“Əmək Məcəlləsinə ediləcək dəyişikliklər kənd təsərrüfatında müddətli mövsümi əmək müqavilələrinin bağlanmasını qadağan etmir”.
Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputat Vüqar Bayramov məlumat verib.
O bildirib ki, sözügedən məcəllənin 47-ci maddəsinə uyğun olaraq müddətli əmək müqaviləsinin bağlanması mümkündür:
“Həmin maddəyə əsasən, təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümi işlərin yerinə yetirilməsi zamanı, eləcə də işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda müddətli əmək müqavilələri bağlana bilər. Bu isə o deməkdir ki, kənd təsərrüfatında da mövsümi işlərin yerinə yetirilməsi zamanı bu növ müqavilələrdən istifadə oluna biləcək”.
Millət vəkili əlavə edib ki, məcəlləyə əsasən, işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən, işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda da müddətli əmək müqaviləsi bağlanıla bilər:
“Dəyişikliklə qanunvericiliyə əmək münasibətləri ilə bağlı aydın və ölçüləbilən meyarlar daxil edilir. Eyni zamanda, dəyişiklik əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmilləşdirilməsini yolverilməz hesab etsə də bu hal müddətli əmək müqavilələrin bağlanmasını qadağan etmir”.
V.Bayramov qeyd edib ki, dəyişikliklər Milli Məclisinin son plenar iclasında ikinci oxunuşda qəbul olunub.