Manşet

“Xankəndini azad etmək bir saatlıq işdir” – Vaxtı çatıb!

Rusiya sülhməramlı kontingentinin 7-ci kolonu Kəlbəcər rayonuna 130 ton humanitar yardım yükünü çatdırıb. Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, sosial obyekt və yaşayış evlərinin enerji və su təminatı sistemlərini bərpa etmək üçün Humanitar Yardım Mərkəzinin 20 “KamAZ” markalı hərbi avtomobili və müşayiət edən maşınlardan ibarət kolonna Kəlbəcər rayonuna elektrik avadanlığı, dəmir-beton konstruksiyaları və tikinti materiallarından ibarət yardım yükü çatdırıb. Nazirlik indiyədək 1 300 ton yükün tranzitinin təşkil edildiyini açıqlayıb.

İndiyədək daşınan humanitar yardımların altından nə çıxdığı məlumdur- mina, pulemyot, raket…Kaş bu dəfə fərqli olsun. Amma artıq nə ümid var, nə də inam.

Məkrli siyasət ortadadır. “Ağ” Parti sədrinin müavini, politoloq Əhəd Məmmədli rusların növbəti planı və Qarabağda baş verə biləcək proseslər barədə “Sherg.az”ın suallarını cavablandırdı:

-Qarabağa bu qədər humanitar yardımın daşınmasında məqsəd nədir?

-Kreml Ermənistanı özündən asılı vəziyyətə salmaq istəyir. Və orada müvafiq şərait yaradır. Məqsəd Azərbaycandan “güzəşt” istəmək və öz şərtlərini diktə etməkdir.

-Azərbaycanda hərbi təlimlərin başladığını və ermənilərin buna adekvat cavab verdiklərini nəzərə alsaq, növbəti müharibənin başlanması barədə nə düşünürsünüz?

-Təlimlər başlamazdan əvvəl də demişdim ki, hərbi əməliyyatlar bərpa oluna bilər. İrimiqyaslı savaş olmasa da, antiterror əməliyyatı mütləq keçiriləcək. Hər halda Ermənistanın hansısa müharibə üçün imkanlarının olmadığını unutmamalıyıq.

-Dediyiniz antiterror əməliyyatları təxminən nə vaxt keçirilə bilər?

-Çox yaxında. Daha dəqiq desəm, mart-aprel aylarında. Antiterror əməliyyatınıın keçirilməsinə dair ehtimallar getdikcə artır. Düşmənin təxribatları, təhrikləri bizə səbəb və imkan verir. Əgər bu fürsətdən istifadə etməsək, gələcəkdə növbəti “Qarabağ sindromu” ilə üz-üzə gələ bilərik.

-Deməli, birdəfəlik hələlik düşmən tapdağında olan digər torpaqlarımızın, o cümlədən Xankəndinin də taleyini həll edə bilərik?

-Əlbəttə. Xankəndini azad etmək bizim üçün bir saatlıq işdir. Sadəcə siyasi zəmin yaratmaq lazımdır. Azərbaycanın təmkinli mövqeyi də bu məqamla bağlıdır. Lakin, məncə, Xankəndinin Azərbaycanın yuridiksiyasına keçməyinin, orada bayrağımızın dalğalanmasının vaxtı çatıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir