Manşet

Regionda yeni müharibə ehtimalı: Azərbaycana təhlükə sovuşubmu? – GƏLİŞMƏ

Azərbaycanın yerləşdiyi regionu gözləyən ABŞ-İran müharibəsi təhlükəsinin aradan qalxıb-qalxmadığı yönündə yaranan suallar hər zaman aktuallığını saxlayır. Bu suallar ətrafında ekspertlərin mövqeləri heç də birmənalı deyil. Müharibə riskinin hələ də qaldığını düşünənlər də, bunun əksini deyənlər də var.

Çoxları hesab edir ki, bu ilin əvvəllərindən etibarən dünyanı ağuşuna alan koronavirus iki ölkə arasındakı gərginliyin xeyli dərəcədə səngiməsinə səbəb olub. Bunun uzunmüddətli olmayacağı ehtimal edilir. Bu il noyabrın 3-də ABŞ-da keçiriləcək prezident seçkilərinin də burada mühüm rol oynadığı vurğulanır. Rəsmi Vaşinqtonun həmin seçkilərdən sonra cənub qonşumuza qarşı hərəkətə keçəcəyi qeyd olunur.

Onu da qeyd edək ki, ABŞ-İran gərginliyində səngimələr olsa da, rəsmi Tehranın Birləşmiş Ştatların regionda yerləşən müttəfiqləri ilə qarşıdurması yaranmaqdadır. Sonuncu belə bir gərginlik Birləşmiş Ərəb Əmirlikləri ilə yaşanıb. Bütün bunlardan çıxış edərək, “hazırda yaxın gələcəkdə Amerikanın İrana hücumu realdırmı” kimi sual əsasdır.

Müsəlman dövləti olmasına baxmayaraq, Azərbaycanın müstəqilliyinə təhdid mənbəyi kimi göstərilən İranın zəiflədilməsinin ölkəmizə xeyrinin olub-olmadığı yönündə fərqli mövqelərə rast gəlirik. Amma “qulağımızın dibində” belə bir dəhşətli müharibənin olmasının Azərbaycana sərf etmədiyi ilə bağlı fikirlər daha çox səsləndirilir.

“Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli: “Əvvəla, onu deyim ki, ABŞ-İran müharibəsini gözləmirəm, heç zaman da gözləməmişəm. 40 ildən çoxdur ki, hər kəs dünyanı ABŞ-İran müharibəsi ilə qorxudur. Amma ortada bir şey yoxdur. Bunun səbəbləri başqa bir mövzunun söhbətidir və bu barədə sizin mətbuata zamanında demişəm. İranın zəiflədilməsi, yaxud dağılması Azərbaycanın xeyrinədir, yaxud ziyanındadır? Bu suala belə cavab vermək olar ki, hər şey ssenarinin necə gedəcəyindən asılıdır. Təxmin edin ki, ABŞ-İran müharibəsi başlayır, cənub qonşumuzu Birləşmiş Ştatlar işğal edir və Cənubi Azərbaycanda müstəqil bir türk dövləti qurulur. Təbii ki, bu, bizim xeyrimizədir. Yaxud İranda düşündüyümüz dövlət qurulur, orada türk dili fars dili kimi bərabərhüquqlu dövlət dili olur, hakimiyyət farslarla türklər arasında birləşdirilir, bu, Azərbaycanın xeyrinədir. O zaman, təbii ki, biz İranda dəyişiklik olmasını istəyirik. Amma əksi olacaq, müharibə nəticəsində oradakı qaçqınlar ölkəmizə axışacaq, İran Suriya və İraqın böyük bir formasına çevriləcək, orada olan savaşlar Azərbaycana sıçrayacaq, təbii ki, bunlar ziyanımıza olar. İkinci ssenarini daha real saydığım üçün cənub qonşumuzda vəziyyətin sabit qalmasının tərəfdarıyam. Amma İranın demokratikləşməsi, oradakı soydaşlarımızın hüquqlarının bərpa olunması şərti ilə sabitliyin olmasını istərdim”.

Siyasi şərhçi Yeganə Hacıyevanın da proqnozları diqqət çəkir: “Öncə onu deyim ki, son 30 ildə strateji əhəmiyyətə malik, unikal mineral və karbohidrogen ehtiyatları ilə zəngin, Avropa, Asiya və Afrikanı birləşdirən mühüm iqtisadi və strateji yolların kəsişməsində yerləşən Yaxın Şərq regionunda qlobal güclərin enerji resurslarının bölgüsü, regionda nüfuz uğrunda mübarizəsi yekunlaşandan sonra bu mübarizənin digər bir strateji regionda davam etməsi aydın idi. Yaxın Şərq regionundan sonra dünya iqtisadiyyatında mühüm rol oynayan dəniz, quru və hava nəqliyyatı xətləri keçən, qitələrarası enerji nəqli marşrutlarında strateji bənd olan Cənubi Qafqaz regionunda qlobal güclərin nüfuz bölgüsü, mübarizəsi həmişə mövcud olsa da, bu mübarizə artıq aqressiv mərhələyə qədəm qoyur. Bu prosesdə üzdə görünən birbaşa, gözlə görünməyən hibrid üsullarla iştirakçılar mövcuddur və biz bu haqda çox danışmışıq. Müharibə riski haqqında danışsaq, öncə onu deyim ki, mövcud konfiqurasiyada ABŞ-Rusiya-İran qarşıdurmasından Azərbaycanın əldə edə biləcəyi üstünlüklər və bir sıra siyasi məsələlər də var ki, bizdə bu proseslərdə onların həlli gözləntilərimiz var. Haqqında danışdığım məsələ siyasi-iqtisadi qarşıdurma və bizim bu qarşıdurmadan yararlanmamızdan söhbət gedir. Yəni Azərbaycanın ABŞ-İran, ABŞ-Rusiya arasında siyasi qarşıdırmadan qazana biləcəyi nüanslar var. Amma hərbi qarşıdurma və müharibə haqqında danışsaq, bu region üçün arzuolunmaz nəticələr verə bilər. Azərbaycan olaraq bu bizə lazım deyil. Çünki İran güclü müdafiə səddinə malik ölkədir, bir neçə əsrdir özü ilə yanaşı, ətrafında olan ölkələrdə və bu ölkələrdəki sərhəd xalqlardan şiə hilalı yaratmaqla öz sərhədlərini başqa xalqların hesabına qoruyur. İran İraq və ya Suriya deyil və İranla açıq silahlı münaqişə qlobal təhlükəsizliyə hədədir. Trampın dövründə ABŞ-ın xarici siyasətində ümumiyyətlə, bütün regionlarda ənənəvi siyasətində kənarlaşmalar oldu. ABŞ-ın regionlar üzrə siyasəti əsasən iqtisadi çıxarlar üzərində quruldu və bəzi regionlarda iqtisadi çıxarların üzərində qurulan siyasət təhlükəsizlik məsələlərini ikinci plana atdı.

Tramp 2020-ci il seçkilərində təkrar prezident seçilməsə belə, yeni gələn prezident ABŞ siyasətində çox şeyi dəyişə bilməyəcək. Çünki Birləşmiş Ştatlar istər Yaxın Şərq siyasətində, istər Rusiya, istərsə də Mərkəzi Asiyaya münasibətlərində daha təhlükəsiz, özünə daha uyğun siyasətdən kənara çıxıb. Bu isə regionlarda digər oyunçuların mövqelərinin güclənməsinə xidmət etdi. Amma Tramp namizədliyi və prezidentliyi dövründə İranla düşmənçiliyi hər nə qədər də siyasətinin ana xətti kimi tutsa da, heç vaxt İranla bağlı açıq qarşıdurmaya səbəb olacaq konkret addım atmaq fikrində olmayıb. ABŞ-İran müharibəsi təhlükəsinin aradan qalxmasında pandemiyanın rolu isə sıfırdır. Bu ancaq İranın daxildə nüvə obyektlərinə, xaricdə maraq və nüfuz dairəsinə aid olan hərbi və strateji xətlərə zərbələr endirmə yolu ilə davam edəcək”.

Politoloq Məhəmməd Əsədullazadə müharibə riskinin qaldığını düşünür: “Azərbaycana region olaraq qonşu olduğu Yaxın Şərqdə baş verənlər müəyyən dərəcədə təsir edir. İlk növbədə İranın Yaxın Şərqdə aktiv hərbi-siyasi hərəkətliliyi ABŞ-la davam edən problemlər müharibə variantini taktiki olaraq arxa plana keçirsə də, müharibə variantı daima masadadır. Suriya və İraqdakı müharibələr lokal olaraq davam edir. Həmçinin İsrail-İran münasibətləri son günlərdə daha aktiv fazaya keçib.Yaxın Şərqdə suların bundan sonra isinəcəyi, sülh və sabitliyin təmin olunması uzun illər davam edəcək. Çünki regionda olan dövlətlərin siyasəti, buradakı karbohidrogen yataqları üzərindən maraqlı ölkələrin bu regionda maraqlarının toqquşması hələ davam edəcək. Azərbaycanda Yaxın Şərqdə və qonşusu İran ətrafında baş verənlərə diqqətli olmalı və bu istiqamətdə öz maraqlarına uyğun siyasət həyata keçirilməlidir ki, öz təhlükəsizliyinə risk olmasın. Çünki Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi problemlər qalmaqdadır. Hesab edirəm ki, Azərbaycanın da yaxın olduğu regionda müharibə və problemlərin davam edəcəyi gözlənilir. Regionun ən aktual, daha riskli müharibəsi ABŞ-İran müharibəsidir. Bu ABŞ-da seçkilərə görə müəyyən dərəcədə müzakirə edilməsə də, amma risk qalmaqdadır. İsrail Suriyada onsuz da Vaşinqtonun təlimatlari ilə İran hərbi obyektlərinə mütəmadi aviazərbələr endirir. Bundan əlavə, BƏƏ ilə İran arasında son günlərdə vəziyyət daha da kəskinləşib. Bu geniş müharibəyə gətirməsə də, körfəz də müharibə riskini gündəmdə saxlayır. BƏƏ və İran arasında müharibə başlasa, ABŞ və İsrail İrana kəskin hücum edə bilər. Bu da Yaxın Şərqdə ciddi və geniş müharibəyə gətirib çıxarar. Bunun da Azərbaycanın daxil olduğu regiona təsirləri qaçılmaz olar. İsrail, ABŞ çalışa bilərlər ki, İrana qarşı hər istiqamətdə hücumlar etsin. Əlbəttə ki, bu müharibə Azərbaycanın maraqlarına cavab vermir. Amma İranın zəifləməsi ölkəmizin maraqlarına cavab verir. Çünki İranın hərbi gücü və maliyyə imkanları genişləndikcə region ölkələrinə təsirləri artır. Yaxın Şərqdə baş verənlərdə İranın rolunun hansı istiqamətdə təhlükəli olduğunu görürük. Hesab edirəm ki, İranın zəifləməsi bu ölkənin öz daxili işlərinə çəkilib aqressiv siyasət yeritməməklə qonşularla normal münasibətlər qurmasına gətirər. Amma hesab edirəm ki, ABŞ-da prezident seçkilərindən sonra biz İran-ABŞ problemlərinin daha aqressiv mərhələyə keçəcəyinin şahidi olacağıq”.
“Yeni Müsavat”


Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir