Sabah güləş üzrə Kiyev turniri start götürəcək.
Ukraynanın məşhur güləşçilərinin və məşqçilərinin xatirəsinə keçiriləcək ənənəvi XXIV yarışda ölkəmizi sərbəst və qadın güləşçilərimiz təmsil edəcək.
Sərbəst güləş yığmamız böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında turnirdə 12 idmançı ilə çıxış edəcək. Heyətdə Mahir Əmiraslanov, Əfqan Xaşalov, İslam Bazarqanov (hamısı 57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Əli Rəhimzadə, Turan Bayramov (hər ikisi 65 kq), Cəbrayıl Hacıyev (70 kq), Əşrəf Aşırov (74 kq), Rəşad Yusifli (79 kq), Osman Nurməhəmmədov (92 kq), İslam İlyasov (97 kq) və Vahid Qalayev (125 kq) yer alıb.
Fevralın 28-dək davam edəcək yarışda qadınlardan ibarət millimiz doqquz güləşçiylə qüvvəsini sınayacaq. Baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Türkan Nəsirova (50 kq), Leyla Qurbanova, Tatyana Varansova (hər ikisi 53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (62 kq), Elis Manolova (65 kq), İrina Netreba (68 kq), Gözəl Zutova və Səbirə Əliyeva (hər ikisi 76 kq) Kiyevdə uğur qazanmağa çalışacaq.
Qeyd edək ki, görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakimlər – Vaqif Zeynallı və Həbib Nurulu təmsil edəcək.
Onu da bildirək ki, bu yarış 18-21 mart tarixlərində Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək Avropa Olimpiya Təsnifat turniri öncəsi son sınaqdır. Bu yarışdan sonra hər çəkidə Olimpiadaya lisenziya qazanmaq istəyən bir güləşçinin adı müəyyənləşdiriləcək.