Son günlər Azərbaycanda yoluxma sayının artması bir sıra sualları ortaya çıxarıb. Hamını narahat edən sual isə yenidən sərt karantin rejiminin tətbiq olunub-olunmayacağı ilə bağlıdır. Hazırda yoluxma sayının artmasına səbəb nədir?
Bizimlə söhbətdə həkim-infeksionist Nilufər Məmmədova bildirib ki, hazırda ölkədə epidemioloji vəziyyət narahat doğuracaq səviyyədə deyil: “Azərbaycanda mərhələli şəkildə sərt karantin rejimi tətbiq edilir. Mərhələli olaraq qapanmaların, yenidən açılmaların olacağını öncədən biz gözləyirdik. Təbii ki, tam qapanma ciddi sosial-iqtisadi böhrana səbəb ola biləcəyi üçün mərhələli şəkildə qapanma əksər ölkələr üçün daha uyğundur. Karantin rejiminin ləğv olunduğu zaman yoluxma sayında artımın olması gözləniləndir. Düşünürəm ki, son günlər müşahidə edilən yoluxma sayı stabil qalsa, yenidən tam qapanmaya ehtiyac qalmayacaq.
Əgər rəqəmlərdə ciddi bir artım müşahidə edilərsə, həkimlər, tibb işçiləri yüklənmiş formada çalışarlarsa, yenidən qapanmalar ola bilər”.
İnfeksionistin sözlərinə görə, yoluxma sayının artmasında məktəblərin, universitetlərin, bağçaların açılmasının böyük rolu var: “İstər-istəməz ictimai nəqliyyatdan istifadə edənlərin sayı artıb. İctimai nəqliyyatın yükləmə ilə işləməsi, təhsilin yenidən bərpa olunması yoluxma sayının artmasına təsir edib.
Yoluxmanın hansı həddə kimi təhlükəli olmasını əvvəlcədən demək də mümkün deyil. Xəstəxanaların, ayrılmış səhiyyə ocaqlarının tam dolması zamanı artıq yoluxma təhlükə yaradır. Bu zaman stasionar ehtiyacı olan xəstələri yerləşdirmək mümkün olmur. Ancaq o həddə biz hələ ki çatmamışıq”.
Azərbaycan Tibb Universitetinin dosenti, infeksionist İlham Bayramov da mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Yoluxma sayının artmasını məktəblərlə əlaqələndirmək olar. Amma məktəblər bağlansa da, bu göstəricilər bəzən yüksək olur. Ola bilsin xarici ölkələrə gediş-gəlişin açılması da təsir göstərib. Eyni zamanda ilin soyuq, fəslin dəyişən vaxtıdır.
Bununla belə, son günlər yoluxma sayı elə də yüksək səviyyəyə qalxmayıb, bizə müraciət edənlər da əvvəlki dövrlə müqayisədə elə çox deyil. Təhsil müəssisələrinin də bağlanması üçün əsas yoxdur. Bizə heç hərarəti olan tələbə də müraciət etməyib. Amma qarşıdan Novruz bayramı gəlir, hər şey insanlardan asılıdır. Ara məsafəni gözləsinlər, adamlar çox olan yerə getməsinlər. Qaydalara əməl olunsa, sərt karantinə də ehtiyac qalmaz. Hazırda vaksinasiya aparılır. İlk olaraq 65, indi 50 yaşda olanlar peyvənd olunur, yavaş-yavaş yaş kateqoriyası aşağı düşəcək. Fikrimcə, müsbətə doğru gedirik”.
İ.Bayramovun sözlərinə görə, yoluxma sayı 4-5 minə çatsa, təhlükəli sayılır: “Bu zaman sərt karantin təyin oluna bilər. 400-500 nəfərlik yoluxma təhlükəli rəqəm deyil, bundan da kəskin respirator infeksiyalarda daha çox adam yoluxurdu. Sadəcə, infeksiya epidemiya ərəfəsindədir, insanlarda da xəstəliyə qarşı fobiya yaranıb. Hazırda insanların daha çox maariflənməsinə ehtiyac var. Görürsən işi olmayan, yanaşı xəstəlikdən əziyyət çəkən insanlar maskasız gəzirlər. Bunlar çox təhlükəlidir.
Düşünürəm ki, indiki yoluxma sayı ilə sərt karantin tətbiq olunmaz. İndi bizə müraciət edənlərin sayı da azalıb. Bir çoxunda da koronavirus mədə-bağırsaq pozuntusu ilə başlayır, 37.1, 37.2 hərarət olur. Ağciyərlərdə hər hansı şikayət olduğunu deyən yoxdur. Əvvəlkinə nisbətən yüngül keçir. İnsanlarda koronavirus aşkarlansa da, kliniki gediş əvvəlki kimi deyil, daha yüngüldür. Bundan əvvəl hərarət düşmürdü, 2-3 antibiotik təyin olunurdu. İlkin gündən boğulmalar müşahidə olunurdu. İndi insanlar xəstəliyi adi bir qrip kimi keçirir”.
Qeyd edək ki, bu gündən “Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ümumi təhsil müəssisələrinin pedaqoji və texniki heyəti üçün vaksinasiya prosesinə başlanılıb. Bu arada “Sinovac” şirkətinin istehsalı olan “CoronoVac” peyvəndinin Türkiyədə üçüncü klinik sınağının nəticələri açıqlanıb. Vaksinin təsirinin 83.5 faiz olduğu bildirilib.
Bundan başqa, sınağın nəticələrinə görə, “CoronoVac” peyvəndi vaksin olunmuş şəxsin xəstəxanaya yerləşdirilməsinin qarşısını 100 faiz alır.
Nəticələrə əsasən, peyvənd vurulandan sonra yorğunluq, baş, əzələ ağrısı, temperatur və titrətmə kimi hallar müşahidə olunub.
Pravda