Kriminal

Bakıda 22 yaşlı oğlan qayınatasını qətlə yetirib – YENİLƏNMƏ

Avqustun 31-də saat 10 radələrində paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində 1967-ci il təvəllüdlü Xalıq Bağırov bıçaqlanıb.

Bu barədə Binəqədi Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla hadisənin zərərçəkmişin kürəkəni 1998-ci il təvəllüdlü Ayxan Hüseynəliyev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı çoxsaylı bıçaq xəsarətləri yetirilməklə törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, A.Hüseynəliyev narkotik istifadəçisi olub. O, qayınatası X.Bağırovu 16 bıçaq zərbəsi ilə qətlə yetirib.

İlkin məlumata görə, münaqişəyə səbəb A.Hüseynəliyevin X.Bağırovun qızı ilə boşanması olub. Son iki ildə ər-arvad arasında münasibətlər kəskin pisləşib və onlar boşanma ilə bağlı məhkəməyə müraciət ediblər.

Ayxan Hüseynəliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir