“Azərbaycan ordusunun hər qələbəsinə sevinirəm! İlham Əliyevlə fəxr edirəm!”
Uzyn.kz saytının məlumatına görə, Qazaxıstan Respublikasının ictimai xadimi, Qazaxıstan Jurnalistlər Birliyinin üzvü, Beynəlxalq “Azərbaycan dünyası” jurnalının Qazaxıstandakı nümayəndəsi Nasixa Qumarqızı Qarabağdakı vəziyyətlə bağlı fikirlərini bildirərkən belə söyləyib.
O, 1992-ci il Xocalı soyqırımını, Ağdam hadisələrini, Ermənistan ordusunun dinc sakinləri minaatanlardan atəşə tutması nəticəsində Füzuli bölgəsində kiçik Zəhranın ölümünü, o cümlədən son günlərdə Azərbaycanın münaqişə bölgəsindən uzaq şəhərlərinə gecə ballistik raketlərlə barbar hücumları, dinc şəkildə yatan qadınların, qocaların və uşaqların amansız şəkildə öldürülməsini ürək ağrısı ilə izlədiyini bildirib.
O, Azərbaycanı özünün müttəfiqi, müsəlman, türk qardaşı adlandıran bəzi ölkələrin rəsmən Azərbaycana, Prezident İlham Əliyevə mənəvi dəstək olmağa cəsarət edə bilmədiyini vurğulayıb:
“Azərbaycanın maddi dəstəyə, silah tədarükünə ehtiyacı yoxdur. Azərbaycan güclü ordu ilə təchiz olunub, kənar yardım və müdaxiləyə ehtiyac duymur. Atalar sözü boş yerə deyilmir: “Dost dar gündə tanınar”. Azərbaycanın azadlıq müharibəsi kimin kim olduğunu göstərdi”.
O, ölkəsi ilə Azərbaycan arasında münasibətlərin çox qədim tarixə malik olduğunu vurğulayaraq, 300 millətin yaşadığı Qazaxıstan xalqının Azərbaycana yalnız qələbə və doğma torpaqlarını işğaldan tamamilə azad etməsini dilədiyini qeyd edib.
“Hazırda Qazaxıstanda Azərbaycana dəstək aksiyaları güclənib. Yaşlılar da, gənclər də, hamı Azərbaycan xalqının nə qədər doğma olduğunu başa düşür. Hamı Qarabağın azad olunacağına inanır və ümid bəsləyir. Qarabağda bağlar çiçək açacaq!”, – deyə Nasixa Qumarqızı sözlərini yekunlaşdırıb.