Cəmiyyət

Məmurlar toylarını qeyd edirlər, sadə xalq isə cərimələnir – Azərbaycansayağı karantin

Ölkənin gündəmi karantin qadağalarına əskinə olaraq məmurların övladlarına, nəvələrinə toy məclisi keçirmələridir.

Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə avqustun 31-dək karantin elan edib. Rəsmi qaydalara əsasən ölkədə toy və marasimlər qadağandır. Qadağaların icrasına nəzarət edən Daxili İşlər Nazirliyi mütəmadi olaraq toy və mərasim keçirən şəxslərin cərimələnməsi, inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı məlumatlar, foto-video görüntülər yayır. Bu baxımdan vəzifəli şəxsləri toy mərasimi təşkil etməsi və buna görə cəzalandırılmaması sosial şəbəkələrin əsas müzakirə mövzusuna çevrilib.

Yerli mətbuatın yazdığına və sosial şəbəkələrdə yayılan görüntülərdən məlum olur ki, bir neçə gün əvvəl ölkənin Baş naziri, karantin qadağasını qoyan Operativ Qərargahın qərarlarının hazırlanmasına cavabdeh şəxs, Əli Əsədov “Sapfir” otelində qızına toy edib.

Sabiq deputat Hadı Rəcəbli də avqustun 20-də “Sea Breeze” restoranında oğluna toy məclisi keçirib.

Gündəmin daha çox müzakirə predmetinə isə AMEA-nın prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy məclisi çevrilib. Yayılan videogörüntülərdən bəlli olur ki, mərasimdə YAP-çı deputat Siyavuş Novruzov, həyat yoldaşı, Ombudsman Səbinə Əliyeva, Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov və digərləri iştirak edib.

Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyev qızı Fidan Əliyevaya Novxanıdakı bağ evində toy etməsini şəxsi işləri olduğunu söyləyib. O, məclisin pandemiya dövründə olmadığını vurğulasa da, video kadrlardan ofisiantların maska taxdığı görünür.

Gün ərzində mərasimdə iştirak edənlərin açıqlamaları və yayılan videolar toy məclisinin keçirildiyini təsdiqləyib.

Belə ki, yayılan videogörüntülərin birində Abel Məhərrəmov AMEA prezidentinin sağlığına “tost” deyir:

“Ramiz müəllim, biz sizin xidmətinizi yüksək qiymətləndiririk. Nəinki biz qiymətləndiririk, burda biz kimik, xırda adamlarıq, xalqımız, millətimiz böyük qiymətləndirir. Bax, o uğurların həyata keçirilməsinə, taktiki addımlara siz rəhbərlik etmisiniz. Bundan başqa, siz Azərbayacana rəhbərlik etmisiniz”.

Sabiq rektor onunla əlaqə saxlayan jurnalistlərin karantin qaydalarına görə toyların qadağan olunması haqda xatırlamalarına sərt reaksiya verib:

“Axı Abel müəllim nə pis iş görüb? Məgər biz cinayətkarıq? Məgər biz toy etmişik? Adamı toya çağıranda gedərlər!”

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov “Yenisabah.az” saytına bildirib ki, toy bütün qayda-qanunlara uyğun olaraq keçirilib. Yəni, Azərbaycan hökumətinin açıq havada oturmaqla bağlı qərarı var. O qərara əməl olunub.

Siyavuş Novruzov Milli Məclisdə xüsusi karantin rejiminin qaydalarının pozulması ilə bağlı cəzaların sərtləşdirilməsinin tələb edirdi.

Deputat parlamentdə dediklərini bir daha təsdiqləyib:

“Bəli, bəli. Biz hamımız məsafəni gözləmişik. O videonu kim necə çəkib, özü bilər. Mən boyda kişinin sözünü qoymusan, videoya inanırsan. Mən çəkən kimdi onu da bilirəm. Əfqanıstanda “naçalnik razvetka”nın sədri işləmişəm. Onu da bilirəm, bunu da bilirəm. Hər şey orada gözlənilib, qayda-qanuna da əməl olunub”.

Deputat sonda “iştirak eləmişəm, düz eləmişəm…” deyərək məsələni qapayıb.

“Azpolitika.info” yazıb ki, deputat Etibar Əliyev qaydaları pozduğu üçün Ramiz Mehdiyevi istefaya çağırıb:

“Pandemiya dövründə ölkənin karantin rejimi qaydalarını kobud surətdə pozduğuna görə AMEA-nin prezidenti vəzifəsindən dərhal istefa verməlidir”.

Deputatın fikrincə, R.Mehdiyevin karantin günlərində qadağaya məhəl qoymayaraq, nəvəsinə toy etməsi qanunlara hörmətsizlikdir.

“Bu hərəkət bütün AMEA əməkdaşları və digər vətəndaşlar üçün çox pis örnəkdir. Həmçinin Dövlətin qanunlarına birbaşa sayğısızlıqdır”, – deputat qeyd edib.

Nazirlər Kabineti yanında Operativ Qərargah martın 14-dən toy və yas mərasimlərinin keçirilməsinə qadağa qoyub. Bu barədə Nazirlər Kabinetinin 13 mart qərarında deyilir ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq və virusun qarşısının alınması istiqamətində ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yaranıb. Bununla əlaqədar bir ay müddətində kütləvi tədbirlərin təxirə salınıb. Sonradan karantin müddəti avqustun 31-dək uzadılıb.

Bu qərardan sonra Şəmkir rayonunda, Beyləqanda yas, Gəncədə nişan mərasimləri keçirənlər cərimələniblər.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir