Cəmiyyət

Su Polisindən əməliyyat: Balıqları kütləvi şəkildə məhv edən şəxslər tutuldular

Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən balıqları kütləvi şəkildə məhv edən şəxslər saxlanılıblar.

Qazax rayonunda Qarayazı Dövlət Təbiət Qoruğunda həyata keçirilən tədbir zamanı elektrik avadanlıqları ilə qanunsuz olaraq balıq ovlayan rayon sakini Kərəm Mansurov tutulub. Araşdırma zamanı həmin şəxsin balıqçılıqla məşğul olması üçün heç bir icazəsinin olmadığı məlum olub. Kərəm Mansurovla aparılan profilaktik söhbət zamanı ona elektrik avadanlıqları ilə balıq tutmanın təhlükəli olduğu və bu halın suda yaşayan canlıların kütləvi məhvinə səbəb olduğu izah edilib.

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən dəfələrlə edilən xəbərdalıqlara baxmayaraq brakonyerliklə məşğul olan şəxslərə qarşı daha bir tədbir Qaradağ rayonu Sahil qəsəbəsində həyata keçirilib. Həmin ünvanda qanunsuz olaraq dənizdə tor quraraq balıq ovlayan paytaxt sakinləri Nəriman Abdullayev və Ziyafət Məcidov saxlanılıblar. Baxış zamanı həmin şəxslərdən qanunsuz balıq ovu ilə məşğul olan zaman istifadə etdikləri qayıq, tor, balıqovlama alətləri və qanunsuz olaraq tutduqları müxtəlif növ balıq aşkar olunaraq götürülüb. Sorğu zamanı bu şəxslərin heç birinin balıqovlama biletinin olmadığı aşkarlanıb.

Qeyd edək ki, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən balıqçılıqla məşğul olan şəxslərlə mütəmadi olaraq profilaktik söhbətlər aparılır. Həmin şəxslərin diqqətinə çatdırılır ki, Asan Xidmət Mərkəzlərində dövlət rüsumu ödəməklə kvotalar əldə edərək müəyyən edilən çəkidə və qaydalarda balıq tutmaqla məşğul olmaq mümkündür. Dənizdə və su hövzələrində tor qurmaq və elektrik avadanlıqlarından istifadə etməklə balıq tutmaq isə qanunla qəti qadağan olunub.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir