Bəzi rayonların təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata əsasən, diametri 1200 millimetr olan “Mozdok-Qazıməmməd” yüksək təzyiqli magistral qaz kəmərində Qaz İxrac İdarəsi iki gün ərzində təmir işləri aparacaq. Kəmərin 332-ci və 335-ci kilometrliyində korroziyaya uğramış 120 metrlik hissəsinin noyabrın 28-i və 29-u tarixlərində mövcud şəbəkəyə birləşdirilməsi planlaşdırılır və bu zaman kəmərdə qazın nəqli müvəqqəti olaraq dayandırılacaq.
Bu müddət ərzində Xızı, Şabran, Siyəzən, Qusar, Quba və Xaçmaz rayonlarında həm əhali abonentlərinin, həm də qeyri-yaşayış sahələrinin qaz təchizatında fasilə yaranacaq. Bununla yanaşı, “Siyəzən Quşçuluq” fabrikinin qaz təchizatının alternativ mənbə olaraq “Yaşma-Siyəzən” qaz kəmərindən təmin edilməsi nəzərdə tutulur.
Xaçmaz Regional Qaz İstismarı İdarəsindən verilən məlumata görə, “Mozdok-Qazıməmməd” magistral qaz kəmərinin 339-423-cü kilometrliyində balon hissədə olan ehtiyat təbii qazın həcmi ilə adları çəkilən rayonlardakı həyati əhəmiyyətli obyektlərin müəyyən müddətə təbii qazla təmin olunmasına çalışılacaq.