Axar.az əməkdar artist Bəhram Bağırzadənin Teleqraf.com-a müsahibəsini təqdim edir:
– Bəhram müəllim, bu gün 48 yaşınız tamam olur. Doğum gününüzü necə qeyd edirsiniz?
– 12 ildir doğum günümü qeyd etmirəm. Atam dünyasını dəyişəndən sonra sadəcə ailəvi bir yerə toplaşırıq və süfrə ətrafında otururuq.
– Komadan ayılandan sonra keçirdiyiniz ilk doğum gününüzdür. Özünüzə nə arzu edirsiniz?
– Bəli, bundan sonra iki doğum günüm olacaq. Sentyabrın 4-də anadan olmuşam, iyulun 2-də isə komadan ayılmışam. 20 gün komada qaldım. Allah məni iyulun 2-də bu dünyaya qaytardı. Ona görə xalqımıza minnətdarlığımı bildirirəm. Allah onların dualarını qəbul etdi ki, əziyyətdən çıxdım. Qohumlarıma, dostlarıma və ən əsası Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm.
Mehriban xanıma borcluyam. Həmin gün Mehriban Əliyeva qərar verməsəydi, bu gün danışa bilməzdim. Arzum isə odur ki, millətimi, Azərbaycan xalqını sağlam görmək istəyirəm. Heç kim xəstələnməsin. Yalnız fiziki deyil, ruhən də sağlam olaq.
– Sizi ilk təbrik edən kim oldu?
– İlk təbrik anamdan gəldi. Gecə saat 12-dən sonra həyat yoldaşım və övladlarım iş otağıma tort və şarlarla daxil olaraq təbrik etdilər. Bu gün mənə Almaniyadan, Amerikadan və hətta Yaponiyadan çoxlu zənglər gəldi. Eləcə də sosial şəbəkədə 1200-ə yaxın təbrik mesajı yazılıb. Onların hamısına bir-bir cavab yazıram. Heç bir mesaj cavabsız qalmayıb.
– Hazırda səhhətiniz necədir?
– Səhhətim yaxşıdır və arzu edirəm ki, bir daha səhhətimi soruşanda deyim əlayam. Hərəkətimdə çətinlik var, 20 kq çəki itirmişəm. Buna baxmayaraq on gündür ki, avtomobil sürürəm, dənizə gedib təmiz hava alıram. Reabilitasiya dövrü davam edir, fizioterapiyaya gedirəm.
– Xəstəxanadan çıxanda sizi əməkdar artistlər Tahir İmanov və Cabir İmanov qarşıladı. Onlarla yenidən bir araya gəldiniz?
– Hər biri ilə 24 saat ərzində onlayn görüşürəm, skaypla danışıram. Hələ ki canlı görüşmürəm. Heç kimi narahat etmək istəmirəm. Tahir İmanov, Cabir İmanov və Murad Dadaşov çox dəstək olub, biz artıq dost yox, qardaşıq. Allah qismət eləsin, bundan sonra da uzun və mənalı ömür keçirək.
– Yaxın günlərdə uşaqlar üçün kitablarınız dərc edildi. Hazırda hansı kitab üzərində işləyirsiniz?
– Bəli, hazırda da iş başındayam. İş həmişə var. Heç vaxt işsiz qalmamışam. Şamaxı, Gəncə və Qəbələ üçün kitab hazırladım. Tbilisi, London və Moskva haqqında kitablarım isə nəşr ediləcək.