Manşet

“İki könül bir olanda” adlı şeirlər kitabının təqdimatı keçirilib

Hüseyn Səmədovun yeni nəşr olunmuş “İki könül bir olanda” adlı şeirlər kitabı oxucularla növbəti görüşüdür.

Kitabda müəllifin Vətənə, yurda, ana təbiətin ilahi gözəlliyinə, məhəbbət mövzuları üstünlük təşkil edir. Şeir nümunələri klassik aşıq şeir üslubundadır həmçinin dili rəvan və oxunaqlıdır.

İnanırıq ki, kitab oxucuların rəğbətini qazanacaq.

Güzarım doğulduğum rayona düşmüşdü. Xatirəsi həmişə mənim üçün əziz olan, unudulmaz, həm tələbə yoldaşım, həm də yaxın dostum Ələkbər Ələkbərovun kiçik qardaşı Əkbər zəng edib rayon mərkəzində görüşmək istədiyini bildirdi. Vədələşib görüşdük. Əkbər mənə bir qovluq təqdim edərək dedi:

– Bu bizim yaxın qohumumuz Hüseyn Səmədovun öz xətti ilə yazdığı əlyazmalardır. Nədənsə sağlığında bu şeirləri kitab şəklində çap etdirmək haqqında düşünməyib. İndi mən təkidlə ailə üzvlərindən xahiş etdim ki, bu şeirləri çap etdirmək məsləhətdir.

Ertəsi gün Bakıda iş otağımda qovluğu vərəqlədim. Müəllifin şeirləri məni valeh etdi. Xəyal məni tələbəlik illərinə apardı.

…Yaxşı yadımdadır, tələbəlik vaxtı (1977-1982) aşağı kurslarda yay tətilinə buraxılanda hər fakültənin tələbələrinə yay tapşırıqları verilərdi. Bəzi fakültənin tələbələrini tələbə inşaat dəstəsində ölkənin müxtəlif şəhərlərinə işləməyə, bəzilərini səyahət etməyə (coğrafiya fakültəsinin tələbələrini) aparırdılar. Mən yataqxanada filologiya və digər humanitar fakültələrin tələbələri ilə bir yerdə qaldığımdan dəqiq bilirdim ki, filologiya fakültəsinin tələbələrindən yay tətilində yaşadığı rayonun və qonşu rayonların kəndlərini gəzib atalar sözləri, folklor, rəvayətlər, el şairlərinin, yazarların yaradıcılığını toplayaraq kurs işi yazmaq tələb olunurdu.

Bunları yazmaqda məqsədim nədir? Təəccüb edirəm ki, görəsən o vaxtkı bizim regiondan olan tələbələr – gələcəyin filoloqları hara baxırdılar? Hüseyn Səmədov kimi bir el şairinin yaradıcılığı niyə sağlığında deyil, vəfatından xeyli sonra işıq üzü görməlidir (Bütün bunlara görə Əkbər dostumuza xüsusi təşəkkür düşür).

Hüseyn Səmədovun yaradıcılığı klassik aşıq şeir üslubundadır. Respublikamızın qərb rayonlarının şairləri kimi gözəl ustadnamələri, qoşmaları, gəraylıları, təcnisləri, divaniləri və s. fikrimcə çox mükəmməldir.

Ustadnamələrin birində gənc nəslə, ümumiyyətlə insanlara nəsihət verir və hamını valideynlərinə, ulularına hörmət etməyə çağırır:

… Qəti əskik deyil canlıdan qada,

Nə lazımdı uymaq şöhrətə, ada?

Yaxşı ataların yaman övlada,

Çəkdiyi zəhmətə, əməyə dəyməz.

Və yaxud

… Mərdi ayaqlama namərd sözündən,

Tez düşərsən el-obanın gözündən.

Naşılıq eyləyib çıxma izindən,

Nəsib olsa sənə təzə ixtiyar.

Başqa bir ustadnaməsində insanları xeyirxahlığa, humanistliyə səsləyir:

… İgiddə qaydadı, uzağı görər,

Yaxşı oğul yaxşı atadan törər.

Yetimə çörəyi bir adam verər,

Ancaq ümid verən çox adam olar.

Hüseyn Səmədovun yaradıcılığında doğma torpağa, vətənə, ana yurdun təbiətinə məhəbbət mövzusu hər şeirində hiss olunur:

… Təzədən göyərdi bir bahar kimi,

Ötdü kaman kimi, dindi tar kimi.

İnsanda gələcək arzular kimi,

Yazılmamış bir dastandı məhəbbət.

Yaradıcılığından aydınca hiss olunur ki, müəllif halal adamdır, həmişə halal işlə məşğul olub və insanları da halal olmağa çağırır. O, müəllimlik peşəsini hər şeydən uca tutur və bu peşəni belə tərənnüm edir:

… Mənə fərəh verir halal zəhmətim,

Öyrənməkdi, öyrətməkdi adətim.

Qanlıları barışdırar söhbətim,

Şər işlərdən daldalanan müəlliməm.

Hüseyn Səmədov Tovuzun gözəl təbiəti, təmiz havası olan bir məkanda yaşayıb-yaratmışdır. Belə yerdə yaşayan şair təbli adamın füsunkar təbiətə müraciət etməsi mümkün deyil. Şeirlərinin birində yazır:

… Dostum, xoş havalı, cənnətə bənzər,

Bir diyar istəsən bu yerlərə gəl.

Qışın ortasında qarda, boranda,

Xoş bahar istəsən bu yerlərə gəl.

Və yaxud

… Suları dağlarda qarı susdurar,

Tərlanı havada sarı susdurar.

Bülbülü baxçada xarı susdurar,

Açanda ətirin gülü Əsriyin.

Hüseyn Səmədovun yaradıcılığının mühüm hissəsini onun təcnis janrına müraciət etməsidir. Şair Azərbaycan dilinin imkanlarından məharətlə istifadə edərək gözəl təcnis nümunələri yaratmışdır. Yaradıcılığından hiss olunur ki, istər digər klassik aşıq şeir nümunələrində istərsə də təcnis janrında özündən qabaqkı ustadların – Aşıq Alının, Aşıq Ələsgərin, Aşıq Hüseyn Bozalqanlının və digər şairlərin, aşıqların yaradıcılığına mükəmməl bələddir. Aşıq Hüseyn Bozalqanlının məşhur təcnisinin təsirindən ilhamlanaraq belə yazır:

… Ovçu olsan öz bərəndə yaxşı sin,

Ov gələndə qəti vermə aman at.

Qismət olsa vuracaqsan ovunu,

İstər yaxşı, istərsə də yaman at.

Digər təcnisində:

… Dönük çıxsam, gözümə at oxu, yar,

Ürəyimi gözlərimdən oxu, yar.

Sözlərimi söz sərrafı oxuyar,

Onda bilər təcnis nədən yarandı?

Hörmətli oxucu!

Gec də olsa Hüseyn Səmədovun kitabı çap olunur. Tam əminliklə deyə bilərəm ki, kitabdakı şeir nümunələri zövqlü oxucuların ürəyincə olacaq, şeirlərini sevə-sevə oxuyacaqlar.

Ramiz Hümmətov

Oktay Azaflı

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir