Dünya

Rusiya bir az da “qaza” basdı: Paşinyan Kremli bezdirib – TƏHLİL

Ermənistanın inqilabçı baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putinin “ulduzlarının” heç vaxt barışmayacağı artıq dəqiqdir. Doğrudur, bu ayın əvvəlində Putin Paşinyana telefon açaraq, onunla ilk baxışda səmimi söhbət eləmişdi. Səbəb də guya Paşinyan və ailəsinin koronavirusa yoluxması barədə erməni baş nazirin özünün yaydığı məlumat idi. Kreml rəhbəri ona cansağlığı arzulamış və tezliklə sağalaraq, Moskvadakı 24 iyun hərbi paradına qatılacağına ümid ifadə eləmişdi.

Üstündən cəmi bir neçə gün keçmiş N.Paşinyanın müəmmalı şəkildə, ildırım sürəti ilə, COVİD-19-a xas olmayan tərzdə sağalması və Moskvaya gedəcəyi haqda erməni KİV-ləri xəbər verdi. Lakin son anda Paşinyan nədənsə Moskvaya getməkdən imtina elədi. Putinə göndərdiyi rəsmi üzrxahlıq məktubunda o, imtinasını Ermənistanda koronavirusun yaratdığı ağır situasiya ilə əlaqələndirirdi.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev də Moskva paradına qatılmamış, bu barədə öncədən telefon söhbəti zamanı rusiyalı həmkarına səmimi şəkildə söyləmişdi. Ancaq Azərbaycan Ermənistandan fərqli olaraq, Rusiyanın vassalı və bölgədəki forpostu deyil, müstəqil siyasət aparan, iqtisadi cəhətcə sərbəst şəkildə ayaqda duran və tarazlı, müstəqil siyasət həyata keçirən dövlətdir. Azərbaycan Ermənistan kimi KTMT (“Rus NATO-su”) və Avrasiya İqtisadi Birliyinin də üzvü deyil, yəni Rusiyanın əsas söz sahibi olduğu iqtisadi və hərbi bloklarda təmsil olunmayıb. Bu üzdən Paşinyanın paradda olması qaçılmaz görünürdü.

*****

Maraqlıdır ki, məhz Paşinyanın imtinasından az sonra məlum olub ki, iyulun 19-dan etibarən Ermənistana satılan Rusiya qazının qiyməti bir az da qaldırılacaq. Düzdür, artım 4-5 həndəvərində olacaq. Ancaq bunun özü də az şey demir. Çünki hamıya aydındır ki, “mavi yanacaq” Rusiyanın əlində Ermənistana, öncəliklə də “qərbçi” Nikol Paşinyan hökumətinə qarşı iqtisadi rıçaqdan qat-qat çox, siyasi təzyiq vasitəsidir.

Paşinyan isə lap yaxınlaradək ölkədə pandemiyanın yaratdığı fəlakətli iqtisadi durumu əsas götürərək, Moskvanı israrla qazın qiymətində endirimə razı salmağa çalışırdı. Bu da nəticə, daha doğrusu, Nikol Vovayeviçin personasına münasibət: qiymət nəinki endirilmədi, əksinə, daha da qaldırılacaq.

Artıq şübhə qalmır ki, Rusiya pandemiyaya baxmayaraq, Ermənistanda Paşinyan hökumətinin daxili dayaqlarını laxlatmaqda maraqlıdır. Bundan ötrü ölkədə iqtisadi durumun daha da pisləşməsi, zəruri ərzaq məhsullarının bir az da bahalaşması, bütövlükdə erməni əhalinin yaşamının ağırlaşması və bahalaşması təbii ki, Moskvaya tam əl verir. Bu fonda düşmən ölkədə öz hakimiyyətini möhkəmlətməyə çalışan Paşinyana qarşı Rusiyaya bağlı siyasi qüvvələrin birləşərək hərəkətlənməsi, İrəvandakı Rusiya səfirliyində müxalifət təmsilçiləri, hətta daşnaklarla intensivləşən təmaslar diqqət çəkməyə bilməz.

Bunu da əminliklə qeyd eləmək olar ki, Moskva səbirlə Paşinyanın Ermənistandakı reytinqinin kritik minimuma enməsini və ona qarşı kütləvi etirazların başlamasını gözləyir. Nədən ki, Rusiya isteblişmentində Paşinyanın hələ ki erməni əhalisinin mühüm bir kəsiminin dəstəyinə malik olduğunun fərqindədirlər…

*****

Bir sıra erməni təhlilçiləri də Ermənistanda proseslərin hansı səmtdə inkişaf edəcəyini artıq indidən və kifayət qədər dəqiq görməyə başlayıblar. Onların qənaətincə, “inqilabçı” baş nazir tezliklə öz kələyinin qurbanına çevriləcək. Xüsusən də onun Rusiyaya qarşı “ikili oyun” aparması prosesi sürətləndirəcək.

“Nikol Paşinyanın hərəkətləri dövlət başçısının statusu və vəzifələrinə adekvat deyil. Mən bütövlükdə onun daxili siyasətini nəzərdə tuturam”.

“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin politologiya departamentinin dosenti Gevorg Mirzəyan “Vestnik Kavkaza” portalına açıqlamasında deyib.

Onun sözlərinə görə, Paşinyan hələ də müxalifətin deyil, dövlətin başında durduğunu anlaya bilməyib: “Nikol Vovayeviç hələ də başa düşməyib ki, o, dövlət başçısı qismində əhalini konsolidasiya etməlidir, nəinki bölməlidir, dövlət qurumlarının açıq de-montajı ilə isə ümumiyyətlə, məşğul olmamalıdır”.

Qeyd edək ki, Mirzəyan az öncə özünün Facebook səhifəsində belə bir status paylaşmışdı: “Nikol Paşinyan son çevrilişdən sonra Ermənistanın başına gələn və baş nazir postunda öz dağıdıcı müxalifətçi funksiyasını davam etdirən, erməni siyasi sistemini və İrəvanın ən vacib müttəfiqi ilə münasibətləri korlayan xırda, qisasçı və qəddar bir adamdır”.

“İrəvanın ən vacib müttəfiqi” deyərkən o, sübhisiz ki, işğalçı Ermənistanın əsas iqtisadi və siyasi varlıq qarantı olan Rusiyanı nəzərdə tutur. Bu xüsusda o, Paşinyanın faşizm üzərində qələbənin 75-ci il dönümü ilə bağlı iyunun 24-də Moskvada keçirilmiş hərbi parada qatılmaması sonuncunun Kremlə münasibətdə növbəti kobud səhvi kimi qiymətləndirib.

“Ermənistan Avrasiya İqtisadi İttifaqının və KTMT-nin yeganə ölkəsi idi ki, paradda nəinki dövlət başçısı səviyyəsində, heç ikinci şəxs qismində də təmsil olunmamışdı, halbuki, məsələn, hansısa səbəbdən Paşinyan öz getmək istəməmişdisə, onu Ermənistan prezidenti Armen Sərkisyan əvəzləyə bilərdi. Fikrimcə, bu səhv Rusiya-Ermənistan münasibətlərinin kəskinləşməsi və Rusiya rəhbərliyinin Paşinyana və onun siyasətinə münasibətdə səbir kasası üçün sonuncu damla ola bilər”.

Erməni əsilli rusiyalı politoloq rəsmi Moskvanın işğalçı ölkə daxilində gedən siyasi proseslərə münasibəti ilə bağlı danışarkən isə bildirib ki, Rusiya hələlik bu proseslərdə aktiv rol almamağa çalışır.

“Ermənistanda hakimiyyət uğrunda çox ciddi və heç də konstruktiv axarda olmayan mübarizə gedir. Lakin Rusiya buna müdaxilə etmir. Paşinyan isə Qələbə paradına qatılmamaqdan əlavə hələ ki Rusiyaya qarşı kəskin gedişlər etmir. Bu da başa düşüləndir: Ermənistan əvvəlki kimi Rusiyanın güclü asılılığındadır. Digər tərəfdən, Rusiya anlayır ki, birincisi, Nikol Paşinyanın ona necə münasibət bəsləməsindən asılı olmayaraq, erməni əhalisinin əksəriyyəti tərəfindən seçilib və erməni vətəndaşlarının iradəsinə hörmət edir; ikincisi, nə qədər ki, əhali onu dəstəkləyir, Paşinyana qarşı hərəkətlər məntiqsiz olardı. Ən yaxşısı, Ermənistan vətəndaşlarının baş nazirə daha sərt, daha ayıq münasibətini gözləməkdir. Bu isə artıq tədricən baş verməkdədir”, – deyə o əlavə edib.

Beləcə, Ermənistanda növbəti dəfə Rusiya amilinin də iştirakçı olduğu yeni siyasi qovğanın baş verəcəyi günün uzaqda olmadığı qənaəti hasil olur…
“Yeni Müsavat

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir