Dünən axşam saatlarından etibarən hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar olaraq Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
FHN-dən verilən məlumata görə, hava şəraiti ilə əlaqədar olaraq köməksiz vəziyyətdə qalma halı ilə bağlı nazirliyin “112” qaynar telefon xəttinə vətəndaşlar tərəfindən müxtəlif zənglər daxil olub və FHN-in xilasetmə qüvvələri tərəfindən müvafiq xilasetmə əməliyyatları həyata keçirilib:
“Bir daha vətəndaşlarımızı piyada və sükan arxasında olarkən ehtiyatlı olmağa, hava şəraiti ilə əlaqədar olaraq təhlükəsiz davranış qaydalarına əməl etməyə çağırırıq.
Yolların buz bağlaması zamanı necə hərəkət etməli:
hava proqnozunda yolların buz bağlayacağı haqqında məlumatı izləyin;
ayaqqabını sürüşməyə qarşı hazırlayın – ayaqqabının dabanına metal basma, quru altlığa isə
yapışqan plastır, yaxud izolyasiya lenti yapışdırın. Altlığı qum və ya sumbata kağızı ilə sürtün;
ehtiyatla, tələsmədən, ayaqqabını yerə bütövlükdə basaraq hərəkət edin. Bu zaman ayaqlar azca zəiflədilmiş, əllər boş olmalıdır;
yaşlı insanların rezin ucluqlu əsadan, yaxud ucları batıcı olan xüsusi çubuqdan istifadə etməsi tövsiyə olunur;
sürüşsəniz zərbənin gücünü azaltmaq ücün oturun;
yıxılanda özünüzü toparlayın,qollarınızı büküb diyirlənərək zədə almaqdan qorunun;
sürüşərək zədə almısınızsa, təcili tibbi yardıma müraciət edin”.