Torpaqlarımıza azadlıq gətirənlərın sırasında onun da imzası var – Dövlət Sərhəd Xidmətinin giziri, 22 yaşında şəhidlik zirvəsinə ucalmış Xudayar Yusifzadə…
O, Bərdənin Qazıqurdalı kəndində doğulub. Dünyaya göz açdığı 24-cü gündə atası vəfat edib. Ona görə də nənəsinin himayəsində böyüyüb. Bərdə 1 saylı uşaq musiqi məktəbini xanəndəlik ixtisası üzrə bitirib. Xanəndə də ola bilərdi. Amma Vətən sevgisi daha ali olduğundan hərb sahəsini seçdi. Hərbi xidmətindən sonra kiçik gizir hərbi rütbəsi alaraq sərhədlərimizin keşiyində dayandı.
Xudayarın ən böyük arzusu Qarabağın incisi Şuşanı görmək olub. Elə 9 yaşında ifa etdiyi məşhur “Şuşanın dağları” mahnısını da orada oxumaq istəyirdi. Amma qismət olmadı… Oktyabrın 23-də Zəngilanın Ağbənd qəsəbəsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucaldı.
Əlavə edək ki, “Azpromedia” şirkəti İkinci Qarabağ Müharibəsində şəhid olmuş Xudayarın döyüş ərəfəsidə telefonuna həkk etdiyi “Vətən yaxşıdır” mahnısını fərqli bir yöndə əbədiləşdirib.
Vətən sevgisini dastana döndərən şəhidin ifasını bir də tar, kamança, zərb alətlərinin müşayiətində dinləyin.
Nur içində yat, üçrəngli Azərbaycan bayrağının qırmızısında qanı olan şəhidimiz!
https://youtu.be/O0SGoIY8fy8