Bu gün azərbaycanlılar Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd edirlər.
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunur.
Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq prosesində mühüm rol oynayır.
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramı dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur. SSRİ-nin süqutunun son dönəmində Araz çayının hər iki sahilində yaşayan azərbaycanlıların sərhədə yürüşü, tikanlı məftilləri qırıb dağıtması iki totalitar dövlətin ciddi təzyiqlərinə baxmayaraq, o taylı bu taylı millətin həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı, azərbaycanlıların bir millət olduğunu dünya miqyasında bir daha canlandırdı. Həmrəylik günü bu birləşmək məqsədinin simvolik nişanıdır.
Qeyd edək ki, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın sonlarında Naxçıvanda SSRİ-İran sərhədlərinin dağıdılması zamanı qoyulub. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edib.