Manşet

“Nəvəm sahibkar kimi özünə xırda bir iş qurmaq istəyir” – Abid Şərifov GİLEYLƏNDİ

Qarabağa böyük qayıdışın, ərazilərin bərpasının, tikinti və quruculuq işlərinin gündəmə gəlməsi istər-istəməz uzun illər bu sahəyə məsul olmuş baş nazirin sabiq müavini, 2018-ci ilin aprelində vəzifəsindən azad edilmiş Abid Şərifovu yada salır. Hələ vəzifədə ikən mətbuatda görünməyi xoşlamayan sabiq dövlət məmuru işdən çıxarıldıqdan sonra ictimai mühitdən və diqqətdən tamamilə kənarda qalıb. Efirdə, mediada görünmür. Elə bu səbəblə Abid müəllimə zəng edib, həm hal-əhval tutduq, həm də Qarabağa qayıdışla bağlı fikirlərini öyrəndik.

– Abid müəllim, səhhətiniz necədir?

– Sağ olun, minnətdaram. Nə deyim vallah, 82 yaş az yaş deyil, amma yenə də… Ömrü boyu işdə olan adam üçün bu xəstəliklə əlaqədar evdə oturmaq asan deyil. Hətta deyərdim ki, çətindir. Amma yenə də şükür Allaha… Birinci növbədə Allahdan arzu edirəm ki, ölkəmiz bu koronavirus bəlasından tezliklə xilas olsun.

– Torpaqlarımız 28 ildən sonra işğaldan azad olundu. Bu münasibətlə sizi təbrik edirik.

– Hə, şükür Allaha. Mən də sizi təbrik edirəm. Bayrağımızın uzun illər işğal altında qalan torpaqlarımızda qaldırılması, ordumuzun bu qələbəsi ağlagəlməz bir möcüzədir. Baxmayaraq ki, aradan üç aya qədər vaxt keçib, amma yenə də adama yuxu kimi gəlir. Prezidentimizin başçılığı altında ordumuz bayrağımızı Qarabağda ucaltdı. Buna görə xalqımızı təbrik edirəm, hamıya can sağlığı arzulayıram.

-Abid müəllim, indi qarşıda böyük bir vəzifə var. Prezident də elan etdi ki, işğaldan azad olunmuş ərazilərin bərpası yüksək səviyyədə aparılmalıdır, bu işi qüsursuz həyata keçirmək üçün təşəbbüslər və təkliflər toplanmalı, ictimai nəzarət təmin edilməlidir. Bu sahədə böyük təcrübəyə malik şəxs kimi, sizin ərazilərin bərpası məsələləri ilə bağlı fikirləriniz nədən ibarətdir, təklifləriniz varmı?

– Bu işlərın hamısı haqqında cənab prezident deyib, hökumətə konkret tapşırıqlarını verib. Mənim də fikrim odur ki, birinci növbədə ərazilər minalardan təmizlənməlidir. İndi vətən həsrəti ilə öz yurduna gedənlər arasında minaya düşənlər var, buna görə adamın ürəyi ağrıyır. Axı, ərazi minalardan təmizlənməmiş adamların orada nə işi var?! Ona görə də, ərazilərin minadan təmizlənməsinə ciddi fikir verilməlidir. Bu, balaca iş deyil, əksinə, çox böyük, həm də son dərəcə vacib işdir. Şükür Allaha ki, Minatəmizləmə Agentliyi yaradılıb, mütəxəssislər də var, indi bir plan hazırlayıb, bu işləri yüksək səviyyədə həyata keçirmək lazımdır. İkinci məsələ: prezident deyib ki, işğaldan azad edilmiş ərazilər “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası əsasında bərpa olunmalıdır. Bu da çox gözəl və vaxtında qaldırılan təşəbbüsdür. Sözsüz ki, cənab prezident tərəfindən nə deyilibsə, elə bil, bunların hamısı bir proqram şəklində yazılıb. Həqiqətən belədir. Yəni, birinci ərazilər minalardan təmizlənməlidir, sonra qəsəbələrin və kəndlərin bərpasına başlanmalıdır. Buna qədər orada boşluq qalmasın deyə, təklif edərdim ki, kənd təsərrüfatı sahələri – harada ki, taxıl, pambıq və digər məhsullar əkmək olar – birinci növbədə həmin əraziləri təmizləmək lazımdır. Çünki işğaldan azad olunan ərazilərdə bərəkətli torpaqlar çoxdur, suvarma suyu bol, işçi qüvvəsi də kifayət qədər. İnsanlar gedib, orada torpağa qulluq edib, məhsul götürər, yaşayış üçün yavaş-yavaş şərait qura bilər. Minaların təmizlənməsinə kənd təsərrüfatı torpaqlarından başlamaq bu baxımdan əhəmiyyətlidir.

– Yəni məskunlaşmadan əvvəl əkin sahələrini inkişaf etdirməliyik?

– Bəli, işğaldan azad olunmuş ərazilərdə elə indinin özündə əkin-biçin üçün əlçatan torpaqlar çoxdur. Xüsusən Ağdam, Füzuli, Cəbrayıl rayonlarında kənd təsərrüfatını dirçəltmək, əkin-biçin işlərinə başlamaq lazımdır. Bu, həm iqtisadiyyatın inkişafına təkan verəcək, həm də vaxtilə həmin ərazilərdə yaşamış insanların torpağa qayıdışını stimullaşdıracaq, camaat həvəslənəcək ki, gedib öz kəndində təsərrüfat qursun, əkin-biçinlə məşğul olub, pul qazansın.

– Bəs, məskunlaşma? Sizcə, məcburi köçkünlərin öz yurduna qayıdışını necə təmin etmək olar?

– Əsas hədəf budur. Əvvəlcə “oraya kimlər gedəcək?” məsələsini aydınlaşdırmaq lazımdır. İşğaldan azad olunmuş ərazilərdə həyatı bərpa etmək üçün ən zəruri şərtlər nədən ibarətdir? İndi mən bu məsələdən çox danışa bilmirəm, sözün doğrusu, buna halım da yoxdur, bir az xəstə kimiyəm…

– Allah kömək olsun. Amma təcrübəli mütəxəssis kimi fikirləriniz çox maraqlıdır.

– Allah hamıya kömək olsun. Dediyim kimi, əsas məsələ odur ki, düşmənin dağıtdığı, viran qoyduğu kənd və qəsəbələrə kimlər qayıdıb, orada yaşamaq istəyir? İnventarizasiya eləmək lazımdır ki, hansı kənddə nə qədər əhali yaşayıb, indi kimlər gedəcək? Yaxud kimlər getmək istəmir və nə üçün? Yəqin ki, əhalinin o ərazilərə qayıdışı könüllü olmalıdır, zorla olası deyil ki! Lakin əhalinin oraya qayıdıb-qayıtmayacağını müəyyənləşdirmək üçün birinci növbədə inventarizasiya işləri aparmaq lazımdır. Əgər insanlar qayıdıb orada yaşamayacaqsa, dövlət niyə xərc çəkib kənd salmalıdır ki?! Qaçqınkom və ya digər təşkilatlar inventarizasiya işləri aparmaqla bu məsələni bəri başdan müəyyənləşdirməlidir. Məcburi köçkünlərlə birbaşa əlaqədə olan dövlət təşkilatı Qaçqınkomdur, yəqin ki, həmin ailələrin problemlərini onlar qədər heç bir təşkilat bilməz. Bu, elə də asan məsələ deyil, buna səthi yanaşmaq olmaz, hər şey köklü şəkildə öyrənildikdən sonra qərar verilməlidir. Çünki son 30 ildə bu insanların əksəriyyəti ev tikib, özünə müəyyən şərait qurub, iş yeri-filan… Hətta bəziləri sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq özlərinə biznes qurublar – insanların həyat şəraiti və məşğulluğu baxımından bunlar çox vacib məsələlərdir. Nəzərə almaq lazımdır ki, məcburi köçkünlərin 90 faizi vaxtilə kənd təsərrüfatı sahələrində işləmiş adamlardır. İndi onların çoxu uzun müddətdir torpaqdan uzaqlaşıblar, fərqli bir mühitdə yaşayırlar və bu mühitə uyğunlaşıblar. Bu insanları 30 il əvvəlki həyata qaytarmaq, onların yeni şəraitə və mühitə uyğunlaşmaları üçün xeyli vaxt lazım olacaq.

– Siz yəqin, xüsusilə də iri şəhərlərdə məskunlaşmış məcburi köçkünləri nəzərdə tutursunuz.

– Əlbəttə, bunların hamısı ərazilərin bərpası və köçürülmə prosesinə çox ciddi təsir edən amillərdir. İndi 30 ilə yaxın şəhər mühitinə uyğunlaşmış insanların yenidən kənd həyatına qayıdaraq torpaqla, əkin-biçinlə məşğul olması bir az çətin olar. Ona görə də bu işlərin hamısı xüsusi proqram əsasında həyata keçirilməlidir. İşğaldan azad edilən ərazilərin bir hissəsində indi yollar, elektrik xətləri çəkilir, yəqin ki, tezliklə ümumi plan əsasında rayon mərkəzlərində su, qaz və digər infrastruktur da qurulacaq. Çünki kommunikasiya xətləri şəhərsalmaya nisbətən asan məsələdir. Amma şəhərsalma planları bir az mürəkkəb işdir, orada hər bir iş dəqiq ölçülüb-biçilməli, yenidən qurulacaq kənd və qəsəbələrə, şəhərlərə hansı gücdə elektrik enerjisi veriləcəyi göstərilməlidir. Yaxud bərpa olunacaq kəndin təbii qaza, içməli suya tələbatı dəqiq hesablamalar tələb edir və bu həcmlər şəhərsalma sənədlərinə uyğun şəkildə həll edilməlidir. Yəni, şəhərsalma planları orada yaşayacaq əhalinin sayına, məşğulluğuna, sosial xidmətlərə əlçatanlığına hesablanmalıdır. Yenə də orada yaşayacaq əhalinin sayı və tərkibi məsələsi ortaya çıxır. Əhalinin say tərkibində yaşlı və gənc nəslin payı da müəyyənləşməlidir ki, məşğulluq və işçi qüvvəsini hesablayıb, şəhərsalma planında bunları nəzərə ala biləsən. Bundan sonra müəyyən olunacaq ki, hansı kəndi bərpa etmək lazımdır, hansını yox. Digər məsələləri dövlət başçısı özü proqram şəklində əhaliyə də, aidiyyəti strukturların rəhbərlərinə də çatdırıb. Aidiyyəti qurumların rəhbərləri prezidentin nə demək istədiyini başa düşməlidir, mənə elə gəlir ki, başa düşürlər də. Amma yenə deyirəm, məcburi köçkünlərin qayıdışı ilə bağlı inventarizasiya mütləq aparılmalıdr. Əks halda, işğaldan azad edilmiş ərazilərə kimlərin qayıtmaq istədiyi, kimlərin istəmədiyini müəyyənləşdirmək çətin olar. Bu isə gələcəkdə həmin ərazilərdə həyatın bərpası məsələlərinə mənfi təsir göstərər. Ona görə də bərpa proqramını hazırlayan qurumlar və onun icrasına məsul şəxslər belə məqamları çox ciddi şəkildə nəzərə almalıdırlar. Yəni, Qarabağa qayıdış planı hərtərəfli işlənməlidir.

– Görünən odur ki, məcburi köçkünlər arasında əvvəlki yaşayış yerinə qayıtmaq arzusunda olanlar üstünlük edir. Çox az adam olar ki, öz yurduna qayıtmaq istəməsin…

– Sözün düzü, mən bu məsələdə nəsə deməyə çətinlik çəkirəm. Mənə elə gəlir ki, reallığa daha yaxın olanı inventarizasiya göstərəcək. Çünki respublikanın müxtəlif regionlarında məskunlaşan bəzi məcburi köçkünlərin xeyli hissəsi öz vəsaitləri hesabına ev-eşik qurub, digər qismi isə dövlət tərəfindən mənzillə təmin edilib. Amma belə ailələr arasında müəyyən səbəblərə görə kənddəki evinin qapısını bağlayıb Bakıya köçənlər, burada “podval”da yaşayanlar da var. Ona görə də belə məsələləri ancaq inventarizasiya vasitəsilə müəyyən etmək olar.

– Sizcə, ərazilərin bərpası, öz yurduna qayıtmaq istəyən məcburi köçkünlərin qayıdışı üçün nə qədər vaxt tələb olunur?

– Bunu demək çox çətindir. Çünki ərazilərin minalardan təmizlənməsi vaxt aparan məsələdir. Ərazilərin bərpası və köçürülmə bundan asılıdır. İkincisi isə inventarizasiya işləri aparılmalıdır ki, Qarabağa qayıdacaq əhalinin sayı dəqiqləşdirilsin və buna uyğun bərpa-tikinti planları həyata keçirilsin. Yaşayış məntəqələrinin nə vaxt, hansı müddətdə bərpa olunacağı, mənzil fondu, sosial obyektlər, infrastruktur, iş yerləri və digər məsələlər inventarizasiyanın nəticələrindən asılıdır. Bu iş planlı şəkildə olsa, məcburi köçkünlərin öz yurduna qayıdışı daha rahat və tez başa gələr.

– Abid müəllim, sonda bir məsələ ilə bağlı da rəyinizi öyrənmək istərdik. Mediada nəvənizin Şəkidə otel kompleksi inşa etməsi barədə xəbərlər yayılıb. Bu haqda nə deyə bilərsiniz?

– Vallah, danışa bilmirəm, o işin də mənə aidiyyəti yoxdur. Heç o bərədə dəqiq məlumatım da yoxdur. Nəvəm sahibkar kimi özünə xırda bir iş qurmaq istəyir, amma bunu şişirdirlər. Sağ olun… //pressklub.az//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir