Ordusu İkinci Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən darmadağın olunan Ermənistanın müxalif “Çiçəklənən Ermənistan” partiyası tərəfindən ölkədə hərbi vəziyyət rejiminin ləğvi təklif olunub.
“Sputnik Ermənistan” xəbər verir ki, qanun layihəsini müdafiə və təhlükəsizlik məsələləri komissiyasının iclası zamanı millət vəkili Arman Abovyan təqdim edib:
“Hərbi vəziyyət ölkədəki şəraitə uyğun gəlmir və bütün siyasi proseslər üçün böyük maneədir”.
O, qeyd edib ki, hərbi vəziyyətin qorunması yalnız siyasi məqsədlər daşıyır. Xüsusilə bu, baş nazirin istefasına hüquqi baxımdan maneə yaradır.
Qeyd edək ki, Ermənistanda hərbi vəziyyət 27 sentyabr 2020-ci ildə tətbiq olunub.
Xatırladaq ki, fevralın 26-da parlament şurası müxalif deputatların bu məsələ ilə bağlı Parlamentin növbədənkənar iclasının keçirilməsi təklifini müzakirə etməli idi, lakin iclas baş tutmayıb, çünki nə spiker Ararat Mirzoyan, nə də “Mənim addımım” fraksiyasının üzvlər iclasa gəlməyiblər.