Manşet

Kremlin NATO-ya qarşı “Qarabağ kartı”: – Qafqaz üçün təhlükəli plan

“Gürcüstanla NATO arasında hərbi əməkdaşlığın artması Dağlıq Qarabağdakı vəziyyətə mənfi təsir göstərə bilər”.

Qərargah Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Birləşmiş rəisi Anatoli Sidorov jurnalistlərə açıqlamasında belə deyib. O, Rusiyanın vasitəçiliyi sayəsində Dağlıq Qarabağ ərazisindəki hərbi əməliyyatların dayandırıldığını və böhranın həlli prosesinin başladığını vurğulayıb.

“Bölgədəki vəziyyətin inkişafına mənfi təsir göstərə biləcək amil Gürcüstan və NATO arasında hərbi əməkdaşlığın gücləndirilməsidir”-deyə Sidorov bildirib.

Onun sözlərinə görə, Gürcüstan və NATO liderlərinin 2020-ci ildə Brüsseldəki görüşlərindən sonra əməkdaşlığa NATO-Gürcüstan tədbirlər paketi əlavə olunub və 2021-ci ildə döyüş hazırlığı tədbirlərinin sayının artırılması barədə razılığın əldə edilib. Paketə həmçinin, alyans gəmilərinin Gürcüstan limanlarına səfərlərinin sayını artırmaq və Gürcüstan Silahlı Qüvvələrini NATO standartlarına çatdırmaq üçün Tbilisiyə maliyyə yardımının göstərilməsi daxildir.

“Respublika ərazisi və Qara dəniz hövzəsi üzərində hava məkanına nəzarətin təmin edilməsi daxil olmaqla, ABŞ-ın bölgədəki hərbi mövcudluğunun gücləndirilməsi məsələsinə də baxılır”.

“Bu hərbi fəaliyyət Qafqazdakı gərginliyin qorunmasına və regional təhlükəsizlik səviyyəsinin azaldılmasına kömək edəcək”-deyə KTMT-nin birləşmiş Qərargah rəisi bəyan edib.

Anatoli Sidorovun açıqlaması Qara dəniz və Cənubi Qafqaz regionunda Rusiya-ABŞ geosiyasi qarşıdurmasının yeni və gərgin mərhələyə daxil olmasından xəbər verir.

Co Baydenin prezident seçilməsindən sonra adıçəkilən bölgələrdə ABŞ-ın öz hərbi təsirini artırmağa çalışır. Bu plana Gürcüstanın NATO-ya qəbulu da daxildir. Ağ Evin səylərinə Rusiya artıq sərt reaksiya verməyə başlayıb.

KTMT rəsmisinin sözləri bu baxımdan, Gürcüstana ciddi xəbərdarlıq mesajıdır. Eyni zamanda, Ermənistanda Qərbyönümlü Paşinyan hakimiyyətinin hərbi qiyam yolu ilə devrilməsi cəhdləri və Dağlıq Qarabağdakı gərginliyin NATO-nun Cənubi Qafqaz siyasəti ilə əlaqələndirilməsi geosiyasi qarşıdurmanın miqyasının Gürcüstanla kifayətlənmədiyini göstərir. Son günlər bölgədə cərəyan edən hadisələr Rusiyanın Cənubi Qafqaz ölkələrinə təzyiqinin artması ilə müşahidə olunur. Çox güman ki, Sidorov NATO-ya qarşı Qarabağ “kartı”ndan istifadə etməklə Azərbaycana təhlükəsizliyin yeganə təminatının KTMT olduğunu xatırladıb. O, Azərbaycana təhlükəsizliyin yeganə təminatı kimi KTMT olduğunu nümayiş etdirməyə çalışıb.

Yəni ismarıc Azərbaycanı KTMT-yə üzv olmağa çağırışdan ibarətdir. Sidorov demək istəyir ki, əks təqdirdə, Rusiya NATO-ya qarşı mübarizədə bütün vasitələrə əl ata bilər. Azərbaycan KTMT-yə üzv olarsa, Rusiya onun təhlükəsizliyinə şərait yarada bilər. Gürcüstanda ABŞ-a yaxın kursu ilə seçilən və eks-prezident Mixeil Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliya həbs edilib. Buna etiraz olaraq, birləşmiş müxalifət kütləvi aksiyalara başlayıb. Etirazçılara Meliyanın azadlığa buraxılmasını və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edir. Gürcüstan hökuməti daxilində fikir ayrılığının artması müxalifəti yenidən fəallaşdırıb.

Aksiyaların davamlı olması və ABŞ səfirliyinin Gürcüstan müxalifətinə açıq dəstəyi ölkədə yeni inqilab ab-havası yaradıb. Bu prosesi təhlükə kimi qarşılayan Rusiya yalnız ABŞ başda olmaqla NATO-ya xəbərdarlıq etmir. Kreml A.Sidorovun dili ilə bölgənin “ağası” olduğunu Vaşinqtona xatırlatmaq istəyir. Ermənistanda baş verənlər də analoji prosesin tərkib hissəsidir. ABŞ-ın dəstəyi ilə hakimiyyətə gəlmiş Nikol Paşinyanı hərbi qiyam yolu ilə devirmək planının Rusiyaya məxsus olduğu deyilir. Ermənistan Silahlı Qüvvələrinin Baş qərargah rəisi Moskvanın razılığı ilə təyin edilmiş şəxsdir və onun atdığı bütün addımlar Kreml tərəfindən koordinasiya edilir. Ona görə də Ermənistan hərbi elitasının Paşinyanı devirmək göstərişinin məhz Rusiyadan gəldiyi şübhə doğurmur. Görünür, 2020-ci ilin noyabrın 10-da Azərbaycan və Rusiya ilə üçtərəfli bəyanatı imzalayan Nikol Paşinyan artıq öz vəzifəsini icra etmiş sayılır. Regionda geosiyasi mövqelərini möhkəmlədən Rusiya indi yeni və daha kəskin şərtlərlə çıxış edir.

Həmin plana ABŞ-a yaxın qüvvələrin Ermənistandan çıxarılması və Kremlin təmsilçisinin hakimiyyətə gətirilməsi daxildir. Ermənistanda keçirilən aksiyalarn gedişinə nəzər salınsa, ölkə iki siyasi qütbə bölünmüş durumdadır. Hətta paytaxt İrəvanda belə, iki siyasi qüvvə qarşı-qarşıya dayanıb. Bir tərəfdə, Rusiyanın göstərişi ilə hakimiyyəti devirməyə çalışan müharibə tərəfdarları, hərbçilər, Qarabağ klanının nümayəndələri, digər tərəfdə isə Paşinyanın elektoratı. Onlar əsasən “məxməri inqilab”ın tərəfdarları, gənclər, müharibə əleyhdarları, Rusiyaya mənfi münasibəti ilə seçilənlər və Qarabağ klanının hakimiyyətə gəlməsinə qarşı çıxan İrəvan klanının fəallarıdır.

“Rusiya “sorosçuları” devirə bilsə…”

Ekspertlərin fikrincə, Paşinyan hakimiyyətdə qalmağı bacarsa, Rusiya Müdafiə Nazirliyinin Baş Qərargahının (QRU) casus şəbəkəsini Ermənistan ordusundan təmizləyəcək. Bu isə Rusiyanın Ermənistanı tamamilə itirməsi ilə nəticələnə bilər. Əgər Kreml “sorosçular”ı devirib özünə yaxın şəxsi Ermənistanda hakimiyyət başına gətirsə, bu, ABŞ-la ciddi regional qarşıdurmaya səbəb olacaq.

Belə olan təqdirdə, radikalların Azərbaycanla sülh sazişi bağlayacağı və ərazi iddialarına imtina edəcəyi inandırıcı görünmür. Bu da Azərbaycan və Türkiyə ilə birlikdə Ermənistanın “Altılıq” formatı çərçivəsində əməkdaşlıqdan imtina etməsi, bölgədə hərbi gərginliyin yenidən baş qaldırması deməkdir. Lakin Paşinyanın fevralın 25-də “”Respublika” meydanında keçirdiyi mitinqdə daha çox tərəfdar toplaması hakimiyyətini qoruyub saxlaması ilkə nəticələndi. Hərbi qiyam demək olar ki, baş tutmayıb. Ermənistan mətbuatının yazdığına görə, bu qədər çoxsaylı insanın dəstək üçün meydana çıxması Paşinyanın tərəfdarları üçün gözlənilməz olub. Onlar mitinqdən məmnun gediblər.

Lakin siyasi analitiklər Paşinyanın narazı kütləni sakitləşdirmək üçün çox keçmədən növbədənkənar seçkilərə gedəcəyini proqnozlaşdırır. Baş nazirin hazırda Rusiya ilə danışıqlar aparmaqla çox güman ki, Moskva ilə anlaşmaya nail olmağa çalışır. Bunu daha çox N.Paşinyanın Rusiyanın təzyiqlərindən yayınmaq və seçkilərə qədər vaxt qazanmaq cəhdi kimi qiymətləndirmək olar. Bayden adminitsrasiyası isə hələlik Cənubi Qafqazla bağlı strategiyasını elan etmədiyindən baş verənlərə ətraflı mövqe bildirməyib. Ona görə də Rusiyanın fəallaşması ABŞ-ı qabaqlamaq cəhdindən xəbər verir.

“Rusiyalı hərbçi Putinin mövqeyini Qərbə çatdırmağa çalışıb”

Politoloq Fərrux Məmmədov hesab edir ki, A.Sidorovun açıqlaması birbaşa Dağlıq Qarabağ probleminə yönəlmiş mesaj deyil. Rusiyalı hərbçi əslində Putinin mövqeyini KTMT-nin vasitəsilə ABŞ-a, NATO-ya, Avropa Birlyinə və Türkiyəyə çatdırmağa çalışıb:

“Sidorov demək istəyir ki, Rusiya NATO-nun genişlənməsindən narahatdır. Çünki NATO-nun təqdim etdiyi bərabərhüquqlu, demokratik alyans bizim idarə etdiyimiz, vassal asılılığına sürüklənmiş bir sistemə olduqca ziddir. Çünki siz azadlığı, demokratiyanı, müstəqilliyi təmsil edən bir qurum olduğunuz halda biz köləlik, işğal siyasəti yürüdürük və ətrafımızda olan və özümüzə tabe etdiyimiz ölkələrin sizə tərəf qaçması gözləniləndir. Bu isə Rusiyanın təsiretmə mexanizminin kiçilməsinə səbəb olur. Gürcüstanın NATO-ya qəbul edilməsi Cənubi Qafqazda məhv olan güclər balansının yeni mərhələsinin başlanması deməkdir. Rusiya bu prosesə qarşıdır.

Əgər ABŞ və NATO belə bir addım atarsa, biz Dağlıq Qarabağa açdığımız dəhlizdən istifadə edərək Azərbaycanın işğalına başlayacağıq. Bu, bütün beynəlxalq hüquq normalarına zidd olsa belə, biz eyni ssenarini Cənubi Qafqazda tətbiq edəcəyik. Amma Rusiyanın ehtiyat etdiyi bir amil var. Bu da Türkiyədir. Biz Türkiyə ilə qarşı-qarşıya gəlmək istəmirik. Ona görə sizdən ricamız bundan ibarətdir ki, Gürcüstanın NATO-a daxil olmasını, yaxud NATO-nun Cənubi Qafqaza gəlişini dayandırasınız. Görünür, Rusiya hərbi kəşfiyyatı Gürcüstanın NATO-ya üzv qəbul ediləcəyinə dair alyansın özündən və ya ABŞ-dan gizli məlumatlar əldə edə biliblər. Ona görə də KTMT artıq siyasi deyil, hərbi şantaja keçib. Həmin şantajın bir tərəfi Azərbaycana, digər istiqaməti Qərbə yönəlib. Rusiya hər iki tərəfi Dağlıq Qarabağda nəzarətində olan əraziləri genişləndirmək, orada münaqişəni yenidən alovlandırmaq və daha geniş fazaya daşımaqla təhdid edir. Bununla da Sidorov Azərbaycanın işğaldan azad edilmiş ərazilərində sabit yaşayışın təmin olunmasına Rusiyanın maneə yaradacağını demək istəyir. Bu da olduqca təhlükəlidir. Ona görə də Azərbaycan xarici siyasət strategiyasında ciddi dəyişiklilər etməlidir”.

“Moskva Cənubi Qafqazda mövqelərinin zəiflədiyini anlayır”

Fərrux Məmmədovun sözlərinə görə, hazırda Gürcüstanda, Azərbaycanda və Ermənistanda baş verən proseslər kompleks yanaşma nümayiş etdirlməlidir. Yəni, Cənubi Qafqazda cərəyan edən proseslər region ölkələrinə təsir göstərir:

“Ermənistanda çevrilişə cəhd, Gürcüstanda demokratların susdurulması Rusiyanın bölgədəki demokratikləşməni fəal şəkildə dəstəkləmədiyindən xəbər verir. Rusiya Cənubi Qafqazda getdikcə mövqelərinin zəiflədiyini anlayır. Xüsusilə Gürcüstanın NATO yolunda olması, Ermənistanda Dağlıq Qarabağ məsələsi ilə bağlı vəziyyətin Rusiyanın deyil, Azərbaycanın lehinə dəyişməsi Moskvanı narahat edir. Ona görə də Ermənistanda ordunun vasitəsilə hakimiyyəti devirmək cəhdi Rusiyanın Cənubi Qafqazda fəlakətlərə yol aça biləcək ssenarilər hazırladığını göstərir. Bu ssenarinin başı Gürcüstan, sonrakı yeri isə Ermənistandır. Növbəti hədəf isə Azərbaycandır. Ona görə də Azərbaycan Milli Təhlükəsizlik Konsepsiyasında NATO və Türkiyə ilə əməkdaşlığa önəm verməlidir. Çünki Rusiya aqressiyası artıq qapıdadır və bu yatmış vulkanın püskürməsinə bənzəyir. Rusiya 2023-cü ildə Türkiyədə keçiriləcək prezident seçkilərinə qədər Cənubi Qafqazda partlayışa səbəb olacaq siyasi mühit formalaşdırır. Gürcüstanda da gərgin proseslər davam edəcək. İvanişvilinin vasitəsi ilə Rusiyanın Gürcüstanın NATO-ya gedən yolunu kəsməsi, Ermənistanda çevriliş cəhdi və Azərbaycanda “5-ci kolon”un fəallaşması qeyd edilən təhlükələri təsdiq edir. Hətta Paşinyana susi-qəsd olunacağı istisna edilmir”.

“Belə olarsa, Rusiya Azərbaycanı təhdid edə bilməz”

Politoloq hesab edir ki, Azərbaycan dövləti də Avroatlantik məkana inteqrasiyanı qarşıya məqsəd qoyması mövcud təlükələrin qarşısını almağa şərait yarada bilər:

“Azərbaycan Milli Təhlükəsizlik Konsepsiyasında Dağlıq Qarabağdakı status-kvonun ləğv edilməsi öz əksini tapmalı, beynəlxalq konvensiyalarla eyni hüquq müstəvisinə uyğunlaşdırılarsa, Azərbaycan özünün ərazi bütövlüyünü Rusiyadan qoruya bilər. Bu halda, Azərbaycanın milli təhlükəsizliyi beynəlxalq konvensiyalarla qorunmuş olar. Belə olarsa, nə Rusiya, nə KTMT Azərbaycanı təhdid edə bilməz”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir