Artıq son dövrlərdə ölkəmizdə koronavirusa yoluxma hallarının sürətlə artması ciddi narahatlıq doğurur və rəqəmlər kifayət qədər ciddidir.
Bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Komitə sədri vurğulayıb ki, ciddi tədbirlər görülməsə, vəziyyət daha da gərginləşə və çətin durum yarana bilər:
“Hamı bilir ki, maska taxmaq lazımdır, hamı bilir ki, gigiyena qaydalarına riayət etmək lazımdır, ara məsafəsi saxlamaq lazımdır, amma əməl etmirlər. İstənilən halda hökumət sərtləşdirilmiş addımlara getməlidir.
Ən azı 2 həftəlik sərt karantin təmin olunmalıdır ki, vəziyyət normallaşsın. Təmasları azaltmasaq, nəyəsə nail olmaq çətindir. 65 yaşdan yuxarı insanların evdən çıxmasna ən azı iki həftəlik qadağa qoyulmalıdır. Çünki onların küçəyə çıxması həyatları üçün daha təhlükəlidir.
Bütövlükdə hesab edirəm ki, yenə sərt rejimə keçməliyik, başqa yol yoxdur”.