm. Çünki Cəbəllütariq boğazı İngiltərənin nüfuz dairəsindədir və hələlik Anqlosakslar burada müşahidəçi mövqedədirlər, aktiv müdaxilə etmirlər.Amma düşünürəm ki, gələcəkdə İngiltərə də öz mövqeyini qorumaq üçün addımlar atacaq.Artıq Mİ-6 ingilis kəşfiyyatının bununla bağlı sərgilədiyi mövqe, müəyyən məlumatların İngiltərə hökumətinə çatdırılması göstərir ki, o da bu məsələdə kənarda qalmayacaq”.

E. Manafov əlavə edib ki, Fransa, onunla müttəfiq olmasına baxmayaraq, Türkiyənin Liviyada möhkəmlənməsini istəmir:

“Fransaya gəldikdə isə zamanında burada onun mövqeləri olub. Fransa geopolitik baxımdan ona daha yaxın olan bir ərazidə, NATO üzvü olmasına baxmayaraq, Türkiyənin möhkəmlənməsinə qısqanclıqla yanaşır.İstisna etmirəm ki, Fransada zaman-zaman erməni soyqrımının qabardılması, Ərdoğan iqtidarı dövründə bu iki dövlət arasında yaşanan gərginlik, bu ölkədəki erməni diasporasının Fransa siyasətinə təsiri Fransa-Türkiyə münasibətlərində gərginliyin daha da artmasına təsir göstərə bilər.Ancaq düşünürəm, Avropa İttifaqı anlamalıdır ki, Türkiyə ilə münasibətləri pozmaq Avropa üçün yaxşı heç nə vəd etmir.Çünki ən azı Avropaya gedən qaçqın ordusunun qarşısında Türkiyə dayandı.Təkcə Fransanın yox, Bütün Avropa İttifaqının Türkiyəyə olan münasibətinin arxasında Avropanın xristian təəssübkeşliyi durur.1987-ci ildən bəri Türkiyə bütün öhdəliklərini yerinə yetirərək Avropa İttifaqının qapısını döyməsinə baxmayaraq, onu ittifaqa qəbul etmək istəmirlər.Buradan da Türkiyənin sabiq Baş naziri Tansu Çillərin dediyi sözün nə qədər həqiqət olduğu aydın olur. O deyirdi ki, Avropa Birliyi xristian dövlətlərinin bir qurumudur və bizi burada görmək istəmirlər. Tansu xanımın zamanında peyğəmbərcəsinə dediyi sözlər bu günün özündə də gerçək reallıqlarını itirməyib”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir