Manşet Sosial

Azərbaycanda yeniyetmə dörd dəfə uşaq dünyaya gətirib

Azərbaycanda erkən, məcburi nikahların çoxu ölkənin cənub bölgələrində qeydə alınıb.

Bu barədə Azərbaycan İnsan Hüquqları Mərkəzinin rəhbəri Eldar Zeynalov Media.Az-a müsahibəsində deyib.

Onun sözlərinə görə, belə hadisələrin çoxu ictimaiyyətə açıqlanmır.

Hüquq müdafiəçisi bir il əvvəl Azərbaycanda 15 yaşlı qızın 60 yaşlı rus dili müəllimi tərəfindən təcavüz edilərək hamilə qaldığını xatırladıb.

O, qeyd edib ki, başqa bir hadisə isə təxminən iki il əvvəl Lerikdə baş verib. Orada yaşlı bir müəllim qızın sadəliyindən faydalanıb, nəticədə, azyaşlı hamilə qalıb. Valideynləri, sinif yoldaşları və ətrafdakılar qızın çəkisinin artdığını düşünüblər. Bir müddət sonra azyaşlı sinifdə doğuş edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ildə Azərbaycanda 15 yaşdan 17 yaşa qədər qızların 2000-2500 doğuş etməsi faktı qeydə alınıb. Yeri gəlmişkən, bu rəqəmlər 10 il əvvəlkindən xeyli azdır.

“Üstəlik, bəziləri üçüncü və dördüncü dəfə uşaq dünyaya gətirirlər. 17 yaşlı bir qızın dördüncü dəfə doğuş etməsini təsəvvürünüzə gətirirsinizmi?! Belə çıxır ki, o, aktiv cinsi həyat yaşayır, bu kimi hallara diqqət yetirmək lazımdır. Uşağa təcavüz faktına görə isə heç kim məsuliyyət daşımır. Nə təcavüzkar, nə valideyn, nə dini nikah mərasimini keçirən molla, nə küçədə hamilə azyaşlı qızı görən və gözlərini yuman rayon polis işçisi, nə də körpəni dünyaya gətirən həkim… Bu siyahını davam etmək də olar!”, – deyə hüquq müdafiəçisi bildirib.

O, qeyd edib ki, dini nikaha kifayət qədər diqqət yetirilmir, bu mövzu praktik olaraq nəzarətsiz qalır:

“Bu məsələni araşdırmaq üçün idarələrarası işçi qrupu yaratmaq lazımdır. Buraya Qadın, Uşaq və Ailə Problemləri üzrə Dövlət Komitəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Qafqaz Müsəlmanları İdarəsinin, Daxili İşlər, Səhiyyə və Ədliyyə nazirliklərinin nümayəndələri daxil edilməlidir.

Zərərçəkənlər polis tərəfindən müdafiə olunduqlarını hiss etmirlər. Bu səbəbdən də hüquq-mühafizə orqanlarına müraciət etməkdən çəkinirlər. Proqramlar qəbul edə, maarifləndirici tədbirlər həyata keçirilə bilər, amma real statistika təəssüf doğurur”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir