Ukrayna ordusunun silahlanmasında artıq 50 ədəd “Bayraktar TB2” pilotsuz döyüş təyyarəsi var və onların hamısı Donbassda cəmləşdirilib. Separatçılara qarşı gözlənilən hərbi əməliyyatlarda tətbiq ediləcək.
Bu haqda avia.pro yazır. Bildirilir ki, bir neçə gün əvvəl Qatar Hərbi Hava Qüvvələrinin Kiyevə enən təyyarələri Ukraynaya azı 6 “Bayraktar TB2” çatdırıb. Martın 14-də isə Türkiyədən Ukrayna ərazisinə azı 30 “Bayraktar” göndərilib.
Bu isə o deməkdir ki, Ukraynanın sərəncamında hazırda 50 “Bayraktar TB2” var. Yəni söhbət kifayət qədər böyük gücdən gedir. Müqayisə üçün qeyd edilir ki, Azərbaycan ordusu Qarabağda bundan dəfələrlə az sayda “Bayraktar TB2” tətbiq etmişdi.
Xatırladaq ki, Ukrayna ordusu Azərbaycan ordusunun Qarabağdakı müharibə təcrübəsinin əsasında Donbassa nəzarəti geri qaytarmaq üçün hücum əməliyyatları planı hazırlayıb. Bu əməliyyatların hər an başlaya biləcəyi deyilir. Plana əsasən “Bayraktar TB2” pilotsuz döyüş təyyarələri separatçıların hava hücumundan müdafiə komplekslərini, təchizat anbarlarını, döyüş texnikasını Qarabağda olduğu kimi sıradan çıxaracaq. Ardınca quru qüvvələri hücuma keçəcək.
Sayt bildirir ki, Donbass separatçılarının əlində pilotsuz təyyarələrə qarşı effektiv mübarizə aparmağa imkan verən vasitələr yoxdur.
Virtualaz.org