Manşet

“Azərbaycanda Türk Ordusunun kiçik modelini yaratmaq əzmindəyik”

 

 

“Mən müharibə dövründə demişdim və bu, hər kəsə bəllidir ki, Türkiyə Ordusu dünya miqyasında ən güclü ordular sırasındadır, NATO-da güc baxımından ikinci ordudur. Biz də Azərbaycanda Türk Ordusunun kiçik modelini yaratmaq əzmindəyik. Artıq bu sahədə əməli-praktiki işlərə start verilib”.

Bunu Prezident İlham Əliyev ötən gün yerli və xarici media nümayəndələri üçün keçirilən mətbuat konfransında deyib.

Dövlət başçısı bildirib ki, Türk Silahlı Qüvvələrinin modeli bizim üçün ən məqbul modeldir. Bundan sonra bu istiqamətdə də bərabər çalışacağıq:

“Müharibə dövründə biz yeni təcrübə topladıq. Çünki bizim ordumuz demək olar ki, müharibələrdə iştirak etmirdi. Sadəcə olaraq, bu sahəyə, necə deyərlər, nəzəri baxımdan yanaşırdı. İndi müharibə çox böyük bir təcrübədir. Biz bu təcrübədən düzgün nəticə çıxarmalıyıq. Böyük uğurlarımız olub. Eyni zamanda, müharibə dövründə müəyyən çatışmazlıqlar da olub. Biz bunu da gizlətmirik. Müharibə dövründə Ali Baş Komandan kimi qəbul etdiyim qərarlar, o cümlədən hərbi heyətlə bağlı qəbul edilmiş qərarlar məhz onu göstərir ki, müəyyən problemlər də üzə çıxmışdı, amma biz onları həll etdik.

Türkiyə ilə Azərbaycan arasında çox geniş qanunvericilik bazası var. Bir çox sənədlər, müqavilələr imzalanıb. Onların arasında elə sənədlər var ki, orada qarşılıqlı hərbi yardım məsələləri də təsbit edilib.

Müharibə dövründə ilk günlərdən əziz qardaşım, hörmətli Prezident açıqlamalar verdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, bir çoxları üçün mesaj oldu ki, kənarda durun, müdaxilə etməyin, Azərbaycana mane olmayın. Türkiyənin müdafiə naziri hörmətli Hulusi Akar, xarici işlər naziri hörmətli Mövlud Çavuşoğlu, digər yüksək vəzifəli rəsmilər birmənalı olaraq Azərbaycana dəstək verdilər. Bu, bizə çox böyük siyasi və mənəvi dəstək oldu. Eyni zamanda, bütün dünyaya bir siqnal oldu ki, kənarda durun, müdaxilə etməyin.

Bu gün də bu, davam edir. Türkiyə və Azərbaycan iki qardaş ölkə, dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir. Bizim hərbi əməkdaşlığımız gündən-günə möhkəmlənir. Türkiyədən yeni silahların alınması istiqamətində işlər aparılır. Bu barədə mən artıq məlumat verdim, o silahlar yaxın zamanlarda gələcək. Bizim ordumuz daha güclü, daha müasir olmalıdır. Türk Silahlı Qüvvələrinin modeli bizim üçün ən məqbul modeldir. Bundan sonra bu istiqamətdə də bərabər çalışacağıq”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir