Ötən yazıların birində onlayn dərslərin nə dərəcədə əhatəli və qənaətbəxş olmasına dair valideyn, müəllim və şagirdlər arasında keçirdiyimiz sorğunu təqdim etmişdik. Məlum olmuşdu ki, nəticə etibarı ilə keçirilən onlayn dərsləri heç də qənaətbəxş hesab etmək olmaz. Bəs, sentyabr ayından sonra da dərslər onlayn keçirilsə, nələri nəzərə almaq, hansı problemləri həll etmək lazımdır ki, keyfiyyət artırılsın, narazılıqlar azalsın? AYNA-nın bu barədə suallarını təhsil eksperti Kamran Əsədov cavablandırıb.
O, may ayının 3-dən dayanan tədris prosesinin ən çox aşağı sinif şagirdlərinə mənfi təsir göstərdiyini deyir: “Nəzərə alsaq ki, onlarda oxuma, yazma və anlama vərdişləri yeni formalaşırdı, uzun müddət planlaşdırılmamış halda tədrisdən kənarda qalma bu qabiliyyətlərin itməsinə və ya azalmsın səbəb ola bilər. Ona görə də Təhsil Nazirliyi 11 martdan etibarən “Mədəniyyət” TV-də “Teledərs” layihəsinə başladı. Bu, şagirdlər üçün dərs axınının təmin olunmasına imkan verdi. “Virtual məktəb” layihəsi isə evdən çıxmadan da ibtidai sinif şagirdlərinin təhsillərini davam etmələrini təmin edirdi. Bunu olduqca müsbət qiymətləndirirəm. Təhsil Nazirliyinin “Virtual məktəb” platforması ibtidai sinif şagirdləri üçün təhsilin əlçatımlılığını təmin edir”.
Ekspert hesab edir ki, resurs çatışmazlığını nəzərə alsaq, bu layihə keçirilən fənlərin tədrisində boşluqları aradan qaldıracaq: “Çünki “Virtual məktəb” layihəsi tam şəkildə proqramı əhatə edir, lakin burada da bir sıra problemlər bu əlçatımlığa əngəl törədir. Saytda qeydiyyat 2 apreldən aktiv edilmişdi. Lakin 4447 orta məktəbdə təhsil alan 1.5 milyon şagirdin heç də hamısının bu platformadan istifadə imkanı yoxdur. Qeydiyyat zamanı da texniki qüsurlar əmələ gəldi, istifadəçilərin qeydiyyatdan keçməklə bağlı problemləri oldu. Hazırda mövcud internet qiymətləri bahadır və şagirdlərin hamısı şəxsi kompüter, planşet və telefona sahib deyil. Buna baxmayaraq, qısa müddətdə “Virtual məktəb” portalında 900 min şagird qeydiyyatdan keçib ki, bu, sevindirici haldır. Bir məqamı da qeyd edim ki, elektron məktəb seçimindən fərqli olaraq, “Virtual məktəb”ə qeydiyyatda birincilik şagirdə hər hansı bir üstünlük vermir. Təəssüf ki, Təhsil Nazirliyi tərəfindən görülən bu qədər tədbirlərə baxmayaraq, təhsilin əlçatımlığı tam şəkildə təmin olunmayıb, xüsusilə ali təhsil pilləsində ciddi çatışmazlıqlar mövcuddur”.
Əsədov ali təhsil müəssisələrində distant təhsillə bağlı problemə də diqqət çəkib: “Ali təhsil müəssisələri 2009-cu ildən etibarən distant təhsili təmin etməli idi. Maraqlıdır, niyə universitetləri akreditasiyadan keçirən şəxs və qurum buna göz yumub? Bu müddət ərzində universitetlər azı 2 dəfə akreditasiyadan keçib və onlar ən vacib göstərici üzrə tələbə cavab vermədikəri halda, onu nəyəsə və ya kiməsə görə akreditasiyadan keçiriblər. İndi isə 165 min tələbə tədrisdən kənarda qalıb”.
İnternet qiymətlərinin də baha olmasından danışan müsahibimiz mobil operator və provayderlərin karantin müddətində bu məsələyə yenidən baxmalı olduqlarını düşünür və internetin tam şəkildə ödənişsiz olmasını vacib hesab edir: “Nəzərə alsaq ki, internet hazırda təhsil alanların təhsil verənlərlə əlaqələndirilməsi üçün yeganə yol və vasitədir, bunu onların əlindən almaq olmaz. Əgər internet güzəştləri olsa, müəyyən qədər şagirdlərin bilik və bacarıqlarında mövcud vəziyyətdə artım olar. Belə ki, Dövlət İmtahan Mərkəzinin “Youtube” resursları və okt.az portalından dövlət sınaqları ilə bilik və bacarıqlarını yoxlamalıdırlar ki, tədris bərpa olunandan sonra keçiriləcək imtahanlarda yaxşı nəticə əldə edə bilsinlər. Bunun üçün isə internet mütləq şəkildə ödənişsiz olmalıdır”.
Ekspert real vəziyyətdə mövcud şərtlər daxilində şagirdlərin yalnız 30-35 faizinin onlayn dərslərə cəlb oluna bildiyini və təhsil alanların çox az hissəsinin elektron resurslardan istifadə etdiyini söyləyir: “Regionlarda elektron resurslardan istifadə faizi daha azdır. Hətta, bir sinifdə onlayn dərslərdən 10-15 faiz şagird istifadə edə bilir. Lakin internet tariflərində güzəştlər olarsa, bu rəqəmlərin 70-80 faizə qədər qaldırılması mümkündür”.
“Mövcud vəziyyət bütün dünyada təhsilin fəaliyytini iflic etsə də, ən zəif göstəricilər ölkəmizə aiddir. Qardaş Türkiyədə 8 televiziya kanalı bu prosesə qoşulub və distant təhsil də tətbiq edilməklə təhsildəki boşluqlar aradan qaldırılıb. Amerika və Avropa ölklərində də distant təhsil tam şəkildə təşkil edildiyi üçün onlarda təhsilin davamlılığında hansısa bir problem yaranmayıb”, – deyə o vurğulayır.
Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin tələbələrinə təhsil haqqının ödənilməsindən danışan K.Əsədovun sözlərinə görə, hazırda 51 ali təhsil müəssisəsində təhsil alan 165 min tələbənin 60 faizi ödənişli əsaslarla təhsil alır və onların böyük əksəriyyəti qış sessiyasında iştirak etmək üçün təhsil haqlarının qalan hissəsini ödəyib: “Baxmayaraq ki, hazırda ali və orta ixtisas təhsili müəssisələrində dərs yoxdur. Məlum olduğu kimi, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək proqramı qəbul edilib və bu bu məqsədlə 40 milyon manat ayrılıb. Yeni qərar kifayət qədər – azı 20 min tələbənin 2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsini əhatə edəcək. Digər tərəfdən isə pandemiyanın vurduğu zərərə görə təhsil haqqı ödənişi dövlət tərəfindən ödəniləcək tələbə kateoriyasına aid olan tələbələr var ki, onlar təhsil haqlarını ödəyiblər. Lakin tələbələrin dərs keçirilmədiyi üçün təhsil haqları və ya onun müəyyən hissəsi geri qayıtmalıdır. Qərarda deyilir ki, həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Bu, o deməkdir ki, hətta həmin kateqoriyaya aid olan şəxslər təhsil haqqını ödəyibsə, onların da təhsil haqları ödəniləcək. Deməli, ailələri – ünvanlı dövlət sosial yardımı alanlar;
– hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri aşağıdakı kateqoriyaların hər hansı birinə aid olanlar:
– I və II dərəcə əlilliyi olan şəxslər;
– işsiz kimi qeydiyyatda olanlar;
– yaşa görə əmək pensiyaçıları;
– yaşa görə sosial müavinət alanlar.
Bu kateoriyaya aid olan tələbələr təhsil haqlarını ödəyiblərsə, onların ödədikləri təhsil haqları geri qaytarılacaq. Bu, həm indi davam edən ikinci semestrə, həm də 15 sentyabrdan başlayacaq semestrə şamil olunur. Bundan başqa, ikinci semestr ərzində tam dərs keçirilmədiyi üçün bu kateqoriyalara aid olmayan tələbələrin təhsil haqları ya geri qaytarılmalı, ya da növbəti semestrlərdə güzəştlər tətbiq edilməlidir”.