Sərt karantin, icazəsiz gəzənlər, avtobuslardakı sıxlıq, bazarlardakı biabırçılıq… – RƏSMİLƏR NƏ DEYİR?..
İyunun 21-dən paytaxt da daxil olmaqla, 8 rayon və şəhərdə sərt karantin rejimi tətbiq edilib. Müşahidələr göstərir ki, sərt karantin rejiminə nəzarət istənilən səviyyədə deyil. İnsanlar özləri də nəzarətsizlikdən istifadə edib həyatlarını təhlükəyə atırlar. Çünki axşamlar park və bilvarda qadın, uşaq, qoca-cavan əlindən tərpənmək olmur, sərnişin avtobuslarında maskasız insanlar sosial məsafə gözləmir, bankların qarşısında növbəyə dayananlar bir-birinə dəyir, binaların həyətindəki qapalı yerlərdə domino oynayan, nərd atanlar koronavirus adlı bəladan sanki qorxmurlar…
Bazarlardakı vəziyyətdən isə danışmağa dəyməz… Nə satıcılar, nə də ki alıcılar sosial məsafəni gözləyirlər… Maska taxmaqdan da söhbət gedə bilməz… Bazarlar əsl virus mənbəyidir desək, yəqin yanılmarıq…
Bakı Nəqliyyat Agentliyi dayanacaqlarda, sərnişinlər arasında maarifləndirmə işləri apardığını bəyan edir. Amma sərnişinləri avtobuslara təpib daşıyan, sosial məsafəni qulaqardına vuran sürücülər və onların tabe olduğu daşıyıcı şirkətlər cəzalandırılırmı?..
Heç inandırıcı deyil ki, park və bulvara axışanlar SMS-lə icazə alıblar… Ciddi yoxlama aparılsa, onların 90 faizi cərimələnməlidir. Bu səbəbdən də ictimai qınağı gücləndirməyə ehtiyac var. Axı bu məsuliyyətsizlik və laqeydsizliyin nəticəsidir ki, son vaxtlar virusa yoluxma antirekord həddinə çatıb.
Sərt karantin rejiminə nəzarət üçün yollarda qurulan postlarda isə günün pik saatlarında sıxlıq yaşanır. Bu, xüsusuilə avtobusların gecikməsinə, dayanacaqlarda çox sayda sərnişinin toplaşmasına gətirib çıxarır.
Onu da qeyd edək ki, postlarda aparılan yoxlamalar elan edildiyi qədər ciddi deyil. İş yerindən arayışı, SMS icazəsi olmayan şəxslər də asanlıqla postlardan keçirlər…
Planşeti şəxsiyyət vəsiqəsinə yaxınlaşdırmaqla…
Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyilənlərlə razılaşmayıb:
“Yeni tətbiq edilən texnologiyaya əsasən, daha tez yoxlamaq funksiyası həyata keçirilir. Hansı ki, planşeti şəxsiyyət vəsiqəsinə tutmaqla, həmin şəxsin hərəkətinə icazəsi olub-olmadığını müəyyən etmək olur. Amma sıxlığın yaranması daha çox səhər və axşam saatlarında, hətta günorta saatlarında da müşahidə edilir. Baxmayaraq ki, icazə portalında adları yerləşdirilmiş şəxslərə icazə yalnız işə gedib-gəlmələri üçün verilir, onlar bundan sui-istifadəyə yol verirlər. Günorta saatlarında belə, şəhərdə sıxlığın yaranması icazəsi olan bir çox şəxslərin bu icazələrdən sui-istifadə etdiklərini göstərir. Hətta aparılan araşdırmalarla müəyyən olunur ki, vətəndaşın yaşadığı yer, işlədiyi ünvan tamam ayrı yerdədir, özü tamamilə başqa istiqamətdə hərəkətdədir. Sözsüz ki, belə nəqliyyat vasitələrinin sayı çoxladıqca, sıxlıq yaşanmalıdır. Hətta 1 saniyə belə nəqliyyat vasitəsinin ləngiməsi orada sıxlığın yaranmasına gətirib çıxarır. Haradasa kiçik qazıntı işinin aparılması belə, nəqliyyatın hərəkətində sıxlığa səbəb ola bilir. Avtomobili dayandırmadan, sürəti azaltmaqla ərazidən keçmək belə, ərazidə sıxlığa səbəb olur. Ona görə də bu cür sıxlığa görə kiminsə etirazını bildirməsi, narazılıq etməsi düzgün deyil. Çnüki karantin rejiminə nəzarət Daxili İşlər Nazirliyinə həvalə olunub. Ona görə də həm postlar, həm də səyyar qaydada təşkil olunan marşrutlarda bizim əməkdaşlarımız tərəfindən yoxlamalar aparılmalıdır”.
“İnsanlar geciksə də, sosial məsafəni gözləməlidirlər”
Postlardakı ləngimə səbəbindən avtobusların gecikməsi və dayanacaqlarda sərnişin sıxlığının yaranmasına gəlincə, DİN rəsmisi deyib ki, insanlar geciksələr də, sosial məsafənin gözləməlidirlər:
“Avtobuslarda sosial məsafənin gözlənilməsi deyəndə, fərqi nədir 15 dəqiqə yol getdi, yoxsa 5 dəqiqə… İnsanlar dayanaacqlarda gözləsələr də, sosial izolyasiya məsafəsinə riyaət etməlidirlər. Avtobus 3-5 dəqiqə gecikə bilər, amma hamı mütləq qaydada sosial məsafəni gözləməlidir”.
“Avtobusun salonuna maskasız girmək qadağandır”
Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev Modern.az-a bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən, bir sıra yerlərdə o cümlədən də avtobusda maskadan istifadə məcburidir:
“Tərəfimizdən maskasız sərnişinlərin avtobusun salonuna daxil olmasını qadağan edən posterlər hazırlanıb. Daşıyıcılara bununla bağlı tapşırıqlar verilib ki, bu posterlər avtobusların salonunda sərnişinlərin aydın görə biləcəyi yerdə yerləşdirilsin. Texniki baxımdan yayımlanması mümkün olan avtobuslarda audio elanlar da hazırlanır. Nəqliyyat könüllüləri gündəlik ən çox axın olan dayanacaqlarda sərnişinlərimizə pulsuz tibbi maska və maarifləndirici flayerlər paylayırlar. Onlara maskadan istifadənin vacibliyi, bunun onların və digərlərinin sağlamlığı baxımdan önəmli olmasını izah edirlər. Ümumilikdə sərnişinlərin maskadan istifadə etməsi, eyni zamanda ictimai nəqliyyatda koronavirus infeksiyasının proflaktikasına dair digər qaydalara əməl etməsi üçün ötən müddətdə geniş maarifləndirmə işləri aparılıb. Bütün marşrut xətləri üzrə avtobuslarda bu qaydaları təşviq edən posterlər yerləşdirilib. Bütün dayanacaq məntəqələrində və nəqliyyat mübadilə mərkəzilərinin ərazisində də bu təşviqat posterləri quraşdırılıb”.
“Sərnişin sayı azalsa da, avtobus sayı maksimumdur”
BNA rəsmisinin sözlərinə görə, karantin rejimi ilə əlaqəli ümumi sərnişin sayının azalmasına baxmayaraq, gündəlik xəttə çıxan avtobusların sayı maksimum həddə saxlanılır:
“Bütün daşıyıcılara avtobus sayının sərnşin axını və mövcud pandemiya şərtləri nəzərə alınaraq, tənzimlənməsi ilə bağlı tapşırıq verilib. Bunun nəticəsidir ki, bu gün xəttə adi yay rejimi ilə müqayisədə 20%-dən artıq avtobus çıxarılır. Hazırda sərt karantin rejimidir və sərnişin səfər sayı qeyd etdiyim kimi azalıb. Amma xəttə 1700-1900 aralığında avtobus çıxarılır. Səhər və axşam saatlarında sərnişin tələbatı olan zaman əlavə sayda avtobuslar cəlb edilir”.