“Azəriqaz” İstehsalat Birliyi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq.
Birlikdən verilən məlumatda qeyd edilir ki, qaz təchizatında yarana biləcək istənilən çətinliklərlə bağlı abonentlər 104/185 saylı Çağrı Mərkəzinə məlumat verə bilər.
Bundan başqa (+99477) 310 41 04 saylı daim aktiv rejimdə çalışan “Whatsapp” nömrəsinə də mesajlarını göndərə bilərlər. Bayram günlərində Birliyin Bakı Regional Qazın Satışı Departamentinin Müştəri xidməti şöbəsi dekabr ayının 31-i və 2021-ci il yanvar ayının 2, 3, 4 tarixlərində səhər saat 10:00-dan saat 15:00-dək fəaliyyət göstərəcək.
Xidmət Abşeron, Mərdəkan və Sabunçu xidmət sahələrində təşkil olunacaq. Departamentin inzibati binasında isə bu proses daim diqqətdə saxlanılmaqla yarana biləcək problemlər dərhal aradan qaldırılacaq.
Bundan başqa “Azəriqaz” İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsinin Qəza təmir bərpa sahəsi, 104 Çağrı sahəsinin əməkdaşları da sutkanın 24 saatı ərzində abonentlərin xidmətində olacaq.