Manşet

Bizim savaşımız təkcə bizim deyil…

Əvvəllər də qeyd etdiyim kimi, Qarabağ savaşı bu gün əsasən yeni geosiyasi konstruksiyanın qurulması bucağından nəzərdən keçirilməlidir. Amma bunun üçün öncə bir neçə məqamı nəzərdən keçirməliyik.

Yeni qlobal oyunçu olan Çinin ətrafında qurulan geosiyasətin əsas istiqamətləri nələrdən ibarətdir? Çinin artan iqtisadi qüdrəti, istehsal gücü və bunların nəticəsi olaraq qlobal istehlak bazarına təsiri əvvəllər çox da aktual olmayan amili – logistika və daşımaları qlobal siyasətin ön planına çıxarır.

ABŞ və Avropa istehlak bazarlarının durmadan artan tələbatları daşımaların, nəqliyyat və kommunikasiyaların xüsusi çəkisini artırmaqla yanaşı, onlara nəzarət uğrunda mübarizəni də kəskinləşdirir.

Bu mübarizədə də ABŞ və Rusiya kimi ənənəvi oyunçularla yanaşı, onların tərəfdaşları və müttəfiqləri də fəal iştirak edirlər. Əgər Cənubi Çin dənizindəki süni adalara nəzarət uğrunda mübarizə ABŞ-la Çin arasında gedirsə, digər daha mühüm bölgədə – Yaxın Şərqdə bu mübarizə daha mürəkkəb konstruksiyaya malikdir.

İqtisadi, ticari, siyasi və mədəni maraqların qovuşduğu, hal-hazırda isə daha çox toqquşduğu bölgə kimi əsrlər boyu döyüş meydanı olmuş Yaxın Şərq bu gün də özəl əhəmiyyətini qoruyub saxlamaqdadır. Bir o fərqlə ki, müsair dövrdə bölgəyə nəzarət uğrunda mübarizə aparan güclər əvvəlkindən fərqlidir.

Bundan başqa da həmin mübarizə bir növ komandalararası xarakter daşıyır. Belə ki, kanallar, dəniz yolları, limanlar və digər nəqliyyat-kommunikasiya qovşaqları ilə zəngin Böyük Orta Doğuya nəzarət uğrunda mübarizə əsasən ABŞ və Rusiya “komandaları” arasında gedir. Mübarizənin detalları haqda bir qədər sonra.

Öncə Böyük Orta Doğu anlayışına bir qədər aydınlıq gətirək. 2000-cı illərin əvvəllərində gündəmə gələn bu siyasi termin (Extended Middle East və ya qisa MENA) özündə Yaxın Şərqlə yanaşı Ərəb Məğribini, Şimali Afrikanı, Afrika Buynuzunu, Əfqanısatanı, Pakistanı və qismən də Cənubu Qafqazı birləşdirir.

Aşağıdakı xəritədən göründüyü kimi, təkcə enerji daşıyıcıları ilə deyil, həm də nəqliyyat dəhlizləri və kommunikasiya imkanları ilə zəngin olan bu bölgə müasir geosiyasi maraqların toqquşduğu əsas məkandır. Kolonializm dövründən fərqli olaraq bu gün qlobal oyunçular bölgə ölkələri arasında müttəfiqlərə malik olmalıdılar.

Əgər ABŞ-ın həmin bölgədəki müttəfiqi kimi Türkiyə, İsrail, bəzi ərəb ölkələri və qismən də Çinlə sıx əlaqələrə malik olan Pakistan çıxış edirsə, Rusiya bölgəyə təsirinin reallaşdırılmasını İran, Suriya və belə görünür ki, həm də Hindistanla tərəfdaşlıqda görür.

Azsaylı “komanda” kimi görünsə də, Rusiyanın hədəflədiyi konstruksiya baş tutacağı halda daha effektiv ola bilər, amma bunun üçün hələlik yalnız Suriyada və Liviyada məhdud güclə təmsil olunan Rusiya bölgəyə daha geniş çıxış imkanı əldə etməlidir.

Bu, ən asan yolla Cənubi Qafqaz və İran üzərindən keçə bilər ki, elə həmin səbəbdən də ABŞ və müttəfiqləri onun Şimal – Cənub dəhlizilə Yaxın Şərqə çıxışının qarşısını bizim bölgədə almağa çalışırlar. Amma ABŞ-ın v İsrailin postsovet məkanda müstəsna rola malik olan Rusiya ilə rəqabət aparmaq imkanları məhuddudur.

Elə həmin səbəbdən də ABŞ Gürcüstanda NATO-nun, Azərbaycanda isə Türkiyənin imkanlarından istifadə etməyə çalışır. Artıq Suriya və Liviyada Rusiya ilə qarşıdurmada təcrübə əldə etmiş və öz təsirini bölgə ölkələrinin bir neçəsinə yaymağa nail olmuş Türkiyə bu məsələdə ən uğurlu tərəfdaş kimi görünür.

Bölgəyə Rusiya təsirini azaltmaq üçün həm də Cənubi Qafqazdakı etnik-ərazi münaqişələrini həll etmək zərurəti ön plana çıxır, çünki həmin münaqişələri siyasi və geosiyasi alət kimi istifadə edən Moskva həm də onların vasitəsilə bölgəni öz nəzarətində saxlayır.

Bu mənada bir tərəfdən Gürcüstanın Avropaya və NATO-ya inteqrasiyası, digər tərəfdən isə Azərbaycan – Türkiyə hərbi-siyasi əməkdaşlığı bu ölkələrə münaqişələrin təsirini kəskin şəkildə azalda bilər. Amma Rusiya ilə də sıx əlaqələrə malik olan hər iki ölkəyə belə bir təhlükəli layihədə iştirakın qarşılığı verilməlidir.

Separatçı bölgələrinə nəzarəti tam olaraq itirmiş Gürcüstan üçün Avroatlantik məkana inteqrasiya önəmli olduğu kimi, belə bir inteqrasiyaya skeptik yanaşdığından ondan kənar qalmış Azərbaycan üçün isə ərazi bütövlüyünün bərpası həyati əhəmiyyət kəsb edir.

Görünür, elə bu səbəbdən də Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək cəhdi onun yaxın tərəfdaşı Türkiyə ilə müttəfiq olan ölkələr tərəfindən anlaşma ilə qarşılanır. Digər tərəfdən isə Rusiyanın və İranın həmin addıma “ehtiyatlı” münasibəti də bu mənada anlaşılandır.

Təsvir olunan geosiyasi konstruksiyaya ən maraqlı mövqe sərgiləyən isə bütün bunların ətrafında baş verdiyi Çindir. Öz xarici siyasətini təmkinlə diversifikasiya edən Pekin bir tərəfdən Pakistanla güclü hərbi-siyasi-iqtisadi ittifaqa malikdirsə, digər tərəfdən də üzərindəki ABŞ sanksiyaları durmadan artan Tehranı müxtəlif təkliflərlə şirnikləndirməyə çalışır.

Belə görünür ki, Pekin daha çox ABŞ-ın üstünlük əldə etməsində maraqlıdır, amma həm də metodik şəkildə öz xəttini yürüdür: İrana yüz milyardlarla kredit və investisiya paketi təklif edən Çin, Azərbaycanı da unutmur. Təkcə son təxminən bir il ərzində Pekinin yüksək rəsmiləri 3 dəfə Bakıda səfər edərək, ölkə rəhbərliyilə danışıqlar aparıblar.

Cənubi Qafqaz və Azərbaycan ətrafında yaranmış vəziyyət risklərlə yanaşı, eyni zamanda bizim üçün də ölkənin ərazi bütövlüyünü bərpa etməyə tarixi şanslar yaradır. Düzgün seçimlər edərək, optimal və rasional addımlar atılacağı halda da Azərbaycan öz məqsədinə çata bilər.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir