Hurriyyet.org xəbər verir ki, Liviya hökuməti öz yazılı bəyanatında Rusiyanın xarici işlər naziri Lavrovun Milli Barışıq Hökumətinin “atəşkəs istəmədiyi” barəsindəki açıqlamasına “ölkənin şərqindəki qeyri-qanuni silahlı qüvvələrin lideri qiyamçı Həftəri müzakirə masasını tərk eləməsini” xatırladaraq etirazını bildirib.
Açıqlamada deyilir: “Liviya hökumətinin Berlin konfransının nəticələrini məmnuniyyətlə qarşılayaraq tətbiq eləməyə çalışdığını, Cenevrədə 5+5 Hərbi Komitə İclaslarına müsbət yanaşdığını, Həftərin isə həmin qərarları pozduğunu Lavrova xatırladırıq. Liviya hökuməti qurulandan bəri problemin həllinin sülh və razılaşma olacağına inanıb və bu istiqamətdə bir çox görüşdə iştirak edib. Bizə elə gəlir ki, BMT-nin himayəsi ilə Liviyanın cənub-qərbindəki Qadamiq şəhərində keçirilməsi nəzərdə tutulan Milli Dialoq Konfransına 10 gün qalmış Həftərin Tripoliyə hücum elədiyini xatırlatmağa gərək yoxdur”.
Qiyamçı Həftərin daim hücum eləməklə sülh və razılaşma yolunu tutmadığını aşkar göstərdiyi qeyd edilən açıqlamada deyilir: “Həftər Rusiya başda olmaqla bütün dünyanın tanıdığı və qanuni olduğunu qəbul elədiyi hökumətə zərbə vurmaq üçün fürsət axtarır”.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov dünən verdiyi açıqlamada Liviya hökumətinin atəşkəs razılaşmasını imzalamaq istəmədiyini, məsələni hərbi yolla həll eləməyə üstünlük verdiyini bildirmişdi.