ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində fəaliyyət göstərən tanınmış jurnalist Raul Kontrerasın (Raoul Contreras) müəllifliyi ilə fevralın 23-də Xocalı soyqırımına həsr olunmuş televiziya verilişi yayımlanıb. Veriliş müəllifin “The Contreras Report: International Edition” müəllif proqramı çərçivəsində hazırlanıb.
Qeyd edək ki, R.Kontreras “Dağlarda qətl: Xocalıda hərbi cinayət və Dağlıq Qarabağ münaqişəsi” və “Erməni lobbisi və ABŞ-ın xarici siyasəti” kitablarının müəllifidir və onun indiyədək Azərbaycan haqda bir sıra nüfuzlu mətbu orqanlarında çoxsaylı məqalələri dərc olunub.
Sözügedən verilişdə müəllif 1992-ci ilin fevralında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərinə hücum edərək, uşaqlar və qadınlar da daxil olmaqla çoxlu sayda insanı qətlə yetirdiklərini vurğulayır. Müəllif həmçinin erməni cəlladlarının əsir götürdükləri azərbaycanlılara qarşı ağılasığmaz işgəncələr verdiklərini diqqətə çatdırır.
R.Kontreras Xocalı qırğınının soyqırımı olduğunu bildirir və bunu insanlığa qarşı törədilmiş cinayət adlandırır.
Müəllif Xocalı soyqırımı haqda qərb müəlliflərinin yazdığı kitablar haqda məlumat verir. O, həmçinin sözügedən soyqırımında iştirak etmiş Kaliforniyadan olan erməni terrorist Monte Melkonyanın qardaşının yazdığı kitabdan və Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın mövzu ilə bağlı müsahibəsindən sitatlar gətirərək, ermənilərin Xocalıda törətdikləri vəhşilikləri necə etiraf etdiklərini diqqətə çatdırır.
R.Kontreras Xocalı soyqırımını törədənlərin indiyədək cəzalandırılmadığını, onlardan bir çoxunun Ermənistanda milli qəhrəman səviyyəsinə qaldırıldığını və hökumətdə yüksək vəzifə tutduğunu vurğulayır.
Müəllif daha sonra Xocalı şahidlərinin öz dilindən Xocalıda törədilmiş vəhşiliklər haqda qısa video-sujet təqdim edir.
[media=https://youtu.be/uUs7ZvWdnr8]