Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilən hərbçilərimizdən biri də 26 yaşlı Naildir.
Axar.az xəbər verir ki, Nail Nəriman oğlu İbrahimli 1994-cü ilin mart ayının 4-də Oğuz rayonunun Xaçmaz kəndində anadan olub.
Nail 2011-ci ildə Vüqar İbrahimov adına 2 saylı orta məktəbi uğurla başa vurduqdan sonra hərbi xidmətə yollanıb. Uşaqlığından hərbiyə sevgisi olan Nail hərbi xidməti başa vurduqdan sonra Dövlət Sərhəd Xidmətinin sıralarına daxil olub. Xidmətdə böyük intizamı ilə seçildiyi üçün onu Xüsusi Təyinatlı Qüvvələrə qəbul ediblər.
O, Vətən Müharibəsinin başladığı ilk gündən savaşa qatılıb və düşmənlə mübarizəyə ən öndə gedən qəhrəmanlarımızdan olub. Füzuli, Qubadlı və Zəngilan rayonlarında gedən döyüşlərdə iştirak edib və bu rayonların azad olunmasında xüsusilə fərqlənib.
Nailin son döyüş meydanı Şuşa olub. O, noyabrın 7-si gedən gərgin döyüşlər zamanı yaralanan xidmət yoldaşını xilas edərkən düşmən gülləsinə tuş gəlib və şəhid olub.
Şəhidin məzarı Xaçmaz kənd Şəhidlər Xiyabanındadır.
Qeyd edək ki, Nail həm də güləşlə məşğul olub. Dəfələrlə yarışılarda iştirak edərək, bir neçə medal və diplom qazanıb.
Prezident İlham Əliyevin 9 dekabr sərəncamı ilə Nail İbrahimliyə (kiçik gizir) ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.