COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar aktiv koronavirus xəstələrinin profilaktikasına nəzarət tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, daxili işlər orqanlarının əməkdaşları tərəfindən yanvarın 6-da respublika ərazisində 11 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Onlardan 10-u yaşadıqları evlərə qaytarılıb, sağlamlıq vəziyyəti ağır olan 1 nəfər isə xəstəxanaya yerləşdirilib.
Epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradan 9 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işləri başlanıb.
Hazırda həmin işlər üzrə istintaq hərəkətləri davam etdirilir.