II Qarabağ savaşının birinci mərhələsi Azərbaycanın kövrək qələbəsi ilə başa çatdı. Ordumuzun Ermənistan üzərində tam qələbəsini qazanacağı anda Rusiyanın Dağlıq Qarabağa hərbi müdaxiləsi 30 ildir Cənubi Qafqazın ən ağır yarasının tam sarınmasına imkan vermədi.
Əldə edilən razılaşmaya əsasən, Azərbaycan işğal altındakı ərazilərinin böyük qismini xilas etsə də, Dağlıq Qarabağ ermənilərinin rus “sülhməramlı”ları tərəfindən himayə altına alınması münaqişənin yenidən partlaya biləcəyi ehtimalını tam sıradan çıxarmır. Ötən gün Azərbaycan prezidenti İlham Əliyev də Ağdam zəfəri ilə bağlı xalqa müraciətində də bu ehtimalı istisna etmədi.
“Yenə də deyirəm, bu, təkcə ərazi bütövlüyümüzün bərpası deyil, erməni faşizminin belinin qırılmasıdır. Biz bölgəni erməni faşizmindən xilas etdik, dünyanı erməni faşizmindən xilas etdik. Amma baş qaldıra bilər”, – deyən ölkə başçısı rəsmi Bakının buna imkan verməyəcəyini bildirdi: “Özümüzü müdafiə etmək üçün istənilən addımı atacağıq. Öz vətəndaşlarımızı müdafiə etmək üçün istənilən addımı atacağıq və heç kim bizi saxlaya bilməz”.
Son 44 günlük savaşın bütün dünyaya Azərbaycan xalqının iradəsini göstərdiyini bildirən İlham Əliyev onu da əlavə etdi ki, “əgər erməni faşizmi bir daha baş qaldırsa, bizə qarşı hər hansı bir təxribat törədilərsə, 10 qat cavabını alacaqlar”.
Prezidentin bu sözləri açıq-aydın göstərir ki, onun özü də Rusiyanın son anda proseslərə müdaxiləsində problemin dondurulması məqsədinin güdüldüyünə inanır.
Maraqlıdır ki, Dağlıq Qarabağda münaqişənin tam həllini dayandırmağa nail olan Rusiyanın bu həmləsindən sonra əks-həmlə Bakıdan yox Kişinyovda gəldi. Moldovada prezident seçkilərini qazanaraq hakimiyyəti ələ alan Maya Sandunun “Evropeyskaya Pravda”-ya verdiyi müsahibədə Rusiyanı Dnestryanı bölgədən qoşunlarını çıxarmağa çağırması yaxın zamanlarda şimal qonşumuzun qərbində qövsvari sıxışdırma layihəsinə start veriləcəyinə ümidləri artırır. Təsadüfi deyil ki, Maya Sandu müsahibəsində yalnız Moldova üzərində dayanmadı, Krım və Donbass problemi ilə yanaşı Dağlıq Qarabağ məsələsinə də toxundu.
Dnestryanı bölgə problemi bir çox baxımdan Dağlıq Qarabağı xatırladır. Əvvəla, bu problem də SSRİ-nin dağıldığı illərdə Moldovanın Qərbə inteqrasiyasının qarşısını almaq üçün Rusiya tərəfindən süni şəkildə yaradılmış münaqişədir. Baxmayaraq ki, Dağlıq Qarabağdan fərqli olaraq, Dnestryanı konflikt çox qanlı olmadı. Bölgədə yaşayan rusların “dövlət dili uğrunda mübarizə” bəhanəsilə çıxardığı ixtilaf ölkənin ən bərəkətli torpaqlarının Moldovadan faktiki qoparılması ilə nəticələndi.
1991-ci ildə “müstəqilliyini” elan edən və indiyədək heç bir dövlət tərəfindən tanınmayan Dnestryanı bölgə hələ də sovet sistemində yaşayır. Markizm və Leninizmi rəsmi ideologiyası kimi seçən bölgə əhalisi (rusları) köhnə idarəçilik prinsipilə nə özləri inkişaf edə bilir, nə də Kişinyova bu imkanı verirlər.
200 min əhalinin yaşadığı bölgə insanlarının 169 mini rusdur və Rusiya vətəndaşlığını qəbul edib. Bölgə Dağlıq Qarabağ kimi “ordu-dövlət”dir. Yəni əhalinin böyük qismi hərbçidir və köhnə rus texnikaları ilə “dövlətlərini qoruyurlar”. Rəsmi statistikaya görə, “Dnestryanı ordusu”nun 18 tankı, 107 zirehli texnikası, 73 tüfəng, 46 zenit qurğusu və 173 tank məhvçisi var. Hava Qüvvələri 9 ədəd Mi-8T, 6 ədəd Mi-24, 2 ədəd Mi-2 helikopterindən və An-2-nin An-26 və Yak-18 müxtəlif təyyarələrdən ibarətdir. Dnestryanı bölgədə bundan əlavə 5+2 formatında xarici və yerli “sülhməramlılar” da var (Moldova, Dnestryanı bölgə, ATƏT, Rusiya və Ukrayna, həmçinin ABŞ və Avropa İttifaqından müşahidəçilər).
Amma bu, yuxarıda da qeyd etdiyimiz kimi sadəcə rəsmi statistikadır. Bölgənin işgüzarlıq statistikası isə başqa mətləblərdən xəbər verir. Dnestryanı bölgəsində işsizlik miqyasi cəmi 0.3% olaraq göstərilir. Əhalinin əsas məşğuliyyət sahəsinin hərbi struktur olduğunu və bölgədə 200 min civarında insan yaşadığını nəzərə alsaq, aysberqin görünməyən tərəfinin daha böyük olduğu nəticəsi ortaya çıxır. İddialara görə, bu separatçı “dövlət”in sakinlərinin 1/3-i hərbçilərdir. Hərbi xidmət müddəti 17 yaşından 35 yaşına qədərdir. Gənclər əsasən “Gənc partizan” dəstələrində qulluq edirlər. Böyüdükcə, onlar öz bacarıqlarına görə hərbi sistemin müxtəlif pillələrinə yüksəlirlər.
Ölkədə maaş sistemi 3 dərəcəyə bölünür. Ən yüksək maaşı siyasi xadimlər alırlar. Orta maaş zabitlərə nəsib olur. Ən aşağı maaş isə “Gənc partizan”ların payına düşür. Bununla belə maaşlar arasında böyük fərq olmadığından bu, “sosial ədalətsizliyə” yol açmır.
Bölgənin iqtisadiyyatında boyundan böyük ordusunu təchiz edən xidmət sektoru da xidmət göstərir. Sovet illərindən qalan sovxoz və kolxozlar Dnestryanı bölgənin aqrar təsərrüfatını təşkil edir. Moldovanın su ehtiyatının 80%-i bölgədə yerləşdiyindən kolxozçular bu sarıdan əziyyət çəkmirlər. Amma quraqlıq illərində Dnestryanı bölgə Moldovanın su təchizatını əngəllədiyindən Kişinyovu çətin vəziyyətə qoyur. Əslində Rusiyanın orda “dövlət” yaratmasının əsas səbəbi də bu amillə bağlıdır. Eynilə Dağlıq Qarabağda olduğu kimi.
Məlum olduğu kimi, Dağlıq Qarabağda yerləşən Sərsəng və Suqovşanı su anbarları öz təyinatı üzrə istifadə edilmir. Bölgə işğal olunandan indiyədək ermənilər yağmurun bol vaxtında su anbarların ağzını açıb ətraf rayonlarımızın təsərrüfatlarını selə verir, qıt zamanlarda isə su axışını tamamilə dayandırırlar. Nəticədə ölkəmizin aqrar sektoru yetərincə inkişaf etmir. Dağlıq Qarabağdakı son döyüşlərdə erməniləri ağır məğlubiyyətə uğratmağımıza baxmayaraq, bölgənin ən böyük su anbarı sayılan Sərsəngi ələ keçirə bilməməyimiz eyni problemin davam etməsi perspektivi yaradır. Halbuki yağıntı miqdarı buxarlanmadan yüksək olan Dağlıq Qarabağın həmin suya ehtiyacı yoxdur və sovet hakimiyyəti illərində digər rayonların ərazilərinin suvarılması məqsədilə Azərbaycan SSR-nin pulu ilə inşa edilmişdi. Bölgəyə heç bir status verməyən Azərbaycanın Sərsəng su anbarını nə dərəcədə nəzarət altına ala bildiyini önümüzdəki yaz aylarında görəcəyik.
Dnestryanı bölgə də eyni prinsiplə Moldovanı susuz saxlamaqla qalmır, həm də daha çox qaz istifadə etməklə onu Rusiyaya borclu salır. Məsələ burasındadır ki, bölgə özünün elektrik tələbatını Rusiyadan aldığı qazla təmin edir. Bölgədə fəaliyyət göstərən istilik elektirik stansiyaları bu qazı elektrik enerjisinə çevirərək Dnestryanı bölgəni işığa qərq edirlər. “Qazprom” həmin qazı guya 50% güzətlə bölgəyə verir. Müqaviləyə görə, qalan 35.33%-i Moldova hökuməti, 13,44% – i isə Dnestryanı bölgənin Administrasiyası ödəməlidir. Ən pisi isə odur ki, Kişinyov qaz sərfiyyatına nəzarət edə bilmir.
Başqa sözlə, Rusiya Moldovanın bağrında bəslədiyi ilanı Kişinyovun hesabına geninə-boluna “yemləyir”. İndiyədək bölgə istifadə etdiyi “müftə” qaz sayəsində Moldovanın Rusiyaya 7 milyard dollar borcu yaranıb. Ölkənin yeni prezidenti Maya Sandu son müsahibəsində sözügedən borcu ödəməkdən imtina etsə də, bu “qiyam”ın nə ilə nəticələnəcəyi bəlli deyil. Amma o bəllidir ki, Moldovanın ikinci prezidenti Vladimir Voronin 2008-ci ildə bu borcu ödəməyi qəbul etmişdi. Sandunun “qiyamı”ndan sonra Rusiyanın bu amildən Moldovaya qarşı istifadə edəcəyi gözlənilir.
Dnestryanı bölgə probleminin həllində Moldovanın bizdən fərqli olaraq biri dezavantajlı, digəri avantajlı adlandıra biləcəyimiz xüsusiyyətləri var. Dezavanatajlı durumları qarşılarında dayanan qüvvənin etnik kimliyindən ibarətdir. Biz yeri gələndə Rusiyaya xəyanət etməyə meylli ermənilərlə savaşdığımız halda, Dnestryanı sakinləri əsasən rusdurlar və Rusiyanın pospotunu daşıyırlar. Odur ki, Kişinyov bizim kimi məsələni silahlı yolla həll etməyə çətinlik çəkir və sülh danışıqlarına üstünlük verir. Bununla belə, ölkə Qərb dövlətləri tərəfindən bizdən daha çox dəstəklənir.
Avantaj kimi xarakterizə etdiyimiz əsas xüsusiyyətləri isə yerləşdikləri məkanda daha sağlam qonşuların əhatəsində olmalarıdır. Dağlıq Qarabağdakı son döyüşlərdə Rusiya ermənilərə silah və sursatı İran vasitəsilə havadan və qurudan göndərə bilirdi. Moskvanın Dnestryanı bölgəyə eyni qaydada silah göndərmək fürsəti isə yoxdur. Bunun üçün iki coğrafiya arasında quru və hava əlaqələri olmalıdır.
Bölgənin Rusiya ilə ağla gələn ilk mümkün əlaqəsi Qara dəniz ola bilər ki, ərazinin həmin dənizə birbaşa çıxışı mövcud deyil. Rusiya bu yolu seçmək istəsə, mütləq Moldovanın Qara dənizə çıxışını işğal etməlidir. Qara dənizdə NATO ölkələrinin dəniz donanmaları dayandığından bu riskli hərəkət ciddi skandala çevrilə bilər. İkinci yol Dnestryanı əraziyə Ukrayna vasitəsilə keçməkdir. Ukrayna ilə Rusiyanın münasibətləri isə düşmənçilik səviyyəsindədir.
Bölgənin hava sahəsi də eyni qaydada Rusiyanın üzünə qapalıdır. Şərqdən Ukrayna hava sahəsi ABŞ-ın strateji təyyarələri – B-52-lər tərəfindən qorunur. Qərbdə isə NATO üzvü olan Rumıniya dayanır. Qaradəniz hava sahəsi də NATO hərbi aviasiyasının qoruması altındadır. Bu avantajlar Moldovaya lazım gəldiyi anda Dnestryanı bölgəyə hərbi əməliyyatlar başlamaq imkanı verir.
Kişinyov isə məsələni hərbi yolla deyil, həvəsləndirmə metodlarıyla çözməyə çalışır. Bu siyasətin qısa mexanizmi belədir: Moldova Qərbə inteqrasiya edərək iqtisadi cəhətdən çiçəklənəcək və bu da Dnestryanı bölgənin iki seçim qarşısında qoyacaq – ya Rusiyanın hərbi peyki olaraq acından ölməyi, ya da Moldovanın tərkibində tərəqqi etməyi, insan kimi yaşamağı seçmək fürsəti.
Qeyd edək ki, bu siyasət son Qarabağ savaşında Azərbaycan hakimiyyəti tərəfindən tərcih edilən metoddur. Rusiyanın himayəsi altında tam fərh edilməyən Dağlıq Qarabağın mərkəzinə – Xankəndiyə Yevlaxdan dəmir yolu çəkilməsinə qərar verilməsi və ölkə rəhbəri İlham Əliyevin ermənilərə iqtisadi inteqrasiyaya açıq olduğumuzu bildirməsi də mahiyyət etibarilə həvəsləndirmə yolunun seçilməsi deməkdir. Onu da vurğulayaq ki, Moldova prezidenti də son müsahibəsində eynilə İlham Əliyev kimi separatçı qüvvələrə hər hansı status verilməyəcəyini bəyan edib.
Bütün bu amillər Dağlıq Qarabağ və Dnestyanı probleminin mahiyyət etibarilə bir-birinə çox bənzədiyini göstərir. Konfliktlərin eyni anda qabardılması və bənzər prinsiplərlə çözülməyə çalışılması eyni mərkəz tərəfindən hazırlanan geopolitik layihənin tərkib hissəsi olması ehtimalını artırır. Təsadüfi deyil ki, təxminən eyni zamanda həm də Ukrayna və Gürcüstan məsələsi gündəmə gətirilir və bu tendensiya vahid komanda oyununu xatırladır. Azərbaycanın Dağlıq Qarabağ probleminin həllinə bir qədər əvvəl başlaması, mümkündür ki, komanda yarışında öz yerini tutmağa və komanda yoldaşlarına psixoloji dəstək verməyə də hesablanmış da ola bilər. Zira, Azərbaycan Ermənistan üzərində bu uğuru qazanmasaydı, komandanın ən zəif fiquru kimi “axsaq ördək” durumunda qalar və effektli komanda oyunu ortaya çıxmazdı. Ordumuzun bu uğurundan sonra NATO-nun ən böyük hərbi qüdrətlərindən sayılan Türkiyə ordusunun Azərbaycana əsgər yeritmək qərarı da Rusiyaya qarşı yarışın komanda oyunu olduğunu təsdiqləyir.
Onu da unutmayaq ki, klassik hərb sahələrində kollektiv döyüşlərdən əvvəl nümayəndələr ortaya atılır və bütün savaşlar fərdi qarşılaşmalarla başlayırdı. Bu ehtimal doğrudursa, Azərbaycan rus imperializminin nümayəndəsi olan ermənilərə qarşı fərdi qarşılaşmadan böyük üstünlüklə ayrıldı. Əksər hallarda kollektiv savaşların nəticələrinin müəyyənləşməsində bu fərdi uğurlar həlledici rol oynayır və tərəflərdən birinə psixoloji üstünlük qazandırır.
Heydər Oğuz
Ovqat.com