ATƏT-in 1992-ci ildən bəri, guya Qarabağ məsələsini həll etmək üçün təşkil etdiyi Minsk qrupuna həmsədrlik edən Fransa senatının Azərbaycanın əleyhinə qəbul etdiyi qərar təəssüf və hiddət doğurur. Fransız senatorlarının bu cür hərəkəti, əslində, gözlənilməz deyildi. Onların erməni təəssübkeşliyi hamıya bəllidir.
Özlərini mədəniyyətin və demokratiyanın banisi sayan fransızların əksəriyyəti, nədənsə, müsəlman dünyasını sekulyarizmin və müasirliyin qatı əleyhdarı olan qüvvə kimi görür ( Bax: Yvonne Yazbeck Haddad. Muslims in the West. Oxford University Press, 2011 ). Dünyada multikulturalizm və plüralizm şüarı ilə çıxış edən Fransanın məsələyə bu cür yanlış münasibəti ölkədə müsəlmanlıqdan vahimənin – islamofobiyanın – getdikcə güclənməsinə, müsəlmanlara qarşı təzyiqlərin artmasına real təhlükə və şərait yaradır. Fransada yaşayan müsəlmanlar arasında keçirilən rəy sorğusunda respondentlərin çoxu ( 74 faizi) çalışdıqları iş yerlərində, ictimai yerlərdə, nəqliyyatda və ticarət məkanlarında sırf müsəlman olduqları üçün müəyyən çətinliklərlə və özlərinə qarşı etimadsızlıqla qarşılaşdıqlarını bildirmişdir ( Bax: Bowen John R. “Recognising Islam in France after 9/11”. Journal of Ethnic and Migration Studies. 2009, N:35 (3): pp. 439–452). Fransada 2010-cu ildən müsəlman qadınların küçədə niqabla gəzməsi qadağan olunub. 7 yanvar 2015-ci ildə Parisdə həftəlik nəşr olunan və islami dəyərləri çox ağır, təhqiramiz şəkildə ələ salmaqla ad çıxarmış “Charlie Hebdo” qəzetinin əməkdaşlarına qarşı gerçəkləşmiş terror hadisəsindən sonra fransızların müsəlmanlara qarşı münasibəti daha da pisləşib. Fransada, təqribən, 7 milyon (təkcə, Parisdə 1 milyon 800 min ) müsəlman yaşadığı güman olunur, onların təxminən 4 milyonu Əlcəzair mənşəli fransız vətəndaşıdır
Məlum olduğu kimi, 1789-1830-cu illər arasında Fransada dövlət və din tədricən bir-birindən ayrılmışdır və 1905-ci ildə bu ayrılma— sekulyarizm prinsipi ( fransızca “laïcite”-laiqlik) qanuniləşmiş və 1945-ci ildə konstitusiyada öz təsbitini tapmışdır.
Fransanın bir zamanlar müstəmləkəçi dövlət olduğu, Yaxın Şərq və Afrikada onun müstəmləkəsindəkilərin əksəriyətini müsəlman ölkələri təşkil etdiyi yaxşı məlumdur. XX əsrin birinci yarısında işğal etdiyi ərazilərlə birlikdə təxminən 13 milyon kv. kilomətrlik torpaq sahəsi olan Fransanın hal-hazırda 640,7 min kv. km ərazisi var. Fransızlar müsəlmanların islam dəyərlərinə və etiqadına dərindən bağlı olduqlarından yaxşı xəbərdardırlar (Bax: Ahmet Yasar Abdulaziz.). “France’s Islamophobia and its roots in French colonialism”. 9 April 2019). Fransızlar hesab edirlər ki, islami prinsiplər müsəlmanların Avropa xalqları ilə qaynayıb-qarışması yolunda ciddi maniədir. Bu cür düşüncə tərzi fransızların bir çoxunda müsəlmanlara qarşı neqativ münasibət yaranmasına səbəb olmuşdur (Bax: Bowen, John R. .Journal of Ethnic and Migration Studies, 2009, N: 35 (3): pp. 439–452) Bəzi fransız məşhurlarına görə, müsəlman ölkələrindən mütəmadi olaraq Fransaya mühacirət edən müsəlmanlar, nəticə etibarı ilə, demoqrafik tarazlığın pozulmasına, “bəyaz irqin” tədricən zəifləməsinə səbəb olurlar. Məsələn, Jan Reno Qabriel Kamu adlı ifrat sağcı fransız ədibi 2011-ci ildə nəşr olunmuş “Böyük yerdəyişmə” ( “Le Grand Remplacement” ) adlı kitabında iddia edir ki, mühacirlərin, xüsusən də Yaxın Şərq və Afrikadan gələn müsəlmanların Fransaya gəlməsi “bəyaz irqin genosidi layihəsidir” (“complot du genocide blanc”) və “müsəlmanlar ölkəni istila edib fransız mədəniyyətini dağıdacaqlar.” ( Bax: Taguieff Pierre-Andre. La revanche du nationalisme: Neo Populistes et xenophobes à l’assaut de l’Europe, Presses Universitaires de France, 2015 ) Qatı müsəlman əleyhdarı olan Jan Kamu bəyaz irqdən olanları hamılıqla mühacir müsəlmanlara qarşı milli müqavimətə səsləyir (Bax: Sapiro Gisèle . Les ecrivains et la politique en France – De l’affaire Dreyfus à la guerre d’Algerie, 2018 ). Onun kitabını oxuyanlar, söhbətini dinləyənlər, təbii ki, qarşılaşdıqları müsəlmanları bir dəhşət mənbəyi, insanlıq və mədəniyyət düşməni kimi görəcəklər.
Fransızlar müsəlmanlığı qadın ləyaqətini alçaldan və onları hüquqdan məhrum edən etiqad kimi alqıladıqlarından, şəriət qaydalarının Fransa mənəvi dəyərlərinə zidd gəldiyini düşündüklərindən, islamın bu ölkədə mövcudluğunu mümkünsüz hesab edirlər. Fransada yaşayanların çoxu belə düşünür ki, müsəlmanlıq kişilərin dominantlığına xidmət edən şovinist din olaraq qadaınların əbədi diskriminasiyasına hüquqi zəmin yaradır, onları daim iş yerlərində və evdə başıörtülü gəzməyə məcbur edir. Başqa sözlə, fransızlara görə, hicab qadın köləliyinin simvoludur ( Bax: Valfort Marie-Anne. “Religious discrimination in access to employment: a reality”, Policy Paper, 2015). Fransız iş adamları rəhbərlik etdikləri müəssisələrdə müsəlmanların namaz qılmaları üçün şərait yaradılmasının əleyhinədirlər, hicablı qadınları “kabus”a (“nightmare” ) bənzədirlər. Dounia Bouzar və Lylia Bouzan adlı iki fransız tədqiqatçının “İş yerində ALLAHa yer varmı? (ALLAH a-t-il sa place dans l’entreprise? ) başlıqlı araşdırmada fransız sahibkarların “qorxudan hicablı müsəlman qadınlara baxmağa cəsarət edə bilmədiklərini yazmışlar. Araşdırmadan belə nəticəyə gəlmək olur ki, müsəlman qadınlar iş üçün hicablı şəkildə müracit etdikdə onların şansı avtomatik olaraq sıfıra düşür.
Parisdə müsəlmanlar üçün məscidlər olsa da rəsmi dairələr onların artmasından ehtiyatlanır. Məsələn, 1922-ci ildə inşa olunmuş Böyük cami müftülüyü əlavə tikinti üçün 2013-cü ildə Paris bələdiyyəsinə müraciət etsə də müftülüyə rədd cavabı verilmişdir. Ümumiyyətlə isə, Paris ərazisində ilk məscid 1856-cı ildə Per Laşez məzarlığında inşa olunmuşdu. Osmanlı dövlətinin səfirliyi pulla almış olduğu 800 kv. metrlik yerdə tikilmiş bu məscid dünyasını dəyişən müsəlmanlar üçün dini mərasimlərin yerinə gətirilməsi üçün nəzərdə tutulmuşdu. Türklər Parisdən əvvəl Marseldə bir məscid tikmişdilər. Fransa kralı I Fransuanın (1515-1547 ) Sultan Süleyman Kanunidən ( 1520-1566) yardım istəmiş, sultan da admiral Barbaros Hayerddin Paşanı (1475- 1546, kürən olduğu üçün avropalılar ona “qırmızı saqqal– Barbaros” ləqəbi vermişdilər ) Fransanı İspan işğalından qurtarmaq məqsədilə 1543-cü ildə Toulon, Marsel və Nis şəhərlərinə hərbi səfərə göndərmişdi, o da fransızları rəsmən ispanların əlindən qurtarmışdı. Buna minnətdarlıq cavabı olaraq kral I Fransua Marseldə məscid inşa etdirmişdi. Lakin 1792-ci ildə Fransada Böyük inqilab zamanı o məscid dağıdılmışdır.
Tarixçilər 1916-cı ildə Fransa-Böyük Britaniya və Rusiya arasında gerçəkləşmiş Saykes -Pikot anlaşmasından xəbərdardırlar. Bu gizli sövdələşməyə görə, Fransa: Osmanlı dövlətinə məxsus Adana, Antep, Urfa, Mardin, Diyarbakır, Mosul ilə Suriyanı; Böyük Britaniya: Bağdad, Bəsrə, Hayfa, Akka və Cənubi Mesopotamiayanı; Rusiya isə: Trabzon, Ərzurum, Van, Bitlis və Cənubi-şərqi Anadolunun bir hissəsini ələ keçirəcəkdi. Fransızlar 27 oktyabr 1916-cı ildə Osmanlı dövləti təbəələri olan ermənilərlə gizlincə gizli sazişə gəlmişdilər ki, fransızlar Osmanlı dövlətinə qarşı vuruşacaq ermənilərdən ibarət silahlı birləşmələrin ( legion ) təşkilinə kömək edəcəklər və Osmanlı dövləti məğlub edildikdən sonra Kilikiya ərazisində ( Türkiyənin cənubunda, indiki Adana, Osmaniyə və Mersin- İçel – vilayətlərinin hamısını, Hatay, Antalya və Karaman vilayətlərinin bir hissəsini əhatə edən bölgə ) ermənilərə dövlət yaradacaqlar. Lakin hadisələrin sonrakı gedişi həm fransızların, həm də ermənilərin arzusunu ürəyində qoydu. Rusiyada 25 .10.1917-ci ildə baş vermiş inqilab dünyanın siyasi mənzərəsini bir anda dəyişdi. 24.11.1917-ci ildə L.Trotski “İzvestiya” qəzetində çıxış edərək üç dövlət arasında imzalanmış gizli Saykes -Pikot sövdələşməsinin mahiyyətini aləmə yaydı. Rusiyada siyasi hakimiyyətə gələn V. İ. Leninin göstərişi ilə 1918-ci ilin mart ayının 3-də L. Trotski Brest-Litovsk sülh müqaviləsini imzaladı və Sovet Rusiyasının çar zamanı ələ keçirilmiş Osmanlı torpaqlarından birdəfəlik imtina etdiyini təsdiqlədi.
Anadoluda Böyük Milli Mücadilə savaşı başladı. Qazi Mustafa Kamal Paşanın rəhbərliyi ilə türk milləti “7 düvel” adlandırılan beynəlxalq güclərin ordularını Anadoludan “iti qovan kimi” qovdu və Osmanlı imperiyasının xərabəliyindən qüdrətli Türkiyə Respublikasını yaratdı.
Fransızların erməni sevgisi isə bitmək bilmədi. İmkan tapan kimi haq, nahaq, erməniləri dəstəklədilər. Mahiyyət etibarilə, Fransa- Ermənistan iqtisadi münasibətlərinin illik ticari dövriyyəsi Azərbaycanla müqayisədə ( məsələn, 2014-cü ildə Azərbaycan- Fransa ticari dövriyyəsi 1 milyard 681 milyon dollar olub) çox cüzi— 42,5 milyon— dollar (?) olsa da, Fransa rəsmi dairələri Ermənistanı xüsuci canfəşanlıqla dəstəkləməkdədir.
Təsadüfi deyil ki, 2001-ci ildə Jak Şirakın prezidentliyi dönəmində məhz Fransa, Avropa dövlətləri arasında ilk olaraq Ermənilərin sözdə “soyqırım”ını tanıdı, 18 il sonra, 2019-cu ilin fevralında Fransanın indiki başçısı Emmanuel Makron 24 aprelin ermənilərin anım günü kimi qeyd olunması haqqında qərarı imzaladı. Fransa Ermənistana Rusiyadan sonra ən çox sərmayə yatıran investor ölkədir. ATƏT-in Minsk qrupunun həmsədri Fransa 28 il ərzində Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş ərazisindən 28 santimetr də olsa torpağın azad olunmasına nail ola bilmədi.
Müzəffər Azərbaycan Ordusu o fərasətsiz Minsk qrupunun illərlə süründürdüyü, qəsdən dolaşığa saldığı işi 44 günə həll edən kimi, Fransa təşvişə düşdü. Bəlkə də Qarabağın harada yerləşdiyini heç xəritədə tapa bilməyən, ümumiyyətlə, Qarabağ məsələsinin mahiyyətindən bixəbər bir çox fransız senatoru sağlam məntiqə, siyasi baxışa zidd olan qərar qəbul etdilər. Bu nə operativlik, nə canıyananlıqdır, müsyö senatorlar?
Göyçəlilər, vedilililər, zəngibasarlılar, irəvanlılar el-obasından didərgin ediləndə, şuşalılar, xocalılar, laçınlılar, kəlbəcərlilər, qubadlılar, cəbrayıllılar, zəngilanlılar, füzulililər, ağdamlılar doğma dədə-baba yurdlarından pərən-pərən salınanda, məsum körpələr qanlarına qəltan ediləndə, qız-gəlinlərin şərəfi-iffəti alçaldılanda, məscidlər, məzarlıqlar təhqir olunanda, Azərbaycan imdad haraylayanda sizin qulaqlarınız, gözləriniz haradaydı? Nə üçün o zaman və sonrakı 28 il ərzində qahmar çıxdığınız əziz xələf ermənilərə “ara, o torpaqlar sizin deyil” deməyə cəsarətiniz çatmadı? Amma indi can hövlüylə qərar qəbul edirsiniz, Alban kilsələrini erməniləşdirib YUNESKO-nun qoruması altına alırsınız, beynəlxalq gücləri Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırırsınız.
Birinci Dünya müharibəsi zamanı mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə onları hərbi əməliyyatlar keçirilən yerdən məqsədyönlü şəkildə uzaqlaşdırmaq ( təhcir) işini Fransada 2011-ci ildə sözdə soyqırımı kimi təsdiqləmək, bunun əksini söyləyənləri 1 il həbs ( və ya 45 min avro cərimə ) etmək cəzası verməyin məqsədi nədir? Bəs söz azadlığı vardı, plüralizm vardı?
Bəlkə də, Fransa Qarabağ məsələsinə dini prizmadan yanaşdığından Azərbaycan əleyhində qərar çıxardıb. Azərbaycanın müsəlman, ermənilərin xristian olması, senatorların yanlış və haqsız fikirlərə düşməsinəmi səbəb olub? Heç inandırıcı görünmür. Ya da Fransa Türkiyəyə qarşı olan acığını Azərbaycandan çıxmaq istəyib? Bəlkə, Fransada getdikcə çoxalan müsəlman əhalisinin artım tempi hörmətli senatorların yanlış qərara gəlməsində həlledici rol oynayıb? Ya da erməni diasporu xüsusi fəallıq göstərib?
Mən əsla və əsla mədəniyyətləri bir-birinə qarşı qoymaq fikrində deyiləm. Yaxşı bilirəm ki, fransızların da ümbəşəri dəyərlərə sahib çox nümunələri və nümayəndələri var. Lakin heç kəs, o cümlədən Faransa, özünü elit sayıb bizə qətiyyən yuxarıdan aşağıya baxa bilməz. Azərbaycanda Edit Piafı, Mirey Matyeni, Co Dassini, Dalidanı, Yves Montandı, Selin Dionu dinləyəndə riqqətə gələn; Pyer Rişarı, Jan Renonu, Jan Qabeni, Jan Mareni, Jan Pol Belmondonu, Alen Delonu, Jerar Depardyeni heyranlıqla izləyən; Luis Duprenin, Yuli Bretonun, Bernard Buffenin, Yakop Pisarronun çəkdikləri rəsm əsərləri qarşısında heyrətini gizlədə bilməyən minlərcə insan var.
15 aprel 2019-cu ildə dünyaca məşhur Paris Notr Dam ( Notre-Dame de Paris ) kilsəsində baş vermiş güclü yanğın xəbərini eşidən bütün Azərbaycan vətəndaşları çox məyus olmuşdular. Sayqı və sevgi isə qarşılıqlı olmalıdır. Azərbaycan dünyəvi, modern dövlətdir, lakin dini inanclara, etiqadlara, tarixi- maddi və mənəvi sərvətlərə böyük diqqət yetirilir. Azərbaycanda, onu dost bilənlər üçün həmişə ehtiram, məhəbbət var.
Lakin Fransa rəsmiləri Azərbaycan Respublikasının Konstitusiyasının müddəalarına zidd qərar qəbul edib onun unitar dövlət quruluşunu təhdid altına almaq istəyəndə mənim fransız dəyərlərinə münasibətim dərhal dəyişir. O zaman dünyanın xəritəsində kiçicik nöqtə boyda görünən Kür çayı mənim nəzərimdə bir ümmana dönür, Sena çayından yüz dəfə böyük şəkil alır; düşünürəm ki, əsrlərin şahidi doğma Qız qalası, Eyfəl qülləsindən dəfələrlə ucadır, dahi Üzeyir bəyin “Koroğlu”su Jorj Bizenin “Karmen”indən daha möhtəşəmdir. Fransızların “Pejo”suna, “Reno”suna minməsəm də olar, Naxçıvanın “NAZ”ına nə gəlib? Zaqatalanın “Gülab”ının ətri fransız “Şanel”indən daha rayihəlidir desəm, yəqin ki, mübaliğə olmaz. Mənim təsəvvürümdə Mir Cəlalın yetim Baharının acı taleyi Viktor Hüqonun səfil Qavroşundan daha faciəvidir, Cəlil Məmmədquluzadənin bəlakeş Novruzəlisi sadəlövhlük baxımından Volterin Kandidindən müqayisəolunmaz dərəcədə sadədildir, Mirzə Fətəlinin Hacı Qarası xəsislikdə Molyerin Qarpaqonunu çaya susuz aparıb suzuz gətirər, Cəfər Cabbarlının taleyi ilə barışmayan Sevili xarakter baxımından Stendalın Luizasından dəfələrlə səbatlıdır, Əbdürrəhim bəy Haqverdiyəvin nakam taleli Gövhərtacı Gi de Mopassanın Matildasından daha acınacaqlı durumdadır, Anarın Təhminəsi çılğınlıq açısından Floberin Madam Bovarisindən çox üstündür.
Fransa senatının Azərbaycan əleyhinə qəbul etdiyi qeyri-obyektiv qərar, təəssüf ki, iki ölkə arasındaki münasibətlərə neqativ təsir göstərəcək, siyasi-iqtisadi əlaqələrdə soyuqluq yaradacaq. Təsadüfmü, qanunauyğunluqmu, bilmirəm, bu sətirləri yazarkən teləviziya kanallarından birində oxuduğu fransız mahnıları ilə milyonların qəlbində taxt qurmuş italyan əsilli Salvatore Adamonun çox məşhur, unudulmaz mahnısı ifa olunmağa başladı: “Tombe la neige” ( Qar yağır)…
Xəyalımda bir anlığa Murovdağda, Kəlbəcərdə, Laçında qurşağadək qarın içində əli tətikdə, gözləri üfüqdə, status-kvonu da, təmas xəttini də yox etmiş ayıq-sayıq qəhrəman Azərbaycan ƏSGƏRİ canlandı. Sanki o qar bəmbəyaz örtüsü ilə bütün məşum qaranlıqların, mənhus qara günlərin üstündən xət çəkmək, didərginlərimizin ələm və iztirablı yollarını birdəfəlik örtmək, sabahın bərraq, ağappaq parlaq səhifələrini yazmaq üçün yağırdı.