Noyabrın 21-dən Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ölkədə karantin rejiminin sərtləşdirilməsi ilə bağlı şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla digər bütün sahələr üzrə yerində xidmətlər dayandırılıb.
Bir neçə sahibkar “Qafqazinfo”ya müraciət edərək bildirib ki, bu gün restoran və dönərxanalarda çatdırılma xidməti vasitəsilə fəaliyyət göstərdikləri üçün işçilər və rəhbər şəxslər müxtəlif məbləğlərdə cərimə ediliblər.
Qərarda göstərilən “yerində xidmət” ifadəsinə görə, sahibkarlar onlayn fəaliyyətə, kuryer vasitəsilə çatdırma etməyə icazə verildiyini düşünüblər. Nəticədə həftə sonları çatdırma edən bir çox restoran və məşhur dönərxanalar cərimələnib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, həftə sonları marketlər, apteklər və onları məhsulla təmin edən sahələrdən başqa bütün xidmətlərin fəaliyyəti qadağandır:
“Onlayn satış, kuryer vasitəsilə çatdırılma fəaliyyətinə də icazə verilmir. Bununla bağlı həftə sonları da polis əməkdaşları tərəfindən müvafiq yoxlama və reydlər keçirilir”