Cəmiyyət

Baş prokurorun həbsdə olan keçmiş müavinindən xəbər var

Ali Məhkəmədə Bakıda dələduzluqda təqsirləndirilən Məmmədvəli Cəfərovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Report-un xəbərinə görə, hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə M.Cəfərovun kassasiya şikayətini geri götürdüyü məlum olub.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Cəfərov altı il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə iclası zalında həbs olunub. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.

İttihama görə, Vəkillər Kollegiyasının üzvü olmuş M.Cəfərov zərərçəkmiş Rəşad Yusifovun etibarından sui-istifadə edərək ona qarşı külli miqdarda dələduzluq edib.

Belə ki, o, R.Yusifovun həbsdə olan atası Rəhman Yusifovu Ali Məhkəmədən azadlığa buraxdıracağını vəd verib və ondan 150 min manat pul alıb. Lakin sonradan M.Cəfərov verdiyi vədə əməl etməyib.

Zərərçəkmişin hüquq-mühafizə orqanlarına şikayəti əsasında saxlanılan M.Cəfərov barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməmişdi.

Xatırladaq ki, M.Cəfərov həbs edilənə qədər Bakı şəhəri 13 saylı Vəkil Bürosunda fəaliyyət göstərib. Həmçinin o, Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin 4 avqust 1992-ci ildə imzaladığı sərəncama əsasən, Baş prokurorun müavini təyin edilib. M.Cəfərov bir neçə ay bu vəzifədə çalışıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir