Manşet

Mədət Quliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsi sədrini qəbul etdi

Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsi sədri, general Nadim Razanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Nazirlik məlumat yayıb.

Bildirilib ki, görüşdə Azərbaycan və Pakistan arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Daha sonra Mədət Quliyev Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Zəfərdən söz açıb. Pakistanın Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda apardığı haqlı mübarizədə daim xalqımızın yanında olduğunu vurğulayan nazir dost ölkənin siyasi, mənəvi dəstəyini və qəti mövqeyini yüksək qiymətləndirib.

Qonaqlar həmçinin Ermənistanın işğalı nəticəsində Azərbaycana vurulmuş maddi və mənəvi zərər barədə məlumatlandırılıblar.

Nümayəndə heyətinin tərkibində yer alan Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Yaheen Azərbaycan və Pakistan arasında siyasi və digər sahələrdə, o cümlədən hərbi sahədə əməkdaşlığın inkişafı istiqamətində səylərin birləşdiriləcəyindən və bu əlaqələrin dünyada sülhün bərqərar olunması işinə böyük töhfə verəcəyindən əminliyini bildirib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir