Cəmiyyət

Bakı Polisindən sərnişinlərə XƏBƏRDARLIQ

Ölkə ərazisində hərbi vəziyyət elan edilməsi ilə əlaqədar qanunda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsindən irəli gələn tapşırıqların icrasının təmin olunması, habelə yeni növ koronavirusun (COVID-19) kütləvi yayılmasının qarşısının alınması məqsədilə “Bakı Metropoliteni”ndə gücləndirilmiş nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Bununla bağlı Daxili işlər Nazirliyi məlumat yayıb.

Bununla əlaqədar Bakı Metropolitenində Polis Şöbəsinin şəxsi heyəti və stansiyaların giriş-çıxışlarında xidmətə cəlb edilən polis əməkdaşları metroya daxil olan sərnişinlərlə izahedici söhbətlər apararaq, onlardan mövcud qaydalara əməl etməyi tələb edirlər.

Bu qaydalara görə, sərnişinlər “İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”in tələblərinə əməl etməli, o cümlədən, stansiyalara daxil olan zaman tibbi maska taxmalıdırlar.

Polis əməkdaşları metropolitenə qaydalara məhəl qoymadan daxil olmaq istəyən şəxslərə əvvəlcə xəbərdarlıq edərək, onlara stansiyaların girişində satışı təşkil edilən tibbi maskalardan almağı tövsiyə edirlər.

Bu tələbə də riayət etməyən şəxslər isə inzibati məsuliyyətə cəlb olunurlar. Həmçinin, stansiyaların girişlərində yoxlama məntəqələrində sosial məsafəni qorumağın vacibliyi xatırladılır hərarətin ölçülməsi tətbiq edilir.

Bakı metrosunda karantin qaydlarına əməl olunmasını təmin etmək məqsədi ilə polis əməkdaşları tərəfindən nəzarət bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.

Qeyd edək ki, COVID-19 infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 2 noyabr saat 06:00-dək uzadılıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir