İyunun 25-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında iştirak edib.
Dövlət başçısı açılışda çıxış edərkən Azərbaycan ordusunun dünyanın ən güclü 50 ordusu siyahısında yer aldığını xatırladıb.
Həmçinin, Ali Baş Komandan Azərbaycanın ən müasir silahlara, o cümlədən, hava hücumundan müdafiə sistemlərinə sahib olduğunu vurğulayıb.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov Prezidentin çıxışı ilə bağlı Oxu.Az-a danışıb.
Deputat ilk növbədə bildirib ki, dünyada silahlanmaya nəzarət var. Onun sözlərinə görə, dünya orduları hansı silahlara sahibdirsə, bununla bağlı məqamlar beynəlxalq hesabatlarda öz əksini tapır.
Millət vəkilinin sözlərinə görə, bəzi dövlətlərdə elə silahlar var ki, onlar hərbi sirr kimi saxlanılır. O, Azərbaycan ordusunda da belə silahların olmasını istisna etməyib.
“Ola bilər ki, Azərbaycan ordusunda da hələ hərbi sirr kimi saxlanılan çox güclü silahlar var. Azərbaycan ordusu hər il ən müasir silahlar əldə edir və baza modernləşir”, – deyə E.Məmmədov əlavə edib.
Parlamentari qeyd edib ki, Azərbaycan ordusu kifayət qədər gücə və potensiala malikdir.
E.Məmmədov bildirib ki, Prezidentin “N” saylı hərbi hissənin açılışında söylədiyi fikirlər Ermənistana və ona havadar olan qüvvələrə xəbərdarlıqdır:
“Cənab Prezident xəbərdarlıq edir ki, Azərbaycanın istər döyüş qabiliyyətinə, istər təminatına, istərsə də mübariz ruhuna görə kifayət qədər güclü ordusu var. Azərbaycan ordusu işğalçı ölkənin ordusundan dəfələrlə güclüdür, biz nə yolla olursa-olsun torpaqlarımızı işğaldan azad edəcəyik”.
Milli Məclis üzvü vurğulayıb ki, Azərbaycanın Silahlı Qüvvələrində peşəkar, savadlı, hərb elminin incəliklərinə bələd olan zabit heyəti var.
“Həmin zabit heyətinin rəhbərliyi altında vətənpərvər, fiziki və hərbi döyüş qabiliyyəti olan əsgər heyəti mövcuddur. Onlar Ali Baş Komandanın əmrini gözləyirlər”.